Xəzərdə körpü layihəsi niyə təxirə salınıb?

Azərbaycan hökuməti Cənubi Koreya şirkətilə razılığa gələ bilməyib

Natiq Cəfərli: «Azərbaycanda heç bir layihənin beynəlxaq standartlara uyğun iqtisadi əsaslandırması yoxdur»

Bakı Buxtası üzərindən uzunluğu 26 km. “Bakı körfəzi dəniz körpüsü”nün inşa olunması nəzərdə tutulub. Körpünün dəniz üzərində bilavasitə uzunluğu 17 km. Olacaq. “Turan”ın məlumatına görə, layihə gündəmdə olsa da, onun həyata keçirilməsi çox böyük vəsait tələb edir və bununla bağlı müəyyən ləngimələr var. Bu barədə Nəqliyyat Nazirliyinin sektor müdiri Heydər Turabov Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları” konfransında bildirib.

“Xəzərin iki sahilini birləşdirməklə dəniz üzərində körpünün uzunluğu 17 km. təşkil edəcək. ”Bakı körfəzi dəniz körpüsü” Bakı Dairəvi avtomobil yolunu birləşdirməklə, nəqliyyat vasitələrinin Bakı şəhərinin mərkəzi hissəsinə daxil olmadan, şimal və cənub istiqamətindən şəhərin şərq və əks istiqamətdə hərəkətinə şərait yaradacaq”, – deyə Turabov qeyd edib.

Onun sözlərinə görə, bu, Bakının mərkəzində nəqliyyat yükünü azaldacaq.

Asma avtomobil körpüsünün qiyməti 1,5-1,8 milyard dollardır.

Bu, Nəqliyyat Nazirliyinin ilk belə layihəsi deyil. “Azəryolservis” ASC analitik şöbəsinin rəisi Hidayət Rüstəmovun sözlərinə görə, dənizin altından tunel layihəsi də var. Və o, daha çox vəsait tələb edir.

ReAL Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli “Azadlıq”a açıqlamasında deyib ki, eyni istiqamətdə həm körpü, həm də tunelin salınması tamamilə absurd olar. Ona görə də güman ki, bu iki layihədən biri seçiləcək.

Ekspert aldığı son məlumatlara əsaslanaraq deyir ki, layihə ertələnib: “Cənubi Koreya şirkətilə danışıqlar gedirdi, həm layihə, həm də körpünün sonradan işlədilməsilə bağlı. Sadəcə, problem ondan ibarətdir ki, Azərbaycan tərəfi bu yolun ödənişli olacağını əsas gətirərək, özü yox, Cənubi Koreya şirkətinin investisya qoymasını istəyirdi. Cənubi Koreya tərəfi Azərbaycanda investisiya şəraitinin, yumşaq desək, yaxşı olmadığını əsas gətirərək, bu layihədə bir operator, bu investisiyaları idarə edən bir şirkət kimi çıxış etməyi düşünürdü. Buna görə də hələ ki, danışıqlar bir nəticəyə gəlməyib”.

Natiq Cəfərlinin fikrincə, tunel məsələsi həll olunsa belə, bunu Azərbaycanda həyata keçirəcək texnologiyalar yoxdur: “Sonunda yenə də xarici şirkətlərlə – ya Türkiyə, ya Cənubi Koreya şirkətlərinin birilə müqavilə bağlanmalıdır. Bu da yerli biznesin deyil, xarici biznesin layihələrdə iştirakına, qazanc əldə etməsinə şərait yaradacaq. Bundan başqa, tunel salınması körpü tikintisindən daha çox vəsait tələb edir. Körpünün qiyməti 1,5-1,8 milyard dollar civarında dəyişirsə, tunel bundan ən azı 50 faiz baha – 3 milyard dollar civarında olacaq. Çünki tunel çəkilməsində istifadə olunan materiallar da həddindən artıq bahadır, həm də tunelin çəkilməsi çox xərc aparan bir proyektdir”.

Ekspertin sözlərinə görə, hər iki layihənin problemli cəhəti ondan ibarətdir ki, bu günə qədər nə Nəqliyyat Nazirliyi, nə də hökumət yetkililəri bu layihələrin iqtisadi əsaslandırılmasını, iqtisadi pasportunu elan edib: “Bu layihə nəyə lazımdır və Azərbaycan iqtisadiyyatına nə qazandıracaq? Bununla bağlı araşdırma aparılmayıb, iqtisadi pasportu çıxarılmayıb. Halbuki, beynəlxalq praktikada bu tipli iri layihələr həyata keçirilərkən çox dərin araşdırma aparılır, iqtisadi əsaslandırma olur. Məsələn, Türkiyə Izmir körpüsü üzərində layihəni həyata keçirməyə başlayarkən Istanbul-Izmir yolunun 7-8 saatdan təxminən 3,5 saata düşəcəyinə dair iqtisadi əsaslandırmadan sonra bu işə başladı. Mal və xidmətlərin dövriyyəsinin sürətləndirilməsinin Türkiyə iqtisadiyyatına 500 milyon dollar qazanc gətirəcəyi haqda məlumat yaydı. Bunun özü çox ciddi bir məsələdir. Bu baxımdan, iqtisadi əsaslandırma olmalıdır. Indiyə qədər Azərbaycanda heç bir layihənin beynəlxaq standartlara uyğun iqtisadi əsaslandırması olmayıb”.

Ramin DEKO