Tağı Əhmədov yenə şərəfini qoruyacaqmı?

5 qəpiyə görə «Azadlıq»ı məhkəməyə verən Tağı müəllim, 79000 manat ittihamına niyə susur?

Bir neçə gün öncə Qarabağ əlili Loğman Ağalarov “Azadlıq” qəzetinə müraciət etdi və Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun oğlu Rauf Əhmədova 79 min manat pul verdiyini bildirdi. Belə ki, Loğman Ağalarov Bakı Metropoliteni ərazisində satılan dükanlarla maraqlanıb və öyrənib ki, obyektlərin satışı işilə Metropoliten rəsi Tağı Əhmədovun oğlu Rauf Əhmədov məşğul olur. Loğman Ağalarov Rauf Əhmədovla görüşür və 6 dükana görə 79 min manat ödəyir. 

Metro keçidlərində fəaliyyət göstərən bütün dükanlar söküləndə Loğman Ağalarovaun dükanları da sökülüb və heç bir kompensasiya ödənilməyib. Indi Qarabağ əlili pulunu tələb etsə də, Rauf Əhmədov pulu qaytarmaqdan imtina edir.

T.Əhmədov bu məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşının sualına cavab olaraq “Bu məsələlərin mənə aidiyyəti yoxdur. Xahiş edirəm belə məsələlərlə bağlı məni narahat etməyin” deyərək telefonu qapadıb.

Xatırlayırsınızsa, metroda ticarət köşkləri söküləndə xeyli sahibkar buna etiraz etdi və onlardan küllü miqdarda pul alındığını söylədilər. Həmin vaxt belə məlumatlar yayılmışdı ki, təkcə “Həzi Aslanov” stansiyasında ticarətçilərdən 104 min manat pul alınıb.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bildirmişdi ki, Indiyə qədər metroda mətbuat yayımı və yaxud buna oxşar digər fəaliyyətlər qanunsuz olub.

Əvvəla Tağı Əhmədovun, yaxud onun oğlunun bu obyektləri satmağa ixtiyarı yoxdur və deyilənlərdən aydın olur ki, vəzifədən sui-istifadə hallarına yol verilib. Digər tərəfdən, Əli Həsənovun səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, indiyə qədər metroda korrupsiya fəaliyyəti həyata keçirilib və qanunsuzluq baş alıb gedib.

Tağı Əhmədov isə, nə Əli Həsənovu, nə də Qarabağ əlilini məhkəməyə verib, günahsız olduğunu sübuta yetirmədi.

Bütün bunları niyə xatırladıq?

Yadınızdadırsa, “Azadlıq” qəzeti metroda 5 qəpiklərin mənimsənilməsi ilə bağlı yazı dərc etmişdi. Həmin vaxt bununla bağlı xeyli şikayətlər, etirazlar olurdu. Qəzet də baş verənləri ictimailəşdirdi.

Bu məqaləyə görə Tağı Əhmədov “Azadlıq” qəzetini məhkəməyə verdi və mənəvi zərərə görə 30000 manat təzminat tələb etdi. Guya, qəzetin yazdıqları Tağı Əhmədovun şərəf və ləyaqətini təhqir edirmiş.

Loğman Ağalarovun 79000 manatlıq iddiası, Əli Həsənovun qeyri-qanuni adlandırdığı ticarət ittihamı ilə müqayisədə “Azadlıq” qəzetinin yazdıqları çox xırda görünür. Yəni qəzet Tağı Əhmədovu kiçik korrupsiyada ittiham etmişdi.

5 qəpiyə görə “Azadlıq”ı məhkəməyə verən, onsuz da ağır vəziyyətdə olan kollektivi, daha da çətin vəziyyətə salan Tağı müəllim niyə indiki ittihamlara cavab vermir?

5 qəpik iitihamını şərəf və ləyaqətə təhqir kimi qəbul edən keçmiş metro şefi, indiki təhqirləri necə qəbul edir?

Bütün bunlar onu göstərir ki, “mənəvi ziyan”, “şərəf və ləyaqət” arqumentləri əsassız imiş və Tağı Əhmədov hökumətin sifarişini yerinə yetirirmiş.

Akif 

P.S.Bəlkə də “Azadlıq” 5 qəpik yox, 5000 manatlıq korrupsiyadan yazsaydı, Tağı müəllim qəzeti məhkəməyə verməzdi. Görünür, yeyintinin az göstərilməsi, xətrinə dəyib.