Səfir niyə ABŞ-dakı dinləmələri boykot etdi?
ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələr böyük səs-küyə səbəb oldu və Azərbaycan hakimiyyətini “alov”landırdı. Dinləmlərdə Azərbaycandakı anti-demokratik vəziyyət, insan hüquqlarının pozulması, siyasi məhbuslar, vətəndaş cəmiyyətinə təzyiqlər, söz azadlığının boğulması və digər məsələlər müzakirə olunub.
Təbii ki, ölkə reallıqlarının bu qədər çılpaq şəkildə müzakirəyə çıxarılması və hakimiyyətin kəskin tənqidi sakit qarşılana bilməzdi. Ona görə də hökumət sözçüləri Helsinki Komissiyasına qarşı hücuma keçiblər və cavab atəşi açmağa başlayıblar.
Millət vəkili Zahid Oruc Helsinki Komissiyasının dinləmlərini həddindən artıq qərəzli hesab edib və səslənən fikirlərin ABŞ-ın siyasətinə təsir göstərməyəcəyini bildirib: “Azərbaycanı tənqid edənlər görünür heç də yaxşı dinləməyiblər. Yəni bu istiqamətdə çıxış edənlər monoloq, yaxud diktə formasında danışan tərəflərdir və bu kimi çıxışlarda Azərbaycanın real, həqiqi mənzərəsi əks olunmayıb. Tənqidi fikirlərlə çıxış edənlər bizi də dəvət etsinlər və əsl, real mövqeni biz orada ifadə edəcəyik. Qoy, Helsinki Komissiyası millət vəkillərini keçirdikləri bütün tədbirlərə çağırsın, onda onların birtərəfli qaydada söylədikləri arqumentlərin böyük hissəsi öz cavabını tapacaqdır” – deyə Zahid Oruc bildirib.
Bəli, Zahid Oruc deyir ki, belə dinləmələrə bizi dəvət etsələr, onları arqumentlərlə susdura biklərik. Biz isə Zahid Orucun bu “arqument”ini öz arqumentimizlə ifşa etməyə məcburuq.
Əvvəla qeyd edək ki, ABŞ-dakı dinləmlərə Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov dəvət edilmişdi. Ancaq, fövqəladə və səlahiyyətli səfirimiz bu dəvətdən imtina edərək, arqumentsizliyini etiraf etdi. Yəni, Zahid müəllimin dediyi “yekə arqument”ləri, Elin Süleymanov axtarıb tapa bilmədi.
Qeyd etmək lazımdır ki, hökumət belə tədbirlərə, mərasimlərə ən yaxşı diplomatları seçib göndərir. Ancaq, bu günə qədər hansısa diplomatın, tənqidlərə arqumentlə cavab verdiyini, qarşı tərəfi faktlarla susdurduğunu müşahidə etməmişik.
Ən yaxşı halda onun şahidi oluruq ki, ABŞ və Avropaya səfər edən politoloqlarımız, qeybətlə məşğul olurlar.
Yaxşı xatırlayırıq ki, Milli Məclisin dörd deputatı – Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Cəfərova və Asim Mollazadə Vaşinqtona səfər etmişdilər. Həmin səfərdə Səməd Seyidov bildirmişdi ki, Azərbaycanı ABŞ ilə yaxın olmaq cəhdlərinə görə “sendviç kimi” əzirlər.ÿDaha sonra isə şimaldan və cənubdan gələn təhlükədən danışmışdı.
Yəni, bu inglisdilli deputatlarımızın da, arqumentlə çıxış etdiklərinin şahidi olmadıq. Yaxud, Azərbaycana qarşı Qərbin tənqidi artanda müşahidə edirik ki, biznesmen-məmurlarımız, dünyanın bahalı restoranlarını zəbt edib, qərb diplomatlarına ziyafət verirlər.
Son olaraq, ABŞ səfiri Riçard Morninqstarın fikirlərini eşitdik və səfirin səsləndirdiyi fikirlər hakimiyyətin təzyiqini qaldırdı. Yenə də Zahid Orucun həvəslə danışdığı “arqument”ləri görmədik. Ölkənin başında oturan adamlar ABŞ-ı “Molotov kokteyl”ində, dünyada ixtişaşlar yaratmaqda, qərəzli mövqedə ittiham etdilər. Hətta səfirin başında problem olduğunu da dilə gətirdilər.
Yəni, ABŞ səfirinin dediklərini arqumentlə ifşa etmək, faktlarla yalanlamaq mümkün olmadı. Belə nümunələr çoxdu və bütün nümunələrdə arqumentsizliyin şahidi oluruq.
Həqiqətin qarşısında, heç bir yalan fikir arqument ola bilməz. Balaca uşaq da bilir ki, ölkədə korrupsiya, siyasi məhbus, məmur özbaşınalığı, fərqli fikrə təzyiq var. Bütün bunları hansı arqumentlə zərərsizləşdirmək olar?
Bu reallıqda yeganə arqument, arqumentsizlikdir. Qatığın qara olduğunu sübut etmək üçün arqument axtarmayın. Sadəcə ağ yalan danışın.
Ilham


