Amerikalı ekspertin Əliyev dəyərləndirməsinə müxalifətdən reaksiya

 

Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Tomas De Vaalın Azərbaycandakı mövcud ictimai-siyasi durum, regionda baş verən proseslərlə bağlı təhlil yazısı bir sıra aspektlərdən maraq doğurur. Azərbaycanın Qərblə münasibətlərini təhlil edən ekspert hakimiyyətin son zamanlar repressiv siyasətini gücləndirməsini təsadüfi saymır. T.D.Valın fikrincə, İlham Əliyev hakimiyyəti itirmək qorxusu ilə yaşadığından hər ötən gün repressiv addımlarını artırır. Hazırda Azərbaycanda vəziyyətin Rusiya və Belarusdan daha pis olduğunu vurğulayan ekspert hesab edir ki, iqtidarın siyasəti dəyişməzsə ABŞ ilə Azərbaycan arasında növbəti səfir böhranının yaşanacağı istisna deyil. 

Fuad Qəhrəmanlı: «Hakimiyyət narahatdır ki, demokratik dəyərlərin cəmiyyətdə möhkəmlənməsi kütləvi xalq etirazına səbəb ola bilər»

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Karnegi Beynəlxalq Sülh Fondunun ekspertinin səsləndirdiyi fikirlər mövcud reallığı tam formada əks etdirir. Hazırda dünya düzəninin dəyişməsi prosesinin getdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycanın da bu qlobal tendensiyanın tərkib hissəsi olduğu dəfələrlə sübut olunub. Məhz cərəyan edən hadisələrdən qaynaqlanaraq hakimiyyətin siyasi repressiyaları gücləndirdiyini düşünən F.Qəhrəmanlı qeyd etdi ki, Azərbaycan iqtidarı vətəndaşların demokratik azadlıqlarının, sərbəst toplaşmaq hüququnun təminini özü üçün təhlükə sayır: «Dünyanın da etiraf etdiyi bir reallıq var ki, hakimiyyət hər dəfə seçkiləri saxtalaşdıraraq iqtidarı əlində saxlayır. Hakimiyyət narahatdır ki, demokratik dəyərlərin cəmiyyətdə möhkəmlənməsi kütləvi xalq etirazına səbəb ola bilər. Korrupsiyanın dövlət siyasətinə çevrilməsi, rüşvətin adiləşməsi cəmiyyətdə artıq ciddi narahatçılıqlara səbəb olur. Ola bilsin ki, hakimiyyətdə hansısa ayrı-ayrı şəxslər Azərbaycanın Qərbə inteqrasiyasının tərəfdarıdırlar. Amma bu şəxslərin də düşüncəsindən, açıqlamalarından görünür ki, onlar Qərbə ticarət partnyoru kimi baxırlar. Ona görə bu baxımdan De Vaalın fikirləri ilə razıllaşmamaq olar. Çünki hakimiyyətdə Qərbyönümlü siyasətçilər yoxdur. Hakimiyyətdəki bütün qruplaşmalar Azərbaycanın Qərbə inteqrasiyasını istəmirlər. Çünki onlar anlayırlar ki, Qərbə inteqrasiya kursu hakimiyyət dəyişikliklərinə gətirib çıxaracaq».

F.Qəhrəmanlının fikrincə, hakimiyyətdəki Qərbyönümlülər dedikdə kimin nəzərdə tutulduğu aydınlaşdırılmalıdır: «Azərbaycanda avtoritar rejim mövcud olduğuna görə, qərarlar hər hansı müzakirə nəticəsində dövlət, cəmiyyətin maraqlarını nəzərə alaraq qəbul edilmir. Qərarlar sırf avtoritar lider kimi İlham Əliyevin istəyi ilə qəbul edilir. Belə bir rejimdə kimin hansı düşüncə daşıyıcısı olması əhəmiyyət kəsb etmir. Bir nəfər tərəfindən seçilən siyasi kurs yalnız onun maraqlarına xidmət edir».

Xəyal