Leyla Yunus Barrozu ilə görüşdə nələr dedi

Bakıda səfərdə olan Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu iyunun 14-də Aİ-nin ofisində Azərbaycanın vətəndaş cəmiyyətinin  nümayəndələri ilə görüşüb.

 Görüş iştirakçılarından biri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Turan-a bildirib ki, o, son vaxtlar Azərbaycanda hakimiyyətin opponentlərinə qarşı repressiyaları gücləndirməsi barədə Barrozuya məlumat verib. Bununla əlaqədar SDİ yanında Repressiyalara Müqavimət Mərkəzi (RMM) yaradılb. O, RMM-nin ilk müraciətini Barrozuya təqdim edib.

“ABŞ və Aİ-nin diqqətini özünə cəlb edən Ukrayna hadisələri avtoritar Əliyev rejiminə ölkədə qalan müstəqil KİV, QHT və vətəndaş cəmiyyəti fəallarının tam məhvinə başlamasına imkan yaradıb”, – müraciətdə deyilir.

İyunun 12-ə olan məlumata görə, Azərbaycanda 130 nəfər siyasi repressiya qurbanı var. Onlardan 40-ı “vicdan məhbusu”, 90-ı siyasi məhbusdur.

 “Vicdan məhbusları” arasında  11 jurnalist və bloger, 4 hüquq müdafiəçisi, 11 gənc fəal  var. Onların əksəriyyəti ABŞ və Aİ ölkələrində təhsil alıb, 2 nəfər qərbyönlü müxalifət lideri, 12 nəfər dindardır.

RMM avtoritar Əliyev rejiminin siyasi repressiyalarının qurbanlarının dərhal azadlığa buraxılmasını, cinayət işlərinin saxtalaşdırılmasında və işğəncələrdə iştirak edən prokurorluq, DİN, MTN əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunmasını, siyasi motivli hökmlər çıxaranların məhkəmə heyətindən kənarlaşdırılmasını  tələb edir.