Ekspertlərin bir qrupu özünün “bal kəsən barmağını yalayır”

«Onların bəzilərinin bir neçə daşınmaz əmlakı var»

Nabatəli Qulamoğlu: «TQDK azad qurum deyil, ona hansı tapşırığı verirlər, onu da yerinə yetirir»

Imtahan sezonu TQDK-nı yenə gündəmə gətirib. Bu qurumun keçmiş əməkdaşı Fərman Abdullayevin TQDK ilə bağlı açıqlaması da burada korrupsiya hallarına işarədir. Təhsil eksperti Nabatəli Qulamoğlu ilə qurum ətrafında baş verənlərlə bağlı söhbət etdik. 

– Bu yaxınlarda TQDK-nın keçmiş əməkdaşı Fərman Abdullayev cəmiyyəti heyrətləndirən açıqlamalarla çıxış edib. Artıq  ictimayyət arasında belə fikir formalaşıb ki, adı çəkilən qurumda korrupsiyanın olması istisna deyil.

– Hər hansı bir qurum barədə söhbət açılanda gərək onun yaxşı işlərini birinci qeyd edəsən. Elçibəy hakimiyyətindən bizə yadigar qalan test sistemi subyektiv qiymətləndirməyə son qoyub və bu ənənə indi də davam edir. Hər bir abituriyent nümayiş etdirdiyi biliyə uyğun layiqli qiymətini alır və mən buna əminəm. Eyni zamanda TQDK-nın işgüzar, insanlarla normal münasibət qurmağı bacaran kollektivi var. Ora xeyli savadlı müəllim cəlb edilmişdir. Keçən il Azərbaycan dili fənni üzrə aparılan seminarlarda iştirak etmişəm. Qəbul imtahanlarında istifadə edilən test tapşırıqlarının təhlili prosesini diqqətlə izləmişəm. Sağ olsunlar, hər seminarda mənə fikirlərimi bildirmək üçün imkan yaradıblar. Ən çox problemli testlər I və III qrupların payına düşürdü. Məsələn, I qrupda olan variantların birində altı problemli test vardı. Bəzi iradlarımı, təbii, qəbul etmirdilər. Amma bir çoxlarını qəbul etmək məcburiyyətində qaldılar. Söylədiklərimi seminar iştirakçılarının böyük əksəriyyəti dəstəkləsə də, test müəllifləri etiraf etməkdə iradə nümayiş etdirmirdilər.

– Onda belə çıxır ki, TQDK problemlərin aradan qaldırılmasında maraqlıdır. Bəs niyə onu korrupsiyada ittiham etmək lazımdır?

– Məsələ ondadır ki, TQDK azad qurum deyil, ona hansı tapşırığı verirlər, onu da yerinə yetirir. Ilk seminardaca qurumun əməkdaşı elan etdi ki, onlara nə asan, nə də orta səviyyəli testlər lazımdır, kim çətin testlər tərtib edə bilirsə, buyurub təqdim edə bilər. Əslində də, test bankında sadə testlər yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, xüsusilə nüfuzlu ixtisasları seçmiş abituriyentlərin çox bal toplamasına imkan vermirlər. Məhz buna görə də III ixtisas qrupuna salınmış testlər xüsusi qəddarlıqla hazırlanmışdı. Təhlil zamanı həmin qrup üzrə ekspert komissiyasının rəhbəri Nazim müəllimin ilk sözü belə oldu: “Bu testlərə on dörd nəfər imza atıb. Kim irad bildirmək istəsə, deməli, həmin on dörd nəfərə qarşı olduğunu başa düşməlidir”.

– Bəs ekspertlərin marağı nədədir?

– Aldığım məlumata görə, onların bir qrupu “özünün bal kəsən barmağından yalayır”, hətta bəzilərinin bir neçə daşınmaz əmlakı var. Amma bunun necə baş verdiyini mənə söyləsələr də, əlimdə tutarlı fakt olmadığı üçün deyə bilmərəm. Sadəcə, bəzilərinin canfəşanlığı ciddi maraqlardan xəbər verirdi.

– Apardığınız müşahidələrin sonu necə bitdi?

– Söylədiyim iradların böyük əksəriyyətini seminar iştirakçıları qəbul etdikdən sonra videoyazıların qurumun saytında yerləşdirilməsini xahiş etdim. Bunu dərsliklərin monitorinqi zamanı edirdilər. Belə olduqda ictimaiyyət müqayisə aparmaq imkanında olur. Təklifimi TQDK-nın əməkdaşı qəbul etmədi, dedi ki, onsuz da protokollarda bu barədə qeydlər aparılır. Hiss edirdim ki, bəziləri üçün arzuolunmaz qonağam. Seminardakı müzakirələrin isə formal aparıldığı aydın görünürdü. Hətta IV qrup üzrə testlərin müzakirəsinə çatanda dedilər ki, növbəti seminarda ədəbiyyat üzrə suallar  təhlil olunacaq. Mən də seminara getmədim. Iştirak etmədiyimi görüb on dəqiqəyə IV qrupu yekunlaşdırmışdılar, halbuki həmin testlərlə bağlı da xeyli problemlər vardı. Bütün baş verənləri yazıb TQDK-nın və qurumun sözçüsü E.Nağızadınin elektron ünvanına göndərdim və xahiş etdim ki, protokollara baxmağa icazə versinlər. Məni dəvət etdilər və bildirdilər ki, IV qrupla bağlı iradlarımı yazılı şəkildə təqdim etsəm, “Abituriyent” jurnalında olduğu kimi dərc edəcəklər. Belə də etdim. Sağ olsunlar, məni ağırlayıb adımı təhlil komissiyasının tərkibinə daxil ediblər, amma heç bir iradım jurnalda öz əksini tapmayıb.

– Bildiyimə görə, Sizin qeydlərinizi TQDK nəzərə alır, belə olduqda protokola baxmağa nə ehtiyac var?

– Düz deyirsiniz, ümumiyyətlə, TQDK nöqsanları aradan qaldırmaqda maraqlıdır. Eyni zamanda, bu ilin may ayında keçirilən qəbul imtahanlarında vaxtilə aşkarladığım problemlər təkrar olunmayıb. Amma iyul imtahanlarında narahatedici halların baş verməyəcəyinə qarantiya yoxdur, çünki mayda imtahan verənlər əvvəlki illərdə zəif nəticə göstərmiş abituriyentlər idi və bilirdilər ki, onlar yüksək bal toplaya bilməzlər. Məhz ona görə də protokollara baxmaqla həmin problemli testlərin bankdan çıxarılmasına nail olmaq istəyirdim. Digər tərəfdən, bu gün aşkarladığım nöqsanlı testdən istifadə etməsələr də, sabah başqa problemli test meydana çıxırırlar. Lap naəlac qalanda abituriyentin vaxtını yeməklə onun qarşısında sədd çəkirlər.

– Dediniz ki, bəzi iradlarınız test müəllifləri tərəfindən qəbul edilmirdi. Nümunə varmı?

– Əlbəttə, birini deyim. “Məmməd bilir, sən bilmirsən” cümləsi verilmişdi. Variantlardan birindəki hökm belə idi: cümləni həm tabesiz, həm də tabeli mürəkkəb cümlə kimi düşünmək olar(III ixt. qrupu, C variantı, 13- cü test). 

Bu, keçid xarakterli mürəkkəb cümlədir, dərslikdə və proqramda yoxdur. Ümumiyyətlə, keçid xarakterli konstruksiyalar bizim dilçilikdə tədqiq olunmayıb. Bu problemə dilçilərdən yalnız Q.Kazımov ötəri şəkildə toxunub. 

– Fərman Abdullayevin söylədikləri ittihamlara münasibətiniz necədir?

– Mən bilən, Fərman müəllim heç kimi korrupsiyada ittiham etməyib. O, mütəxəssis kimi iddia edir ki, istənilən tələbənin balını TQDK həm artıra, həm də azalda bilər. 2-cini etmir, çünki hər kəs bunu yoxlaya bilər. Birincini edə bilər, heç kim də bunu görə bilməz. Eyni zamanda o, qəbul prosesini ictimaiyyətin izləməsi üçün proqram təklif edir. Hətta deyir ki, bu proqramı TQDK-da bilənlər var. Niyə tətbiq etmirlər? Bu, şübhələrdən biri. Ikinci şübhə odur ki, test tapşırıqlarının tərtibatında tam özbaşınalıqdır və məqsəd abituriyentin yüksək bal toplamasına mane olmaqdır. Dünyanın hər yerində ciddi konkurs olur, bizdə isə ballar o qədər aşağı olur ki, dekonkursasiya – müsabiqədə iştirak balının azaldılması baş verir. Ən nəhayət, hakimiyyətə yaxınlığı ilə seçilən F.Ağamalının TQDK-da korrupsiyanın olması barədə fikirlərini, Ə.Insanovun “TQDK hakimiyyətin donorudur” cümləsini, E.Abdullayevin videolarındakı deputat- rektor dialoqunu da bütün deyilənlərə əlavə etsək, hansı fikrin emal olunduğunu müəyyən etmək heç də çətin deyil.

Ramin DEKO