“Azərbaycanda vəziyyət Rusiya və Belarusdan da pisdir”
Tomas De Vaal: «Hakimiyyətin addımları Azərbaycanı daha repressiv ölkəyə çevirib»
Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Tomas De Vaal Azərbaycandakı mövcud ictimai-siyasi durum, regionda baş verən proseslərlə bağlı təhlil yazısı ilə çıxış edir. Sözügedən məqalə Karnegi Beynəlxalq Sülh Fondunun rəsmi saytında yerləşdirilib. Məqaləni qısa ixtisarlarla diqqətinizə çatdırırıq.
“Qəribədir: Nəyə görə Rusiyanın təzyiqi altında olan qonşu dövlətlər Kreml kimi Amerika ilə savaşa üstünlük verirlər? Buna misal olaraq Azərbaycanı göstərmək olar. Rusiyanın Şərqi Ukraynada atdığı addımlar nəzərə alınarsa, bu dövlətlərin Qərb və digər beynəlxalq təşkilatlara dəstək üçün müraciət etmələrini gözləmək daha məntiqli olardı. Gürcüstan və Moldova Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamağa hazırlaşırlar. Azərbaycan digər iki dövlətlə müqayisədə daha varlıdır və iki dövlət arasında münasibətlərin daha sıx olmasının tərəfdarları da çoxdur.
Amma bununla belə Azərbaycan hakimiyyəti ötən il ərzində məhz Qərbyönümlü hüquq müdafiə təşkilatlarını, vətəndaş cəmiyyətinin fəallarını və müxalifət təmsilçilərini hədəf seçib. Tanınmış müxalifətçilər Ilqar Məmmədov və Tofiq Yaqublu bu ilin martından həbsdədirlər. Seçkilərin monitorinqi ilə məşğul olan tanınmış təşkilatın təmsilçisi Anar Məmmədli 5 il yarım həbs cəzası alıb. Tanınmış jurnalist Rauf Mirqədirov bu ilin aprelində həbs edilib. Məhşur ekspertlər Arif və Leyla Yunus isə istintaq altındadırlar.
Mən hələ digər tanınmış ictimai-siyasi fəallar barəsində danışmıram. Azərbaycanda həmçinin tanınmış USAID, Milli Demokratiya Institutu, “Azadlıq” radiosu və başqa tanınmış beynəlxalq təşkilatlar daimi təzyiq altındadır. Bütün bu addımlar Azərbaycanı hətta Rusiya və Belarusla müqayisədə daha repressiv ölkəyə çevirib. Azərbaycan bu baxımdan daha çox Özbəkistana yaxındır.
“Qərbdən tənqid atəşi”
ABŞ və Avropa Birliyindən tənqidi bəyanatlar ara vermir. Azərbaycan iyunun 11-də Konqresin Helsinki komissiyasında müzakirə predmeti olub. Amma Qərb diplomatları həyəcan təbili çalan zaman onlar “Azərbaycanın daxili işlərinə qarışmaqda” ittiham olundular.
Tənqidlər ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla hakimiyyət arasında toqquşmaya səbəb oldu. Prezident Administrasiyasının təmsilçisi Əli Həsənov səfirin “Azadlıq” radiosuna müsahibəsini sərt tənqid edərək onun fikirlərini Azərbaycanda “Maydan” yaratmaq cəhdi kimi dəyərləndirib.
Halbuki Morniqstarın bir zamanlar Azərbaycana səfir təyin olunmasının qəti tərəfdarı elə hakimiyyətin özü idi. Çünki Morninqstar hazırda Azərbaycanın müstəqilliyinin təməllərindən biri olan Bakı-Tbilisi-Ceyhan kəmərinin arxitektorlarından biridir.
Azərbaycanın hakim elitası bir çox fraksiyalardan, qruplaşmalardan ibarətdir. Hakimiyyətdə Xarici Işlər Nazirliyində və bir sıra başqa nazirliklərdə Qərbyönümlülər var. Amma son aylar onların mövqeləri açıq-aşkar zəifləyib. Çünki Azərbaycan Rusiya istiqamətində ciddi addımlar atmaqdadır. Baxmayaraq ki, BMT-dəki səsvermədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünün xeyrinə səs verib.
Əslində hazırda yaşanan proseslərdə maraqlı bir məqam da var. ABŞ-ın Azərbaycandakı səfiri Morninqstar iki illik fəaliyyətdən sonra bu ölkəni tərk edəcək. Və belə hesab olunur ki, Morninqstardan sonra Azərbaycanla ABŞ arasında səfirin təyinatı ilə bağlı daha bir uzun müddət müşahidə olunsun.
Azərbaycan hakimiyyətinin sonuncu təzyiqlərinin ən sadə izahı belə ola bilər ki, 10 il hakimiyyətdə olduqdan sonra dövlət başçısı Ilham Əliyev və onun ətrafı hakimiyyəti itirmək qorxusu yaşayır. Və bu üzdən də bu cür repressiv addımlara əl atırlar. Belə olan halda Azərbaycanda nüfuzunu qoruyub saxlamaq istəyən ABŞ administrasiyasının əsas vəzifəsi sarayın qalın divarlarından mesajları çatdıra biləcək emissarlar tapmaqdır”.
Xəyal



