Müharibə xəbərləri niyə gizlədilir?
Məlahət Nəsibova: «Naxçıvan əhalisi Müdafiə Nazirliyinin atışma ilə bağlı dəqiq məlumat verməməsindən narahatdır»
Hikmət Hacızadə: «Rəsmilərimiz çalışırlar bu məlumatı gizlətsinlər, skandal açılmasınlar»
Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücumla bağlı məlumatlar yayılsa da, Müdafiə Nazirliyi xəbərləri təkzib edir. Nazirliyin rəsmi məlumatında bu xəbərlərin təxribat xarakterli olduğunu bildirilir.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə Naxçıvanın ermənilər tərəfindən hücuma məruz qalması, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə bağlı yayılan xəbərləri təkzib edərək bunu xarici kəşfiyyat orqanlarının yalan məlumatı adlandırıb.
YAP-çı deputat hesab edir ki, bəzi kəşfiyyat orqanları belə yalan məlumatları yaymaqla orduya təsir göstərmək istəyir.
Əslində Naxçıvanda nə baş verir və rəsmilər məlumat verməkdə niyə maraqlı görünmür?
Naxçıvandan olan hüquq müdafiəçisi Məlahət Nəsibova Muxtar Respublikada ermənilərin atəşkəsi pozduğunu təsdiqlədi. Belə ki, iyunun 10-da Sədərək, Şahbuz, Culfa, Ordubad ərazisində sərhəddə intensiv atışmalar olub. Bu əvvəlki atışmalardan fərqlənib. Bir neçə saat davam edən atışmada erməni tərəfindən pulyemot və avtomatlardan atəş açılıb.
Hüquq müdafiəçisi hərbi vertolyotların havada manevrlərinin şahidi olduğunu da qeyd etdi. M.Nəsibovanın sözlərinə görə, Naxçıvanda belə atışmaya alışmayan sərhəd kəndlərinin bəzi sakinləri, əsasən qadınlar evlərini tərk edib qonşu kəndlərə gedib: «Qadınlar atışmadan qorxub qonşu kəndlərə getmişdi. Artıq evlərinə qayıdırlar. Hazırda sakitlikdir».
Hüquq müdafiəçisinin sözlərinə görə, Naxçıvan əhalisi Müdafiə Nazirliyinin atışma ilə bağlı dəqiq məlumat verməməsindən narahatdır. Ağızdan ağıza yayılan məlumatlar isə narahatçılığı bir qədər də artırır: «Əhalinin bir hissəsi həyacanlıdır. Hesab edirlər ki, Müdafiə Nazirliyi mütləq bu haqda əhaliyə məlumat verməlidir. Çünki əvvəlki illərdə, Xocalı faciəsi baş verəndə, digər rayonlar işğal ediləndə Müdafiə Nazirliyi dəqiq məlumat vermirdi. Ona görə də insanlar panik halda olurdu. Ona görə də baş verənlərlə bağlı dəqiq məlumat tələb edirlər. Bir tərəfdən də düşünürlər ki, atışmanın baş verməsində Rusiyanın əli var. Çünki Rusiya Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istəyir. Bəzilər isə Türkiyə faktoruna görə arxayındırlar ki, Qars müqaviləsinə görə ermənilər çox irəliyə gedə bilməz».
Politoloq Hikmət Hacızadə YAP icra katibi müavinin xarici kəşfiyyat orqanları ilə bağlı dediklərini doğru hesab etmir.
Ekspert rəsmilərin baş verənləri gizlətməyə çalışdığını deyir: «Dəqiq nə var, nə yoxdur, bunu bilmirik. Nədənsə bizim rəsmilərimiz çalışırlar bu məlumatı gizlətsinlər, yaymasınlar, skandal açılmasınlar. Amma bunu niyə belə edirlər, başa düşmürəm. Ola bilər ki, Rusiya ilə Azərbaycan arasında hansısa sövdələşmələr, danışıqlar var. Son zamanlar başlayıblar Rusiyanı tərifləməyə. Ola bilsin 7 rayon məsələsidir. Bəlkə Avrasiya İttifaqı ilə bağlıdır. Məlumatımız yoxdur, burda oturmuşuq münəccimlik edirik. Amma nəsə var, biz də görürük ki, hökumət çalışır ermənilərin provakasiya etdiyini gizlətsin».
Fizzə


