Hərbi ekspert Zahid Oruca xəbərdarlıq etdi

Üzeyir Cəfərov: «Zahid Orucun yaşı qədər mənim hərbi sahədə təcrübəm var»

Son günlər mətbuatda müdafiə naziri Zakir Həsənovla bağlı müxtəlif xəbərlər yayılır. Son olaraq Zakir Həsənovun istefa ərizəsi yazmasıyla bağlı xəbərlər yayıldı və buna müxtəlif şərhlər verildi. Millət vəkili Zahid Oruc mətbuata açıqlamasında bildirmişdi ki, bu xəbərlərin heç bir əsası yoxdur və belə şayiələrin yayılması keçmiş nazir Səfər Əbiyevin göstərişi əsasında olur.

Hərbi ekspert Üzeyir Cəfərov isə, Zahid Orucun fikirlərinin yanlış olduğunu bildirmişdi və nazirlə bağlı xəbərlərin daha çox nazirliyin daxilindən qaynaqlandığını ehtimal etmişdi.

Ötən gün isə Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb və hərbi ekspert Üzeyir Cəfərovu tənqid atəşinə tutub: “Əgər Naxçıvandan Tovuza qədər geniş məkanda addımlar atılırsa, Azərbaycan ordusu yerindədirsə, panik vəziyyət yaranmırsa, koordinasiyası və idarə olunmasında hər hansı narahatçılıq meydana çıxmırsa, düşmənə ciddi zərbələr vurulursa, bu halda məsələnin ikinci tərəfindən bəhrələnmək lazımdır. Müdafiə sistemində təkcə kadrlar yenilənmir, eyni zamanda Azərbaycanın xarici əlaqələri genişlənir, nazir bilavasitə əsgərə səngərdə baş çəkir, zabit heyətinə bunu nümunə kimi təqdim edir. Iş ondadır ki, heç bir xüsusi beynəlxalq təhlükəsizlik doktrinalarını araşdırmayan, geopolitikaya dair iki kitab oxumayan ayrı-ayrı ekspertlər məni tənqid etməyə çalışdılar. Ikinci tərəfdən, kifayət qədər qərəzlidirlər. Hər zaman Azərbaycanın müdafiə sektoru ilə daha obyektiv mövqeləri media vasitəsilə, o cümlədən parlament tribunasından dəfələrlə qaldırmışam. Keçmiş nazir Səfər Əbiyev öz vəzifəsində olduğu dövrdə bunu dəfələrlə bəyan etmişəm. Yeni nazirin kifayət qədər yaxşı reputasiyası olması, çevik şəkildə ordu sisteminə daxil olaraq bu işləri həyata keçirməsi, ”kabinet naziri” kimi idarəçilik aparmaması kimlərisə narahat edir. O insanlar da təxminən öz dairəsi və adları ilə bəllidir. Şəxsi xarakterimi tanıyanlar bilir ki, Üzeyir Cəfərov da daxil olmaqla bir çoxları bu məsələlərlə bağlı fəal şəkildə mövqelərimizi söylədiyimizə və cəmiyyət üçün əlçatan olduğumuza və media ilə ünsiyyətimizə görə bizə təşəkkür edirdilər. Dünyada hərşeyşünaslıq adlı bir elm yoxdur. Mənim fikrimcə, parlament üzvü mental biliklər daşımalıdır. Təəssüf ki, qeyd etdiyiniz ekspert elmi o qədər səthi mənimsəyib ki, onun üçün bir neçə sahədə fikir söyləmək artıq bütün sahələrin peşəkarı kimi özünü təqdim eləməyə cəhd sayılır”- deyə Zahid Oruc bildirib.

Hərbi ekspert Üzeyir Cəfərov “Azadlıq”a açıqlamasında bildirdi ki, Zahid Orucun onun haqqında danışmağa haqqı yoxdur və təyinatlı deputat kimi sakit yerində otursa yaxşıdı: “Məsləhət görərdim ki, Zahid Oruc ağzını yumsun və dərk etmədiyi məqamlardan danışmasın. Zahid Orucun yaşı qədər mənim hərbi təcrübəm var. Ukraynada təhsil almışam, Azərbaycanın ilk peşəkar hərbçilərindən biriyəm. Mən Zahid Orucu rüsvay edərəm. Getsin məddahlığı ilə məşğul olsun. Sabah Zakir Həsənov vəzifədən uzaqlaşdırılsa, yeni naziri tərifləməyə başlayacaq. Mənim dövlət qarşısında xidmətlərim var və Zahid Orucdan fərqli olaraq məddahlıqla xidmət göstərməmişəm. Onun hansı təcrübəsi var ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsində təmsil olunur? Bu adam hərbi xidmətin nə olduğunu bilmir. Zahid Oruc məişət səviyyəsində düşündüyü üçün, bizim qaldırdığımız məsələləri məişət məsələsi hesab edir. Mən onu xəbərdar edirəm ki, adamını səhv salmasın”.

Akif