Erməni general Azərbaycanı Rusiya ilə hədələdi

Sülhəddin Əkbər: «Azərbaycan tərəfi hərbi ritorikanı sərtləşdirəndə, erməni tərəfi Rusiya amilini diqqətə çatdırır»

«Əgər Naxçıvandan Ermənistana hücum olsa, o zaman qarşılıq veriləcək»

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturov belə deyib. O, vəziyyətin təkcə Qarabağda deyil, bütün Qafqazda qeyri-sabit olduğunu bildirib: “Biz döyüşə öz problemlərimizə görə gedirik. Bu zaman isə dəstəyimiz, təhlükəsizliyimizə qarant Rusiya olacaq. Bu, bizə çox şeydə kömək olacaq”.

Qeyd edək ki, son günlər Naxçıvanda ermənilərin yenidən fəallaşması, atəşkəsin pozulması halları baş verib. Bəzi məlumatlara görə, insident zamanı ölən və yaralananlar da olub.

O da heç kimə sirr deyil ki, Ermənistan Azərbaycan ərazilərini Rusiyanın vasitəsilə işğal edib. Bundan əlavə, iki ölkə arasında hərbi sahədə müqavilə imzalanıb ki, bu da Rusiyanın 2044-cü ilə qədər Ermənistanı istənilən hərbi müdaxilədən qorumaq məqsədi daşıyır. Hazırda Ermənistanda Rusiyanın hərbi bazaları yerləşir və mütəmadi olaraq Rusiya bu ölkəni silahla təchiz edir.

Ermənistanın Silahlı Qüvvələrinin Qərargah rəisinin açıq şəkildə Rusiyaya güvəndiklərini bildirməsi və Naxçıvana işarə etməsi yeni situasiyadan xəbər verir.

Bəzi ekspertlər hesab edir ki, Xaçaturovun açıq şəkildə bu fikirləri səsləndirməsi, Rusiyanın sifarişidir və Azərbaycana qarşı əzələ nümayişidir. Çünki qarşıda mühüm mərhələlər var və Azərbaycan öz seçimini etməlidir. Rusiya isə maraqlıdır ki, Azərbaycan Avrasiya Ittifaqına qoşulsun. Bunun üçün bütün vasitələrdən istifadə etməyi düşünür.

Siyasi ekspert Sülhəddin Əkbər bildirdi ki, Rusiya ilə hərbi müttəfiqlik Ermənistana belə bəyanatlar verməyə imkan yaradır: “Mən bu bəyanatda xüsusi və yeni bir məqam görmürəm. Bu bəllidir ki, Rusiya ilə Ermənistan hərbi müttəfiqdilər, Ermənistan KTMT-nin üzvüdür və iki ölkə arasındakı hərbi müqavilənin şərtlərinə görə, Rusiya istənilən hərbi müdaxilə zamanı Ermənistanı müdafiə edəcək. Yəni bu bəyanat həm da hüquqi sənədlərə əsaslanır. Onu da qeyd etmək lazımdır ki, bu tipli bəyanatlar zaman-zaman Rusiya tərəfindən də səsləndirilib. Bir qayda olaraq Azərbaycan tərəfi hərbi ritorikanı sərtləşdirəndə, erməni tərəfi Rusiya amilini diqqətə çatdırır”.

Akif