Natiq Cəfərli: «Azərbaycan əhalisi daha çox keyfiyyətli və ucuz mallara çıxış əldə edəcəklər»
«Bundan uduzan Azərbaycan büdcəsi və Gürcüstana getmək imkanı olmayan istehlakçılar olacaq»
Avropa Birliyinin Azərbaycanın sərhədlərinə yaxınlaşması, xüsusilə qonşu Gürcüstanın bu qurumla Assosiasiya Sazişini imzalamaq niyyəti ölkəmizə də təsirsiz ötüşməyəcək. Çünki Gürcüstanın AB ilə iqtisadi əlaqələri genişləndirməsi, Avropa mallarının bu ölkəyə axışması qonşu ölkənin iqtisadiyyatına ciddi irəliləyiş vəd edir. Azərbaycan vətəndaşları isə xüsusilə avtomobil almaq məqsədi ilə Gürcüstana üz tutur. Bundan sonra Avropa mallarının Gürcüstana axması Azərbaycan vətəndaşlarının da bu ölkəyə gediş-gəlişini bir qədər də artıracaq. Bu Azərbaycan iqtisadiyyatına nə vəd edir?
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Gürcüstanın Avropa Birliyi ilə həm ticari, həm iqtisadi, həm siyasi anlamda yaxınlaşmasının qurumun Azərbaycanın sərhədlərinə qədər yaxınlaşması deməkdir. Azərbaycan hökuməti anlamalıdır ki, artıq Avropa Birliyi qapımızın ağzına qədər gələcək və birbaşa sərhəddimiz olacaq: «Avropa Birliyi ilə Gürcüstanın yaxın olması təkcə Avropa mallarının bu ölkədə satılması deyil, həm də Gürcüstan mallarının Avropaya asan çıxışının təmin olunması nöqteyi nəzərindən çox uğurlu bir addımdır».
Ekspert qısa vaxtda Azərbaycanın bunun təsirlərini görməyəcəyini, amma orta və uzun müddətdə təsirlərinin qaçılmaz olduğunu deyir. Hətta Azərbaycan biznesmenləri ölkədəki korrupsiyanı, inhisarçılığı nəzərə alaraq Gürcüstan üzərində Avropa Birliyinə hər hansı mal ixrac etməyi düşünəcəklər. Çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmur. Hökumət bilərəkdən bunu etmir ki, korrupsiya və inhisarçılığı ayaqda saxlaya bilsin. Assosiativ sazişi imzalamaqdan qorxur, çəkinir. Çünki öhdəliklər götürmək istəmir».
Ekspertin sözlərinə görə, Avropa mallarının Gürcüstana gəlməsini, Gürcüstanda çox çeşidli bazarın daha da inkişaf etməsini və Azərbaycanla Gürcüstan arasında hələlik vizasız gediş-gəlişin olmasının nəzərə alsaq, Azərbaycan əhalisi daha çox keyfiyyətli və ucuz mallara çıxış əldə edəcəklər: «Bundan ən çox qazanan təbii ki, Gürcüstan olacaq. İndinin özündə belə Azərbaycan əhalisinin böyük bir hissəsi Gürcüstan ərazisindən dincəlmək üçün, həm də alış-veriş etmək üçün istifadə edir. Keyfiyyətli və ucuz Avropa mallarınının Gürcüstana gəlməsi bu səfərləri daha da artıracaq. Bundan uduzan Azərbaycan büdcəsi və Gürcüstana getmək imkanı olmayan istehlakçılar olacaq. Qazanan isə Gürcüstan hökuməti, Gürcüstanın büdcəsi olacaq. Gürcüstana səfər edənlərin sayının artmasından bu ölkənin kiçik və orta biznesi qazanacaq: «Azərbaycan hökuməti anlamır ki, nə qədər Assosiativ sazişin imzalanmasından, ÜTT-ə üzvlükdən qaçsa da, dünya o qədər kiçikdir ki, qonşu Gürcüstan vasitəsilə bir çox məsələlər həllini tapacaq. Sadəcə burda uduzan Azərbaycanın büdcə gəlirləri olacaq. Belə görsənir ki, Azərbaycan hökuməti illərdir neft gəlirlərindən xoşhal olaraq büdcənin digər formada doldurulması haqqında heç düşünmək belə istəmirlər. Hələ ki, neftdən gələn vəsaiti xərcləməkdə və neft pullarına güvənərək ölkəni idarə etməkdə israrlıdırlar».
Fizzə


