Mehman Əliyev: «Hakimiyyət insan haqları ilə bağlı tənqidlərə dözmürsə, o zaman nəyə görə beynəlxalq öhdəliklər götürürdü?»
ABŞ Konqressinin Helsinki Komissiyasında keçirilən dinləmələr hakimiyyətdə süngü ilə qarşılansa da, iqtidar mətbuatında baş verənlərə verilən reaksiya maraq doğurur. Azərbaycanın sərt tənqid olunduğu və ölkə reallıqlarının bütün çılpaqlığı ilə ortaya qoyulduğu dinləmələr barədə məlumatı iqtidar mətbuatı özünə xas formada təqdim edib. Məsələn, «Azərbaycan» qəzetində bu dinləmələr barədə dərc olunan yazını oxuyan kəs müzakirələr barədə tam başqa fikrə qapıla bilər. Çünki müzakirələr zamanı səslənən sərt tənqidlərin heç birnə yer verməyən adını çəkdiyimiz nəşr yalnız pozetiv notların əks olunduğu yazını dərc edib. Amma «Azərbaycan» qəzetindən fərqli olaraq «YAP-ın rəsmi orqanı olan «Yeni Azərbaycan» qəzeti əsəblərinə hakim kəsilə bilməyib. ABŞ-ın ünvanına olmayan ittihamlar yağdıran qəzet Vaşinqtonu digər ölkələri insan haqları, demokratiya ilə bağlı şantaj etməkdə suçlayır. Hakimiyyət düşərgəsindən ABŞ-ın ünvanına bir qayda olaraq səslənən tezislərin təkrar olunduğu məqalədə Amerikanın tarixinə özünə məxsus formada «ekskurs» edilib.
Amma bir qayda olaraq vahid mövqedən çıxış edən hakimiyyət KİV-lərinin mövqeyində bu cür fərqli yanaşmanın olması maraq doğurmaya bilməz.
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, «Azərbaycan» qəzeti rəsmi KİV olduğu üçün müəyyən həddləri keçə bilməyib. M.Əliyevin fikrincə, ona görə, «Yeni Azərbaycan»dan fərqli olaraq «Azərbaycan»ın mövqeyi bir qədər yumuşaqdır. «Yeni Azərbaycan» qəzetinini isə bir partiya orqanı sayıldığını deyən M.Əliyev vurğuladı ki, amma bu qəzetdən bu cür mövqe sərgilənməsi normaldır: «Hakimiyyət KİV-ləri arasında kimin hansı informasiyanı çatdırması ilə bağlı xüsusi bir bölgü var. Kimin daha radikal, kiminsə ortaq mövqe tutacağı əvvəlcədən müəyyənləşir».
«Azərbaycan» qəzetinin ABŞ-dakı dinləmələrin əsl mahiyyətini təhrif edərək dərc etməsinə gəlincə isə M.Əliyev bildirdi ki, bu sahədə ciddi problemlər var. Ələxsus jurnalistikanın «dürüst xəbər çatdırmaq» prinsipi kobud şəkildə pozulur: «Jurnalistikanın peşə, əxlaq kodeksini pozanlar əsasən hakimiyyətə məxsus mətbu orqanlarıdır. Jurnalistin əsas vəzifəsi həqiqətə xidmətdir. Təəssüflər olsun ki, hazırda «Azərbaycan» qəzetində yer alan təhrif olunmuş məqalə kimi yazılar qarışımıza daha tez-tez çıxır».
«Yeni Azərbaycan» qəzetində ABŞ-ın ünvanına səslənənən mesajlara gəlincə, M.Əliyev hesab edir ki, hakimiyyətə olan tənqidlərin yeganə səbəbkarı o özüdür: «Azərbaycan Konstitusiyasınad insan haqlarının qorunmalı olduğu qeydi var. Əgər sən insan haqlarını kobud şəkildə pozursansa buna görə tənqid olunacaqsan. İnsan haqlarını qorumalı olan struktur məhkəmələrdir. Amma məhkəmə sistemi normal işləmir. O zaman insan haqları necə qorunmalıdır. İnsana qanunla verilən hüquqları məhkəmələr qoruyur. Məhkəmələrin durumu isə göz önündədir. Əgər hakimiyyət beynəlxalq təşkilatlardan ünvanına sərt mesajların gəlməsinə dözə bilmirsə, o zaman nəyə görə üzərinə öhdəlik götürmüş, bir sıra təşkilatlara üzv olmuşdu?».
Xəyal


