“Rusiya qan qoxulu oyunlara girişib”

Moskvada yaşayan azərbaycanlı yazıçı, professor Çingiz Hüseyn “Media forum” saytının Avrasiya İqtisadi İttifaqı ilə bağlı suallarını cavablandırıb.

Rusiya, Belarus, Qazaxıstanın yaratdığı Avrasiya İqtisadi İttifaqına Ermənistan və Qırğızıstanın da qoşulacağı gözlənir. Azərbaycan da Avrasiya İqtisadi İttifaqına qoşulmağa dəvət olunur. Azərbaycan hansı addımı atmalıdır? Avropa İttifaqına yaxınlaşmalı, yoxsa Avrasiya İqtisadi İttifaqında təmsil olunmalıdır? Seçim Qarabağ problemi baxımından nə vəd edir?

“Media forum” saytının suallarına göndərdiyi yazılı cavabında Çingiz Hüseyn bildirib: “Keçmişi ilə, böyük imperiya arzuları ilə heç cür vidalaşmaq istəməyən, reallıqdan uzaq, dövrana zidd xülyalardan ayılmaq-ayrılmaq istəməyən müasir Rusiya son aylarda açıq-aydın qan qoxulu oyunlara girişib və yenicə yaranmış (bir növ Avropa İttifaqının, sanki dünyanın acığına) Avrasiya İqtisadi İttifaqı da bu oyunlardandır.

Amma!.. Məncə, dəvət qəbul olunmalı, Azərbaycan bu “birliyə”, sizin dilinizlə desək, yaxınlaşmalıdır – amma-lakin bir şərtlə: fürsətdən istifadə edib yeni meydanı bu və ya digər forma-şəkildə Qarabağın xeyrinə çevirə bilsək!

Hadisələrin gedişi göstərir ki, Qarabağ problemi uzun zaman öz ədalətli həllini tapmayacaq, asılı vəziyyətdə qalacaq. Bunun gün kimi aydın bircə səbəbi var: sadəcə Ermənistanın arxasında duran Rusiya istəmir! Və bu, heç də rusların erməniləri sevdiyindən doğmur, dediyim xülyalarla sıx əlaqəsi olan strateji siyasətə, strateji əraziyə bağlıdır. Vəziyyət həqiqətən paradoksal, anlaşılmazdır: Rusiyanın keçmişdə də, indi də Azərbaycanın səmimiliyinə (daha digər məmləkətləri demirəm – siyahı uzundur) inamı olmayıb, amma ermənilərin, yuxarıda dediyim səbəblərə görə, arxasında durmaqdadır, halbuki rusların böyük imperiyası olan SSRİ-yə zərbələr vuran, Qarabağ avantürası ilə onu dağıdan məhz ermənilərdir. Onu da deyim ki, hər cəhətdən cılız və zəif Ermənistan da daima Rusiyaya arxalanıb, ustalıqla bütün işlərini Rusiyanın əli ilə görüb, onun yardımı ilə məqsədlərini-iddialarını reallaşdırmaqdadır.

Odur ki, Qarabağ savaşı – Rusiya ilə savaş deməkdir, bu da – Rusiya ərazidə varkən – Azərbaycan üçün, Allah göstərməsin, faciə ilə bitə bilər. Onu da deyim ki, indiki şəkildə Rusiya – imperiya tipli dövlətdir və son hərəkətləri ilə bunu açıq-aydın təsdiqləyir, Avrasiya İqtisadi İttifaqı da bu səpkidəndir.

Münəccim deyiləm, amma ulduzların gedişindən də, çərxi-fələyin fırlanmasından da xəbərdarıq… Belə getsə (Rusiyada ən yayılmış ideya – “Rusiya rus dövlətidir! Ruslar üçündür!”), Rusiya Federasiyası bir imperiya kimi gec-tez və məhz içəridən milli parçalara dağılacaq və mən buna qəti əminəm, odur ki, tarixin quyruğu uzundur. Rusların kəlamı: “поживём – увидим”, türkcəsi: “bakalım – görerim”.