Marneulidə seçkilərin favoriti azərbaycanlıdır – VİDEO

İlk dəfədir ki, bu rayonda icra başçısı azərbaycanlı ola bilər

15 iyun 2014 cü ildə bütün Gürcüstan ərazisində şəhər və rayonların yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək. Bu seçkilərdə namizədlər sırasında ölkə əhalisinin bir hissəsi olan azərbaycanlılar da var. 

Onlardan biri də namizədliyi Gürcüstanın “Vahid milli hərəkat” partiyası tərəfindən Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli sürülmüş Əhməd İmanquliyevdir. 

Gürcüstan müstəqilliyini əldə etdikdən bəri ilk dəfədir ki, Marneuli rayonunun İcra başçısı vəzifəsinə millətimizin nümayəndəsinin seçilməsi şansı yaranmışdır. Bu seçkilərə rayon sakinləri əhalisinin 80%-i azərbaycanlılardan ibarət olan Marneuli rayonuna azərbaycanlı rəhbər seçmək üçün tarixi fürsət kimi baxırlar. 

Qeyd edək ki, bir neçə gün bundan öncə, iyunun 8-də İmamquliyevin son 2 il ərzində ölkə ərazisində yaşamadığını gözlənilmədən əsas gətirən Marneuli Dairə Seçki Komissiyası onun namizədliyini ləğv etmişdi.Buna etiraz edən yerli sakinlər müvafiq qurumlardan ədalətli qərar çıxarılmasını tələb etdilər. Buna görə də ayın 10-da  günün ikinci yarısında məhkəmə  azərbaycanlı namizədin şikayət ərizəsini  müsbət dəyərləndirmək məcburiyyətində qalıb. 

Xatırladaq ki, müxalifətdəki Vahid Milli Hərəkat partiyasının üzvü olan İmamquliyev qarşıdan gələn seçkilərdə Marneuli üzrə ən şanslı namizədlərdən sayılır. 

Yeri gəlmişkən, Azərbaycandan fərqli olaraq Gürcüstanda seçkiləri saxtalaşdırmaq praktikasından imtina olunub. 

azadliq.info