Məhəmməd Talıblı: «Kənd Təsərrüfatındakı yoxlamalar daha çox siyasi xarakterlidir və keçmiş nazirin dövründəki neqativ halları göstərmək cəhdidir»
Məlum olduğu kimi, Hesablama Palatası vaxtaşırı büdcə təşkilatlarının fəaliyyətini, dövlət vəsaitlərinin xərclənməsi prosesini təftiş etmək üçün yoxlamalar aparır. Verilən məlumata görə, təkcə 2013-cü ildə Hesablama Palatası 75 yoxlama həyata keçirib. Yoxlamalar əsasən, dövlət büdcəsinin gəlirlərindən istifadə, dövlət qurumlarında büdcə vəsaitlərinin istifadəsi, Dövlət Torpaq Fondundan istifadə, büdcədən kənar fondlardan istifadə ilə bağlı olur.
Indiyə qədər qurumun Xarici Işlər Nazirliyində, Ictimai Televiziyada, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, Azərbaycan Milli Elmlər Akademiyasının Işlər Idarəsində, Mingəçevir Politexnik Institutunda, ARDNŞ-də, Gənclər və Idman Nazirliyində, Mədəniyyət və Turizm Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində və digər müəssisələrdə yoxlama aparıb. Məsələn, Hesablama Palatası Gənclər və Idman Nazirliyindəki korrupsiya faktlarını açıqlamışdı və bu, qalmaqala səbəb olmuşdu. Yaxud Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan muzeylərlə bağlı xeyli neqativ hallar aşkarlanmışdı. ARDNŞ-da isə, qaz itkilərilə bağlı yoxlamalar aparılmışdı və bir neçə vəzifəli şəxsin vəzifədən azad ediləcəyi barədə xəbərlər yayılmışdı.
Son olaraq isə, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalar apardı və xeyli korrupsiya faktı aşkar edildi. Qurumun “Aqrolizinq”dəki yoxlaması Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə göndərilib. Hazırda baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Maraqlı məqam ondan ibarətdir ki, xeyli sahədə neqativ hallar aşkar olunsa da, yalnız kənd təsərrüfatında aşkarlanan korrupsiya ilə bağlı prokurorluğa məlumat göndərilib və cinayət işi başlanıb.
Bəs, digər sahələrdə niyə anoloji addımlar atılmır?
Iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, Hesablama Palatasının yoxlamalarında əsas məqamlara göz yumulur. Kənd təsərrüfatı sahəsində baş verənlər isə, daha çoxsiyasi baxımdan şərh edilə bilər: “Hesablama Palatası bir qayda olaraq, büdcənin icrası, büdcə xərcləmlərin təyinatı ilə bağlı rəy hazırlayır. Azərbaycan reallığında isə, Hesablama Palatasının hesabatında büdcə qanunvericiliyinə zidd olan məqamlar, xərcləmlərdəki korrupsiya faktları təfsilatı ilə göstərilmir. Diqqət etsək görərik ki, Hesablama Palatasının hesabatları hər il bir-birini təkrarlayır və ümumi görüntü yaranır. Bildiyimiz kimi, əsas xərclər tikinti və investitsiya layihələrinə yönəldilir. Kənd təsərrüfatına isə bunlardan qat-qat az vəsait sərf edilir. Indiki halda, kənd təsərrüfatındakı korrupsiyanın aşkarlanması və bununla bağlı cinayət işinin açılması, daha çox siyasi baxımdan şərh edilə bilər. Təbii ki, bütün sahələrdə olduğu kimi Kənd təsərrüfatında da yeyinti faktları var. Ancaq yalnız bu sahənin üzərinə diqqət çəkilməsi, keçmiş naziri zərbə altında qoymağa hesablanıb. Hesablama Palatasının keçmiş sədri, hazırda Kənd Təsərrüfatı naziri postunu tutur. Indi ”Aqrolizinq” və digər sahələrdəki korrupsiya faktlarını ictimailəşdirməklə keçmiş nazirin dövründəki neqativ vəziyyəti göz önünə gətirmək istəyirlər. Hesab edirəm ki, gələn ilin hesabatlarında, kənd təsərrüfatındakı inkişafla bağlı məqamlar yer alacaq və yeni nazirin dövründə mənfi halların qarşısının alınması qeyd ediləcək”.
Akif


