Etibar Pirverdiyev 700 milyon borca necə düşüb?

Rövşən Ağayev: «Azərenerji» vergi borcunu ödəmirsə, burada hökumətin məsuliyyəti var»

Yaxın dörd il ərzində “Azərenerji” ASC 4 milyard dollarlıq investisiya proqramı həyata keçirəcək. “Fitch Ratings”ın ötən həftənin sonlarında açıqladığı rəyə belə bildirilir. Xatırladaq ki, “Fitch” bu dəfə “Azərenerji” ASC-nin emitent defoltunun uzunmüddətli reyitinqini “Sabit” dəyərləndirib, “BBB-” səviyyəsində təsdiq edib. “Reytinq” agentliyinin məlumatına görə, ASC-nin yeganə səhmdarı Azərbaycan Respublikasıdır və 100 faiz dövlətə məxsusdur.

“Bizim yol” qəzetinin iyunun 10-dakı sayında dərc olunan məqaləyə görə, “Fitch” hazırda “Azərenerji”nin dövlətlə hüquqi əlaqələrini güclü qiymətləndirir. Hətta dövlət şirkətin borcunun böyük hissəsi (2013-cü ilin sonuna toplanmış faizləri nəzərə almamaqla bütün borcun təqribən 89 faizi) üzrə zəmanət verməyə davam edir. “Reytinq” agentliyi bu göstəricinin 2014-2017-ci illərədək sabit qalacağını, hər hansı bir özəlləşdirmənin gözlənilməliyini qeyd edir.ÿ

“Fitch” “Azərenerji”ni elektrik enerji istehsalı və paylaşdırılması bazarında inhisarçı şirkət hesab edir. Belə ki, ölkənin elektrik enerji paylaşdırılmasının 55 faizi məhz dövlət şirkətinə məxsusdur: “Bu, şirkətin ÜDM-də payının aşağı olmasına baxmayaraq, ölkənin iqtisadiyyatında əhəmiyyətli ÿmövqeyə malik olduğunu göstərir”.

“ASC dövlət zəmanəti ilə alınan kreditlərdən əlavə, 2013-cü ilin sonunda hesablanmış faizlər istisna olmaqla, Maliyyə Nazirliyindən də subsidiya əldə edir ki, bu da ümumi borcun 6 faizini təşkil edir. 2009-2013-cü illərdə dövlət investisiya proqramları çərçivəsində 818 milyon manat (1 milyard dollardan çox) vəsait yatırılıb. Bu ilin 5 ayı ərzində 15,7 milyon manat dövlətdən investisiya vəsaiti əldə edib ki, ilin sonuna qədər 22 milyon manata çatacağı gözlənilir. Bundan əlavə isə, 2015-2017-ci ildə elektrik enerjisi sektoruna daha 4 milyard dollar yatırım qoyulacağı proqnozlaşdırılır” deyə açıqlamada qeyd edilir.ÿ

“Fitch” hesab edir ki, ölkədə qazın qiyməti Avropa bazarı ilə müqayisədə ucuzdur (Müqayisə üçün, 2007-2013-cü illərdə Azərbaycanda qazın ortalama qiyməti 62 300 mln dollar. m3 olubsa, Avropada 294 000 mln dollar. m3-a başa gəlib). Bu o deməkdir ki, göstərilən müddət ərzində şirkətə 1 milyard dollar subsidiya ayrılıb. Bu da elektrik enerjisinin aşağı tariflərdə saxlanılmasına təsir göstərir.

“Reytinq” agentliyinin açıqlamasına görə, “xərclər-plus” mexanizmi ilə tariflərin müəyyənləşdirməsi şirkətlər üçün əlverişli olsa da, sosial siyasət baxımından məhdud modeldir: “Elektrik enerjisinin qiyməti tez-tez dəyişilmir, sonuncu dəfə 2007-cı ildə artırılıb. Yanacaq xərcləri ”Azərenerji”nin əməliyyat xəclərinin, demək olar, yarısını təşkil edir. 2013-cü ilin dekabrında 48 faiz artaraq bir milyon m3-u 80 min manata qaldırıldı. 2014-2017-ci illərdə enerji və qaz tarifləri dəyişməz olaraq qalacağı gözlənilir. 2014-cü ildə elektrik və qaz tarifləri arasında artım tempi arasında uyğunsuzluq var və bu da müəyyən risklər yaradır. Şirkət bunu kompensasiya etmək üçün dövlətin investisiya vəsaitindən istifadə edəcək. “Azərenerji”nin vergi borcu 2013-cü ilin sonuna kimiÿ700 milyon manat təşkil edib. Şirkət qalan vergi borclarını daha böyük həcimli dövlət subsidiyaları hesabına və ya əlavə borclar cəlb etməklə ödəyə bilər. Bu, onun kreditödəmə qabiliyyətinə neqativ təsir göstərir”. Nəhayət, “Fitch” risklərdən sığortalanmaq üçün şirkətə tövsiyələrini təqdim edib.

Maraqlıdır ki, bir vaxtlar Azərbaycanda fəaliyyət göstərən Hüseyn Arabulun rəhbərlik etdiyi “Barmek” şirkəti dövlətdən heç bir dotasiya almadığı halda ili heç bir borc saxlamadan qapayırdı. Özü də nəzərə almaq lazımdır ki, bu şirkətin fəaliyyəti zamanı elektrik enerjisinin qiyməti indikindən 3 dəfə ucuz idi. Amma “Azərenerji”nin vergi borcu 2013-cü ilin sonuna kimi 700 milyon manat təşkil edib. Bu baxımdan belə bir reytinqli təşkilata 4 il üçün 4 milyard investisiya yatırılması başadüşülən deyil.

Iqtisadçı Rövşən Ağayevin fikrincə, “Azərenerji”nin 700 milyon manat vergi borcunun yaranmasına səbəb sadəcə olaraq vergi intizamsızlığıdır. Nazirlər Kabinetinin qərarına görə, iri vergi ödəyicilərində il ərzində müntəzəm monitorinq aparıldığınıi deyən R.Ağayev vurğuladı ki, bu müəssisələrin gəlirləri, xərcləri il ərzində bir neçə dəfə qiymətləndirilir: “Yəni faktiki olaraq ”Azərenerji” vergi borcunu ödəmirsə, burada hökumətin də məsuliyyəti var. Çünki “Azərenerji” hökumət şirkətidir. Hökumət bu şirkətlərin dövlətsizləşdirilməsinə, hətta idarəyə verilməsinə belə tab gətirmədi. “Barmek”ə verdi, sonra da geri qaytardı. 2007-ci ildə elektrik enerjisinin dəyərini 3 dəfə qaldıranda hökumətin ictimaiyyət qarşısında verdiyi bəyanat bu olmuşdu ki, yeni qiymətlərin hesabına biz faktiki “Azərenerji”nin maliyyə davamlılığını təmin edəcəyik. “Barmek” “Azərenerji”dən 3 dəfə az tariflə işləyir və dövlət büdcəsindən heç bir dotasiya almırdı. Amma “Azərenerji” 3 dəfə artıq tariflə işləyir, üstəlik, dövlətdən yardım da alır. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, “Azərenerji”nin əhalidən yığımı, demək olar, 100 faizə yaxınlaşıb. Digər tərəfdən, “Barmek” “Azərenerji”yə hazır infrastruktur qoyub getmişdi”.

“Azərenerji”yə 4 milyardlıq investisiya yatırımına gəlincə, R.Ağayev vurğuladı ki, o, dövlət müəssisələrinə bu cür iri yatırımların edilməsini düzgün saymır. Ümumiyyətlə, dövlət mümkün qədər iri kommunal müəssisələri dövlətsizləşdirməlidir: “Dövlətsizləşdirmə təkcə özəlləşdirmə anlamına gəlmir. Dövlətsizləşdirmə söhbət idarəetmənin dövlətin əlindən alınmasından gedir. Beynəlxalq bazarlardakı şirkətlər bu sahəni işlədərək investisiyanı da onlar yatırırlar. Bu gün müəllimi 150 manat alan dövlətin məmurların korrupsiya maraqlarına görə hər hansı sahəyə pul yatırması yolverilməzdir”.

R.Ağayevin fikrincə, digər tərəfdən 4 milyardın hansı sahəyə xərclənəcəyi ilə bağlı aydın planın olmaması bu vəsaitin də yatırılmasından səmərə olmayacağı anlamına gəlir. 

Xəyal