Bakının Nərimanov rayonunda (Tələt Şıxəliyev 8) AXCP-nin qərargah üçün icarəyə götürdüyü və martın 3-də partladılaraq, bir gün sonra sökülən mülkün sahibi Azər Əsgərov hələ də ona dəyən ziyana görə kompensasiya ala bilmir.
Bununla bağlı etdiyi şikayətə Fövqəladə Hallar Nazirliyindən aldığı cavabda bildirilir ki, mülkü Nərimanov İcra Hakimiyyəti söküb, ona görə də ora müraciət etsin.
Yaranmış vəziyyətlə bağlı AXCP də mülk sahibi Azər Əsgərovu müdafiə edən bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, bina sökülərkən Azər Əsgərova məxsus bütün əşya və avadanlıqlar Nərimanov icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiyanın sədri, Nərimanov icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun rəhbərliyi ilə maşınlara yığılaraq naməlum ünvana aparılıb və bu günə qədər mülk sahibinə bu barədə hər hansı məlumat verilməyib, onun əşyalarının harada olduğu bilinmir. Mülk sahibi Azər Əsgərovun müxtəlif instansiyalara etdiyi şikayətlər isə indiyədək araşdırılmayıb.
“Azər Əsgərov da mətbuata açıqlamasında bildirib ki. mülkü ondan icazəsiz, razılığı olmadan söküblər. Həmin vaxtdan 3 ay keçib, amma ona nə kompensasiya, nə də əşyalarımın pulunu ödəyirlər. Mənzil qanunvericiliyinin 28-ci maddəsinə əsasən, hər hansı ev partlayış, yanğın kimi hallardan yararsız hala düşübsə, ev sahibi həmin yeri verilən vaxt ərzində təmir etməli, edə bilmirsə, bazar qiyməti ilə satışa çıxarmalıdır. Əgər mülk satılmazsa, icra hakimiyyəti həmin yeri ala bilər. Mülk məhkəmə qərarı olmadan söküldüyü üçün Azər Əsgərov Nərimanov Rayon İcra Hakimiyyətini məhkəməyə verib, maddi-mənəvi təzminat istəyir. Onun sözlərinə görə, şəxsi mülkünü AXCP-yə qərargah kimi verdiyi, onlardan geri almaq haqda yuxarıların sifarişini yerinə yetirmədiyi üçün hakimiyyət onunla şəxsi-qərəzlik edir.
AXCP də hesab edir ki, həm həmin mülkün partladılaraq sökülməsi, həm də sahibinə konpensasiyanın ödənilməməsi oranın partiyaya icarəyə verilməsi ilə bağlıdır. Əgər belə olmasaydı, indiyə qədər Azər Əsgərovun şikayətləri araşdırılar, həmin binanın zirzəmisinin sahibinə və həmin binaya bitişik iki mənzilin sahibinə ödənilən kompensasiya və kirayə haqqı Azər Əsgərova da şamil edilərdi.
Artıq hadisədən 3 ay keçməsinə baxmayaraq, nə Nərimanov rayon icra hakimiyyətinin başçısı, nə də mülkün sökülməsinə rəhbərlik edən komissiyanın sədri və icra başçısının birinci müavini onu qəbul edir. Ona mülkün sökülməsi üçün rəy verən Fövqəladə Hallar Nazirliyinə müraciət etməli olduğunu bildirirlər. FHN-də də Azər Əsgərovu qəbul edib, şikayətini dinləmək istəmirlər. Nazirliyin yazılı cavabında isə Azər Əsgərova binanı sökən Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmək tövsiyyə olunur. Bu isə sadəcə, vətəndaşı dövlət orqanları arasında “ötür-ötür oyunu”na salmaqdır”, – deyə bəyanatda bildirilir.
AXCP təəssüflə qeyd edir ki, Konstitusiyaya and içib, vətəndaşların mülkiyyət hüquqlarının toxunulmaz olduğunu bəyan edən dövlət başçısı bu özbaşınalığa, qanunsuzluqlara hələ də münasibət bildirməyib.
Partiya qeyd edir ki, ölkədə mülkiyyət hüquqlarının kobudluqla pozulması müntəzəm hala çevrilib və Azər Əsgərov da həmin ədalətsizliyə məruz qalan şəxslərdən biridir.
AXCP hakimiyyət orqanlarından tələb edir ki, Azər Əsgərova dəyən maddi ziyana görə qısa zamanda kompensasiya ödənilsin, müvafiq dövlət strukturları tərəfindən onun şikayəti araşdırılsın və müvafiq tədbirlər görülsün.
AXCP, eyni zamanda hakimiyyət orqanlarından təcili olaraq Azər Əsgərovun pozulan mülkiyyət hüquqlarının təmin olunmasını tələb edir.
AXCP onu da bəyan edir ki, mülk sahibi Azər Əsgərov ağır ürək əməliyyatı keçirdiyi üçün üzləşdiyi haqsızlıqlar, qanunsuzluqlar onun səhhətinə pis təsir edib və ağrıları getdikcə şiddətlənməkdədir. Azər Əsgərovun səhhəti ilə bağlı yaranacaq hər hansı problemə görə məsuliyyət hakimiyyət orqanlarının üzərinə düşür.
AXCP beynəlxalq təşkilatları bu qanunsuzlaqlara biganə qalmamağa, mülkiyyət hüquqları kobudcasına pozulan, sökülən mülkünə və dağıdılan əmlakına, əşyalarına görə 3 aydan çox müddətdə hələ də kompensasiya ala bilməyən Azər Əsgərova dəstək olmağa çağırır.


