Telefon şantajı Ərdoğana nə vəd edir?

Razi Nurullayev: «Ərdoğana qarşı nə qədər kompromatlar olarsa, baş nazirdə bir o qədər özünü müdafiə edəcək sözlər, hərəkətlər və fəaliyyətlər olacaq»

Bələdiyyə seçkiləri ərəfəsində Türkiyədə Gülən hərəkatı ilə AKP hökuməti arasındakı gərginlik zamanı baş nazir Ərdoğanla oğlu Bilalın telefon danışığı olduğu iddia edilən səs yazısının internetdə yayılması geniş rezonansa səbəb oldu. Səs yazısında söhbət külli miqdarda nəğd pulun gizlədilməsi üçün tədbirlərdən gedirdi. Lakin qısa müddət ərzində bu səs yazısının saxta olduğu sübuta yetirildi. Bununla belə müxalifət baş nazirə və onun ailəsinə qarşı yeni kompromat axtarışında idi. 

AKP-nin bələdiyyə seçkilərində qələbə qazanması və baş nazir Ərdoğanın prezidentlik iddiası Gülən hərəkatı-müxalifət birliyini yenidən hərəkətə gətirdi. 

Iyunun 10-da CHP sədri Kamal Kılıçdaroğlu partiyasının parlament fraksiyasının toplantısında həmin səs yazısının montaj olmadığı iddiası ilə çıxış edib. CHP sədri saniyəsinə qədər konkret vaxt və telefon nömrələrini göstərərək, Ərdoğanın ailə üzvlərinin həmin vaxtlarda və nömrələrdən zəng vurmaqla bir-birlərilə danışdıqlarını deyib.

Prezident seçkilərinə Gülən-müxalifət birliyinin yenidən bu tipli məlumatlar açıqlayacağı istisna edilmir. Hətta müxalifətin vahid namizədlə seçkilərə qatılacağı barədə məlumatlar da açıqlanıb. Bütün bunlar son vaxtlar reytinqi bir qədər aşağı düşən baş nazir Ərdoğanın prezidentlik iddiasına mane ola bilərmi?

Politoloq Razi Nurullayev audio və video yazıların Ərdoğanın prezident seçilməsinə ciddi təsirinin olmayacağını deyir. Çünki 30 mart bələdiyyə seçkilərindən öncə də bir çox insanlarda belə fikir var idi ki, Ərdoğan ən yaxşı halda cüzi səs fərqi ilə qələbə qazana bilər. Türkiyənin aparıcı müxalifət partiyaları, CHP, MHP qələbə qazanacaqlarından əmin idilər. Ancaq Türkiyə cəmiyyəti fərqli düşündü. Çünki Ərdoğan haqqında bu gün nə qədər ifşaedici məlumatlar yayılsa da, onun xidmətləri də göz önündədir. Türk xalqı bunu qiymətləndirir.

Ekspert hesab edir ki, prezident seçkisi öncəsi də Ərdoğana qarşı nə qədər kompromatlar olarsa, baş nazirdə bir o qədər özünü müdafiə edəcək sözlər, hərəkətlər və fəaliyyətlər olacaq. Bunun da nəticəsində Ərdoğan yenidən türk xalqının qəlbinə girməyi bacaracaq. Çünki onda bir siyasətçi kimi bu xarizma mövcuddur: “Bu baxımdan Ərdoğanın prezident seçkilərində qalib gəlməsinə videoların və audio yazıların təsir etməyəcəyi düşüncəsindəyəm”.

Fizzə