Ermənilərin Culfa yaxınlığında yeksəkliyi ələ keçirdiyi deyilir
Dünəndən etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Naxçıvan istiqamətində şiddətli atışmaların getdiyi bildirilir. Bu bardəd məlumatlar sosial şəbəkələrdə və yerli saytlarda yayılıb.
Məlumatlarda deyilir ki, erməni əsgərləri Naxçıvanın Culfa rayonunun Ləkətağ və Ərəfsə kəndlərini güclü atəşə tutublar.
Təmas xəttinin həmin istiqamətində erməni qüvvələrinin Azərbaycan ordusunun postlarından birini ələ keçirdiyi barədə xəbərlər yayılsa da Culfa sakinləri bu xəbəri təsdiqləmirlər. Culfa sakinlərinin virtualaz.org saytına bildirdiyinə görə, ermənilər Ləkətağ və Ərəfsə kəndləri yaxınlığındakı neytral mövqedə, təpəlik ərazidə yeni post yerləşdiriblər. Azərbaycan ordusunun postlarından birinin ələ keçirildiyi, Ləkətağ kəndinin güclü atəşə tutulduğu və sakinlərin kəndi tərk etməyə məcbur olduqları haqda yayılan xəbərlər isə doğru deyil.
Yerli sakinlər Azərbaycan ordusunun həmin istiqamətdə itki verdiyini də təsdiqləmir. Bununla belə, Naxçıvandakı mənbələr bildirir ki, hazırda Sədərək istiqamətində şiddətli atışmalar gedir.
Naxçıvandan olan jurnalist və hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev bizimyol.info-ya bildirib ki, Culfa rayonunda ermənilərlə təmas xəttində atışma olsa da, heç bir kənd boşaldılmayıb.
Onun “Yeni Müsavat”a verdiyi məlumata görə isə ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirib və post qurublar. Əvvəllər bu yüksəklik neytral zona olub, hər iki tərəf arasındakı anlaşmaya görə, azərbaycanlı və erməni çobanlar burada öz mal-qarasını sərbəst şəkildə otara bilərdi. Artıq ermənilər neytral ərazidə posta qurublar, çobanlarımız təhlükəni hiss edərək bu yüksəkliyi tərk ediblər: “Hər iki tərəf arasında razılaşma belə idi ki, atışma olmasın, Ləkətağda çobanlar mal-heyvanını otarsın. Bizimkilər birdən ayılıb ki, Ləkətağ əldən gedir, ermənilər artıq orada postlar qurublar. Əhali narahatdır. Təxminən 1992-ci ildə Naxçıvanın Sədərək rayonundakı Mil təpəsinin oxşar taleyini indi Ləkətağ yüksəkliyi yaşayır.
O zaman da Mil təpəsi neytral ərazi idi. Bu postu ermənilər ələ keçirdilər, Naxçıvan xeyli sayda şəhid verdi. İndiyə qədər də Mil təpəsində ermənilərin postu var və oraya nəzarət edirlər. Hazırda Ləkətağda Mil təpəsində olduğu kimi ermənilər post qurub”.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS-in sorğusuna cavab olaraq bildiriblər ki, Naxçıvanın yüksəkliklərinin ermənilərin əlinə keçməsi haqda yayılan xəbərlər həqiqətə uyğun deyil: “Düşmən atəşkəs rejimini pozduqda cavab atəşi ilə susdurulur. Atəşkəs rejiminin pozulması haqqında gündəlik olaraq Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilir”.


