Nurəddin Məmmədli: «Rusiyanın təzyiqləri qarşısında Avrasiya İttifaqına qoşulmaq, Azərbaycanın müstəqilliyinə təhlükədir»
Rusiya mayın 29-da Astanada təsis edilmiş Avrasiya Iqtisadi Ittifaqına qoşulmaq üçün Azərbaycana rəsmi dəvət göndərib. Bu barədə Rusiya və Belarus KIV-i məlumat yayıb. Verilən məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 9-da serb jurnalistlərlə görüşündə Avrasiya Iqtisadi Ittifaqının dünya arenasında yeni “güc mərkəzi”inə çevriləcəyini deyib.
A.Lukaşenkonun sözlərinə görə, Avrasiya Ittifaqına bir çox ölkə maraq göstərir. Məsələn, Çin, Vyetnam və Hindistan artıq yeni təsis olunmuş ittifaqla təmasa girməyə hazır olduğunu bildirib.
Xəbərdə xatırladılır ki, gələcəkdə Avrasiya Ittifaqına Ermənistan və Qırğızıstan da üzv olmağa hazırlaşır. Həmçinin ittifaqa daxil olmaq üçün Azərbaycana da rəsmi səviyyədə dəvət göndərilib.
Azərbaycanın Avrasiya Ittifaqına daxil olması üçün Rusiyadan rəsmi dəvət aldğına dair epochtimes.ru portalı da məlumat verib.
Sonuncu dəfə bu məsələ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Bakıya səfəri zamanı, ötən həftə gündəmə gəlib.
Azərbaycan tərəfi bu ittifaqa qoşulmaqla bağlı rəsmi mövqe bildirməsə də, ölkəmizə dəvət göndərildiyi dəqiqdir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya iyunun 17-də başlayacaq səfəri və daha sonra Rusiya baş nazirinin müavini Dmitri Roqozinin gəlişi onu deməyə əsas verir ki, Rusiya bu məsələdə israrlıdır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edər ki, Azərbaycanın Rusiya ilə bir ittifaqda təmsil olunması, ölkənin müstəqilliyi üçün təhlükədir: “Putin açıq şəkildə bildirmişdi ki, biz Avropa Ittifaqını və NATO-nu sərhədlərimizə yaxın buraxmayacağıq. Bu gün Ukraynaya qarşı baş verənlər, Azərbaycana olan təzyiqlər və digər münasibətlər məhz bu ideyanın həyata keçirilməsinə xidmət edir. Buna görə də Rusiya Gömrük Ittifaqı və Avrasiya Ittifaqını yaratmaq istəyir. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti hazırkı geosiyasi vəziyyətdən istifadə edərək Rusiya ilə bir ittifaqda yer almaqdan imtina etməlidir. Çünki bu ittifaqa qoşulmaq, Azərbaycanın suverenliyinə təhlükə yaradır. Ukrayna, Moldova, Gürcüstan kimi Azərbaycan da Qərbə doğru istiqamət almalıdır və bu imkandan bəhrələnməlidir. Ancaq Azərbaycan hakimiyyəti demokratik islahatlarda, avrointeqrasiyada maraqlı deyil. Hazırda hakimiyyət də bir çaşqınlıq müşahidə olunur və bu çaşqınlıq yaxşı heçnə vəd etmir”.
Azərbaycana göndərilmiş dəvətlə bağlı XIN-in mətbuat xidməti ilə əlaqə saxlasaq da, gün ərzində zənglərimizə cavab verilmədi.
Akif


