Samir Əliyev: «İlin sonuna qədər, məcmu kapitalı 50 milyona çatdıra bilməyən bir neçə bankın lisenziyası ləğv edilə bilər»
Azərbaycanda zərərlə işləyən bankların sayında artım var. Mərkəzi Bankın mayın 1-nə olan məlumatına əsasən, ölkəmizdə fəaliyyət göstərən 44 kommersiya bankının 11-i zərərlə işləyib.
Bu göstərici 2011-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir. 2011-ci ilin sonuncu ayını 14 bank zərərlə başa vurmuşdu. Zərərlə işləyən bankların sayında artım 2013-cü ilin dekabr ayından sonra müşahidə olunur. Dekabrın sonunda 4 bank zərərlə işləmişdi. Ötən 4 ay ərzində onların sayı təxminən 3 dəfə artıb. Bankların cəmi zərəri 33,67 milyon manat olub.
33 bank isə mənfəətlə işləyib. Onların mənfəəti 171,4 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bank mənfəətində artım var. Zərər və mənfəət nəzərə alınarsa, bankların cəmi gəliri 137,72 milyon manat olub.
Bankların mənfəətinin əsas mənbəyi xalis faiz gəlirləridir, zərərinin əsas mənbəyi isə xalis qeyri-faiz daxilolmalarıdır. Mayın 1-nə kimi bankların xalis faiz gəlirləri 400,5 milyon manat təşkil edib. Müqayisə üçün bildirək ki, bu, 2013-cü ilin mayın 1-nə nisbətən 1,6 dəfə çoxdur.
Ümumiyyətlə, banklar faizlərdən 712,2 milyon manat qazanıb. Qazancın 311,7 milyon manatı faiz xərcinə gedib və yerdə 400,5 milyon manat xalis faiz gəliri qalıb.
Mayın 1-nə kimi bankların qeyri-faiz gəliri 143,77 milyon manat təşkil edib. Amma qeyri-faiz xərcləri daha çox – 271,35 milyon manat olduğundan banklar ümumilikdə 127,57 milyon manat zərər edib. Yeri gəlmişkən, kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 252 milyon manat (40,28%) artaraq mayın 1-nə 4 360,53 milyon manat təşkil edib. Apreldə xarici öhdəliklərin həcmi 82 milyon manat (1,85%) azalıb.
Tez-tez hansısa bankın zərərlə işlədiyi haqda məlumatlar verilir. Bəs, bu banklar həqiqətənmi zərərlə işləyir. Yoxsa, gəlirləri gizlətmək məqsədilə bu məlumat yayılır. Ümumiyyətlə, banklar niyə zərərlə işləyir?
Iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, həm bankların yürütdüyü yanlış siyasət, həm də Mərkəzi Bankın verdiyi qərarlar, bankların zərərlə işləməsinə xidmət edir: “11 bankın zərərlə işləməsi o demək deyil ki, həmin bankın bağlanmaq təhlükəsi var. Bu zərər, dövrü olaraq hesablanır. Yəni ola bilər ki, bank ötən il gəlirlə işləyib, bu ilin 4 ayının yekunlarına görə, zərər edib. Mümükündür ki, növbəti aylarda, yenidən müsbət nəticə əldə edilsin. Bu 11 bankın zərərlə işləməsi, Mərkəzi Bankın iki qərarı ilə bağlıdır. Əvvəla, istehlak kreditlərinin verilməsində məhdudiyyət yaradıldı və kredit götürülməsi şərtləri ağırlaşdı. Daha sonra avtomobil kreditləri dayandırıldı. Sonradan bərpa edilsə də, şərtlər ağır oldu. Belə ki, əvvəl 20-30 faiz ilkin ödəniş tələb edilirdisə, indi 40-50 faiz tələb olundu. Bu iki addım bir sıra banklara mənfi təsir göstərdi. Bu həm də onun göstəricisidir ki, banklar siyasətlərini düzgün qurmurlar”.
Ekspert onu da əlavə etdi ki, məcmu kapital öhdəliyinə əməl edilmədiyindən bir neçə bank sıradan çıxa bilər: “Bank iki halda bağlana bilər. Bir halda, Mərkəzi Bank həmin bankın lisenziyasını ləğv edir. Yəni bank məcmu kapitala sahib ola bilmir və 50 milyonluq həddə çatmır. Yəqin ki, ilin sonuna qədər məcmu kapitalı 50 milyona çatmayan 4-5 bankın lisenziyası alınacaq. Ikinkci hal isə, bankın öz öhdəliyini yerinə yetirə bilməyib, müflisləşməyə doru getdiyi haldır”.
Akif


