Sizcə dövlət quruculuğu üçün 25 il az, yoxsa çox müddətdir? “Yenidənqurma”dan sonra, 1989-cu ildə Polşada keçirilmiş ilk demokratik seçkilərin 25 illiyini ötən həftə bütün dünya qeyd etdi. 20-dən artıq dövlət və hökumət başçısı bu yubiley mərasiminə qatılmışdı(ancaq bu yazı Polşa haqda deyil).
Polyaklar, ümumiyyətlə, mübariz xalqdır. Xüsusilə, ötən əsrin 80-ci illərində əfsanəvi “Solidarnost” (“Həmrəylik”) həmkarlar təşkilatının rəhbərliyilə aparılan demokratiya mübarizəsi təkcə Polşa deyil, bütün dünya üçün mühüm idi, qlobal xarakter daşıyırdı.
Amma bunları xatırlamaqla yanaşı, qeyd etməliyəm ki, azadlıq, demokratiya uğrunda mübarizənin yeni mərhələsi Azərbaycanda da təqribən Polşa ilə eyni vaxtda (SSRI-də rejimin qismən yumşaldığı ötən əsrin 80-ci illərinin sonlarında) başlamışdı.
Ilk mərhələdə Azərbaycanda da demokratik proseslər çox sürətlə gedirdi. 1992-93-cü illərdə Azərbaycanda da Polşada həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların təqribən eynisi həyata keçirilirdi. Hətta bəzi sahələrdə Polşadan da qabaqda idik. Biz 1993-cü ilin mayında Rusiya ordusunun axırıncı əsgərlərini də ölkəmizdən çıxaranda hələ Rusiya tankları Varşavada qalırdı. Sonra bilirsiniz nə oldu?
Azərbaycanda 1993-cü il 4 iyun dövlət çevrilişi nəticəsində Heydər Əliyev hakimiyyətə qayıtdı. Demokratik nailiyyətlər addım-addım avtoritar üsullarla əvəz olundu. Ölkəmizdə sülalə hakimiyyəti bərqərar oldu. Bütün bu illər ərzində Polşada siyasi proseslər adi qaydada davam etdi. Ölkədə nə əvəzolunmaz, ümummilli lider, nə də onun layiqli davamçısı tapıldı. Hətta əfsanəvi Leh Valensa da 2-ci dəfə prezident seçilmək istəyərkən belə, polyaklar cəmi 3 faiz səs verdilər. Beləliklə, hökumətlər, prezidentlər seçki yolu ilə bir-birini əvəz etdi. Hazırda Polşa Avropanın inkişaf etmiş ölkələrindən birinə çevrilib, Avropa Birliyi və NATO-da ciddi söz sahibidir.
Biz isə ötən 25 ilin 21-ni bir ailənin əsarəti altında keçirdik. Indi biz də Şimali Koreya kimi rəhbərin doğum günü şərəfinə Gül bayramı keçiririk. Ölkənin hər bir bölgəsində sitayiş etmək üçün heykəllər, bütlər qoyulub. Xalqımızın vaxtilə böyük ümidlə baxdığı neft bumu isə artıq arxada qalıb. Neft də, neft pulları da qurtarmaq üzrədir. Ötən müddətdə xalqın siması da xeyli dəyişdirilib. Təhsilli, qabiliyyətli, işgüzar, normal bir ölkədə azı orta təbəqə təmsilçisi olacaq insanların xeyli hissəsi müflis edilib, lümpenləşdirilib. 21 il öncə “heç kim” olan savadsız, mədəniyyətsiz acgözlər isə vəzifə sahibi, milyonçu, milyarder, oliqarx olublar. Millətin sifəti olmağa iddia edirlər.
Ötən 21 ildə milyonlarla soydaşımız bir parça çörək dalınca ölkədən getdi. Sovetdənqalma təhsil və səhiyyə də dağıdıldı. Hazırda isə azad mətbuatı boğmaq, vətəndaş cəmiyyətini əzmək, çoxpartiyalılığı ləğv etməyə çalışırlar. Təhsilli, perspektivli gənclərə divan tuturlar…
Bu müqayisəni niyə etdim, bunları sizlərə niyə yenidən xatırlatdım? Məqsədim odur ki, belə bir sadə həqiqəti vurğulayım, altını cızım: Hər bir şəxs üçün də, bütövlükdə millət üçün də vaxtında düzgün seçim edə bilmək olduqca vacibdir. 20-25 il isə dövlət quruculuğu baxımından yetərincə uzun müddətdir. Təqribən eyni vəziyyətdən, nöqtədən hərəkətə başlamış iki dövlətin biri – Polşa bu müddətdə düzgün seçimlər edərək, AB-nin aparıcı dövlətlərindən birinə çevrilibsə, yanlış istiqamətdə “irəliləmiş” başqa dövlət – Azərbaycan isə Orta Asiya standartlarına ciddi şəkildə yaxınlaşıb. Təəssüf…
Dostlar, ölkəmizdə indiki vəziyyət dəyişmədikcə, biz yalnız illərimizi itirmirik, həm də daha da geriyə gedirik. Zamanın – nəinki hər ilin, hər günün qədrini bilmək lazımdır. Hər gün yatmamışdan əvvəl hər birimiz özümüzə sual verək: “Bu gün dövlətimizi və millətimizi qurtarmaq, önünü açmaq üçün nə iş gördüm?”.


