Paşayevlər iqtidaryönlü KIV-lərin «Naxçıvan» qruplaşmasının nəzarətindən çıxarmağa çalışır
Iqtidar daxilində mediaya nəzarət uğrunda savaş başlayıb. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib. Məlumata görə, xüsusilə Paşayevlər qrupu hakimiyyətyönlü medianı nəzarətə götürməyə can atır.
Qeyd edək ki, hazırda iqtidaryönlü mediaya nəzarət hakimiyyətdəki “Naxçıvan” qruplaşmasının əlindədir. Qəzetlər və xəbər saytlarının bir qismi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, digər qismi isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir. Televiziyaları da Ramiz Mehdiyevin kurasiya etdiyi bildirilir. Doğrudur, Kəmaləddin Heydərov və Ramiz Mehdiyevin nəzarətində olan KIV-lər hakimiyyətin ümumi maraqlarını müdafiə edir. Lakin bununla belə həmin KIV-lərdə Kəmaləddin Heydərovla Ramiz Mehdiyevin də maraqları müdafiə edilir. Məsələn, həmin KIV-lərə verilən tapşırığa əsasən ölkə başçısı və onun ailəsi ilə yanaşı Kəmaləddin Heydərovla Ramiz Mehdiyevin də tənqid olunması qadağandır. Qalan məmurlar haqqında isə tənqidi materiallar verilə bilər.
Elə təkcə bu fakt iqtidar daxilində ciddi narazılığa səbəb olub. Bundan başqa Kəmaləddin Heydərovla Ramiz Mehdiyev iqtidardaxili ziddiyyətlərdə nəzarətlərində olan KIV-lərdən məharətlə yararlanırlar. “Nurçu savaşı”nda bu özünü bariz şəkildə göstərdi. Paşayevlərə yaxın olan kadrların əksəriyyəti barədə məhz bu iki məmurun nəzarətində olan KIV-lər nurçu obrazı yaratdı. Həmçinin adıçəkilən məmurlar siyasi məsələlərdə nəzarətlərində olan KIV-lər vasitəsilə öz mövqelərini bütövlükdə hakimiyyətin mövqeyi kimi təqdim edə bilirlər. Bütün bunlar da təbii olaraq rəqib qruplaşmanı qane etmir. Bu baxımdan Paşayevlər iqtidaryönlü KIV-ləri birmənalı şəkildə öz nəzarətləri altında saxlamaq istəyirlər.
Informasiya şöbəsi


