Mal-qara yemi kimi nəzərdə tutulan kortof sortu Azərbaycanda alıcılara qida məhsulu kimi satılır, özü də dəyərindən 7 dəfə baha…
Vahid Məhərrəmov
Son vaxtlar kartof məhsulu ətrafında xeyli söz-söhbətlər gəzməkdədi. Mediada yayılan məlumata inansaq, Kənd təsərrüfatı naziri bu yaxınlarda vəd verib ki, Azərbaycan bu il kartofa olan tələbatını daxili istehsal hesabına tam ödəyəcək. “Azadlıq” radiosu məlumat yayıb ki, Naxçıvan Muxtar Respublikasında büdcədən maliyyələşən təşkilatlar vəÿticarətçilərə məcburi kartof əkdirilir. Məlumatda bildirilir ki, hər təşkilata çalışanların sayına görə əkin sahəsi ayrılır. Ticarətlə məşğul olan kiçik sahibkar isə hər 30 kvadrat metr ticarət sahəsinin müqabilində 1 hektar sahədə kartof əkməlidir. Bir sözlə, hamıya plan qoyulub.
Kartofla bağlı digər bir xəbər isə qonşu Rusiyadan gəldi. Bildirilir ki, idxal olunan məhsulda qızıl kartof nematodu aşkar olunduğundan Rusiya daha Ukraynadan kartof almayacaq.
Hər üç informasiya çox maraqlıdır. Bu məlumatlar bir daha sübut edir ki, kartof və digər kənd təsərrüfatı məhsullarından fərqli məqsədlə istifadə etmək olar.
Sonuncu və ən yeni informasiya ilə bağlı onu deyə bilərəm ki, Rusiyada qızıl kartof nematodu ilk dəfə Kalininqrad vilayəti ərazisində hələ 1949-cu ildə aşkar edilmişdi. Hazırda demək olar ki, bütün Rusiya ərazisində bu ziyanverici geniş yayılıb və o, hətta qida olmadığı halda da 25 il yaşaya bilir. Bu mənada, “islanmışın yağışdan nə qorxusu ola bilər ki?”
Görünür, Rusiyanın bu addımının səbəbi tamam başqadır. Nə isə, özümüzdən danışaq…
Kartofumuza güvə saldılar
Son üç ildə Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarındakı kartof sahələrində kartof güvəsinin geniş yayıldığı müşahidə olunur. Əvvəllər bu təhlükəli ziyanvericinin ölkəmizdə olmadığı, son zamanlar isə sürətlə yayıldığı və əkin sahələrinə ciddi zərər vurduğu haqda ötən il media vasitəsilə məlumat vermişdik. Nazirlər Kabinetinin 13 aprel 2004-cü il tarixli, 44 saylı qərarında da bu ziyanverici Azərbaycan ərazisində aşkar olunmayan və ya məhdud dairədə yayılan ziyanverici, karantin obyekti kimi siyahıya alınıb.
Uzun müddətdir ki, Azərbaycana Rusiya, Iran, Gürcüstan, Ukrayna, Belarus, Türkiyə, Pakistan və s. ölkələrdən kartof gətirilir. Idxal olunan kartof daha çox texniki və yemlik sortdur. Bu məhsulların bir hissəsi plastmas, kraxmal istehsalı, digər hissəsi isə mal-qara yemi kimi nəzərdə tutulsa da, hamısını əhaliyə yediriblər. Özü də baha qiymətə…
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkəyə 7,2 milyon ABŞ dolları dəyərində 62,5 min ton kartof idxal olunub. Apardığımız hesablamalar göstərdi ki, 1 kiloqram idxal kartofu 8,7 qəpiyə başa gəlib. Halbuki, həmin məhsulun 1 kiloqramı daxili bazarda 60-70 qəpiyə – dəyərindən 7 dəfə baha qiymətə təklif olunub.
Ölkəyə kartof idxal edən inhisarçılar texniki, yemlik sort kartofu ərzaq kartofu kimi təqdim etməklə, insanlara həm fiziki, həm maddi, həm də mənəvi ziyan vurublar.
Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatı, xüsusən kənd təsərrüfatı da ciddi zərərə məruz qalıb. Ölkəyə gətirilən kartof məhsulları ciddi fitosanitar nəzarətdən keçmədiyi üçün yuxarıda haqqında danışdığımız karantin obyekti sayılan kartof güvəsinin yumurtaları şübhəsiz ki, torpaqlı kartof yumrularının gözcüklərində ölkəmizə gətirilmişdi və ölkədə toxumçuluq sıradan çıxarıldığı üçün həmin yumrulardan toxum materialı kimi istifadə olunmuşdu. Bu ziyanverici olduqca təhlükəli hesab olunur!
Uzun müddət fermerlərimiz, kəndlilərimiz gələcəkdə bu ziyanvericiyə qarşı tədbirlər həyata keçirməklə əlavə vaxt itirməli, xərc çəkməli olacaq. Nə qədər çalışsalar da, əvvəlki həcmdə, keyfiyyətdə və dəyərdə məhsul əldə edə bilməyəcəklər. Vəziyyətin bu həddə gəlib çıxmaması üçün uzun müddətdir ki, mətbuat vasitəsilə hökuməti, bu sahəyə məsul olan məmurları xəbərdar etmişik. Lakin ixracdan asan əldə olunan külli miqdarda gəlirlər səlahiyyət sahibi olan məmurların qulağını “kar”, gözlərini isə “kor” edib.
Hələ bu hamısı deyil, iqtisadiyyatımıza qoyulmuş “minalar” bir müddət sonra təhlükəli təsirini süfrəmizdən tutmuş, ekologiyamıza qədər bütün istiqamətlərdə özünü göstərəcək. Yaxın zamanlarda, ölkəmizdə hələ mövcud olmayan digər xəstəlik və ziyanvericilərin də yayıldığının şahidi olacağıq. Necə ki, əvvəllər ölkəmizdə olmayan bünyavirus xəstəliyi də Azərbaycana digər ölkələrdən idxal olunan mal-qara ilə bərabər ölkə ərazisində peyda olaraq, qısa müddətdə heyvanlar arasında yayılmaqla çoxlu sayda tələfata səbəb oldu. Xəstəliyin qarşısını almaq üçün dövlət büdcəsi hesabına külli miqdarda maliyyə vəsaiti də xərcləndi.
Kim düz danışır: Ilham Əliyev, yoxsa…?
Baxmayaraq ki, idxalı inhisara almış acgöz, tamahkar məmurlar kartofumuza güvə salıblar, Kənd təsərrüfatı naziri vəd verib ki, bu il biz özümüzün kartofa olan ehtiyacmızı tam ödəyəcəyik. Doğrusu, bu narahatlığın nədən yaranması mənə aydın deyil. Bu ilin fevralında regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Ilham Əliyev çıxışında dedi ki, “özümüzü kartofla 98 faiz təmin edirik”.ÿƏliyevin sözlərinə inansaq, kartof ehtiyacımızın cəmi 2 faizini təmin edə bilmirik.
Əslində, bu göstəricini uğurlu hesab etmək olar. Ümumiyyətlə, il ərzində hər hansı məhsulun 2 faiz çatışmaması özünü heç bir halda biruzə vermir, nəzərə çarpmır. Ərzaq buğdasına olan ehtiyacımız tam şəkildə idxaldan asılı olduğu halda, ümumi ət və ət məhsullarına olan tələbatımızın cəmi 35 faizi, süd və süd məhsullarına olan tələbatımızın isə yarısı daxili istehsal hesabına ödənilir. Görəsən cəmi 2 faiz çatışmayan məhsul naziri nədən narahat edir? Görəsən, hansı səbəbdən məhz ilin sonuna yaxın, istehsal başa çatdıqda, əsasən kartof məhsulu sahələrdən anbarlara yığıldıqdan sonra, cəmi 2 faiz çatışmayan məhsulun qiyməti sıçrayışla – 3 dəfə qalxdı? Adətən belə olmur!
Məsələ burasındadır ki, ölkə özünü təmin edəcək qədər kartof istehsal edə bilmir. Hökumət adambaşına 44 kiloqram minimum norma müəyyən edilib. Minimum norma insan ölməməsi üçün son hədd kimi müəyyən edilir. Bu sahəyə məsul olan Kənd Təsərrüfatı Nazirliyinin məmurları isə istehlak norması anlayışından bixəbər olduqları üçün hər dəfə hökumətin müəyyən etdiyi minumum normanı əsas gətirərək bildirirlər ki, Azərbaycan özünün kartofa olan ehtiyacını artıqlaması ilə ödəyir. Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü müsahibəsində deyib: “Ölkədə istehsal olunan kartof tələbatdan 2 dəfə artıqdır. Ötən il əhalinin kartofa olan tələbatı 400 min ton olsa da, istehsal 1 milyon ton qeydə alınıb”.
Dövlət Statistika Komitəsinin məlumatında isə ölkədə 992 min tonÿkartof istehsal olunduğu göstərilir ki, bu da əvvəlki ilə nisbətən 2,4 faiz artım deməkdir. Nəzərə alsaq ki, ölkə əhalisinin artım tempi 1,3 faiz təşkil edir, deməli, 2013-cü ildə təklif çox olduğu üçün kartofun qiyməti düşməli idi, ancaq bu baş vermədi. Bazarın isə öz qanunu var: qiymət artıbsa, deməli təklif azalıb!
Azərbaycan hökuməti çaşqınlıq içindədir. Verilən statistik rəqəmlər üst-üstə düşmür. Görəsən, kartof istehsalı, idxalı, ixracı və istehlakı ilə bağlı kimdə dəqiq məlumat var? Kim düz danışır – Kənd Təsərrüfatı Nazirliyi, şişirtmə ilə məşğul olan Dövlət Statistika Komitəsi, Ilham Əliyev, yoxsa…?
Əlbəttə ki, bazar!
Beynəlxalq standarta görə, illik kartof norması adambaşına 125 kiloqramdır.ÿDeməli, daxili təlabatı tam ödəmək üçün məmurların sadaladığı rəqəmlərdən fərqli olaraq, ölkədə 1,2 milyon ton kartof istehsal olunmalıdı. Hökumətin hədəfi minumum bu qədər kartof istehsalına nail olmaqdan ibarət olmalıdır.
Qayıdırlar 70-ci illərə…
Naxçıvanda büdcədən maliyyələşən təşkilatlara vəÿticarətçilərə məcburi kartof əkdirilməsi haqda informasiya olduqca düşündürücüdür. Ilin-günün bu vaxtında kartofun 1 kiloqramı 1 manatdan yuxarı təklif olunduğu vaxtda Naxçıvanda kəndlilər nədən kartof əkini ilə məşğul olmasınlar? Dünyanın heç bir ölkəsində kartof bizdəki qədər yüksək qiymətə təklif olunmur. Bu ki əla fürsətdir! Istənilən ölkədə fermerlər, kəndlilər özləri yaranmış belə vəziyyətdən yalnız bəhrələnməyə çalışardı. Bəs nə baş verib?
Yaranan yeni situasiyanı dəyərləndirib ona uyğun addım ata bilməyənlər tarixin təkərini geriyə hərəkət etdirməyə çalışırlar. Görünür, keçmişlə yaşayanlar keçmişdə qalmağa üstünlük verir. Keçən əsrin 70-80-ci illərində şagirdləri, tələbələri, müəllimləri, alimləri, zavod və fabriklərdə çalışan fəhlələri, mühəndisləri və s. hamını pambıq, üzüm yığımına cəlb edirdilər. Pambıq yığımına cəlb olunanların sayı artdıqca sahədə uyğunsuzluq yaranırdı. Adamların sayı elə həddə çatmışdı ki, yetişmiş pambıq sahəsi çatışmadığı üçün göy qozanı sındırıb içindən heç nəyə gərək olmayan yetişməmiş sulu pambığı çıxarıb, yığıb təhvil verirdilər. Bu formada iş üçün darıxanlar bilməlidilər ki, artıq inzibati-amiranə qaydada kənd təsərrüfatını idarə etmək mümkün olmayacaq. Hər kəsin öz işi var. Imkan verin, müəllim bilgisini artırsın, ticarətçilər isə ticarətilə məşğul olsun.
Ümumiyyətlə, kənd təsərrüfatı məhsulu istehsalı ilə davamlı və dayanıqlı məşğul olan qurumlar, institutlar olmalıdır. Ona görə də bu işlə məşğul ola biləcək institutlara üstünlük verilməlidir.
Bu ilin aprel ayında Ilham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Bu fərman kənd təsərrüfatının institusional inkişafını təmin etməyi nəzərdə tutsa da, yerlərdə məmurlar köhnə qayda ilə idarə etməyə üstünlük verirlər. Bu gün kənd təsərrüfatında pərakəndəlik, dağınıqlıq mövcuddur. Az sayda fermer təsərrüfatları var ki, onların da çoxu hökumət məmurları ilə sıx əlaqədə çalışır. Əksər pay torpağı almış kəndlilər isə istehsalla məşğul ola bilmir. Bunun da bir çox səbəbləri var. Səbəblərdən biri odur ki, kənd təsərrüfatı məhsulu idxalı və topdansatışı inhisardadır. Əgər kəndli kartof istehsalı ilə məşğul olub, əldə etdiyi məhsulu daxili bazara çıxararsa, onu bir sıra problemlər gözləyir.
Birincisi, bazarlarda satışı həyata keçirmək üçün yer tapmaq müşkül məsələdir. Ikincisi, yerlərdə inşa olunmuş soyuducu kameralar, anbarlar müəyyən əllərdə olduğu üçün saxlamanı baha, məhsulu özləri aldıqda isə çox ucuz dəyərləndirirlər. Üçüncüsü, topdansatış bazarında kəndliyə məhsulu onlara ucuz qiymətə satmağı təklif edirlər. Nəhayət, inhisarçılar xaricdən daha ucuz kartof idxal etməklə kəndlinin malını sahədə, torpağın altında çürüdəcəklər. Yəqin, 2012-ci ildə bankdan kredit alıb kartof əkini ilə məşğul olan kəndlinin torpaqda qalan məhsulunu qucaqlayıb, ağlaya-ağlaya mərsiyə dediyi mənzərəni özündə əks etdirən videonu siz də görmüsünüz. Yaranmış belə bir vəziyyətdə kartof əkini gəlirli hesab olunsa da, bu işlə məşğul olmaq fermerlər, kəndlilər üçün riskli görünür. Naxçıvanın timsalında bir daha biz bunun şahidi olduq. O da aydın oldu ki, ölkədə normal biznes mühiti formalaşmayıb.
Hökumət bu sahədə üzərinə düşən vəzifənin öhdəsindən nəinki gələ bilməyib, hətta gələcəkdə yaranacaq problemlərin əsasını qoyub. Ola bilsin ki, Naxçıvan təcrübəsilə qısa müddətdə, yaxın zamanlarda nəyəsə nail olmaq mümkün olsun, ancaq gələcək perspektiv üçün yaxşı heç nə vəd etmir. Bu formada əkinçilik səmərəli hesab oluna bilməz. Kartof istehsalı ilə məşğul olanların sayını və əkin sahəsinin həcmini artırmaq ekstensiv yol hesab olunduğu üçün bu formada fəaliyyət bir sıra problemlər yaradacaq. Birincisi, bu sahəyə müvəqqəti cəlb olunanların biznes marağı olmadığı üçün əkin işləri başdan sovdu olaraq aparılacaq. Aqrotexniki qaydalara əməl olunmadığı halda isə əkin sahələrində xəstəliklərin, zərərvericilərin, alaq otlarının geniş yayılması ilə nəticələnəcək. Bu isə gələcəkdə kartof istehsalı ilə ciddi məşğul olan fermerlərin işinə əngəl yaradacaq. Ikincisi, bölgədə su, texnika, gübrə, pestisid çatışmazlığı kimi problemlər olduğu halda, eyni zamanda, həmin istehsal vasitələrinə olan tələbatın birdən-birə artması və nəticədə təbii olaraq tələbatın ödənilməməsi məhsuldarlığı aşağı salacaq. Üçüncüsü, çoxsaylı məhsul istehsalçıları əldə olunan məhsulu eyni vaxtda bazara çıxarmaqla bazarda təklif artacaq, qiymətlər kəskin düşəcək. Iki il bundan əvvəl belə hal baş vermişdi, fermerlər kartofun 1 kilosunu 5 qəpiyə satmağa məcbur olmuşdular. Elə bu səbəbdən də növbəti ildə kəndlilər kartof əkinindən imtina etdikləri üçün qıtlıq yarandı.
Virusdan daha təhlükəli olan korrupsioner məmurlar
Əlbəttə, nə bünyavirusu nə də ki, kartof güvəsini təbiətdə mövcud olan ən təhlükəli xəstəlik və yaxud ziyanverici hesab etmək olmaz, onlardan da təhlükəliləri var. Həyatda və cəmiyyətdə isə daha dəhşətli ziyankarlar var. Xalqın malını yağmalayan, talan edən, rüşvətxorluqla, korrupsiya ilə məşğul olan məmurlar cəmiyyət üçün daha təhlükəlidir. Məhz dövlət strukturlarına yerləşdirilmiş bu “minalar” ölkə iqtisadiyyatını dağıtmaqda davam edəcək.
