MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Minskdə keçirilən toplantısında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri, general Aleksandr Bortnikov sensasion sayıla biləcək bəyanatla çıxış edib.
MDB ölkələrində inqilab cəhdlərinin qarşısının alınmasından danışan FTX rəhbəri deyib ki, onlar bu istiqamətdə real niyyətlərin şahidi olurlar və mövcud informasiya xüsusi xidmət orqanlarını reaksiya verməyə, səyləri birləşdirməyə, o cümlədən informasiya mübadiləsinə məcbur edir. A.Bortnikov bildirib ki, bu cür qüvvələr qeyri-leqal fəaliyyət göstərirlər, qeyri-hökumət təşkilatlarından maliyyələşirlər və bu təşkilatlar o cümlədən MDB ölkələrinin ərazisində də mövcuddur. Bortnikovun sözlərinə görə, xüsusi xidmət orqanlarının səyləri “bu cür qanun pozuntularının profilaktikasına yönəlib” və məqsəd “leqal müxalifətçilik fəaliyyətinin radikal zəminə keçməsinin” qarşısını almaqdır.
Diqqət çəkən məqam ondan ibarətdir ki, Bortnikovun bu fikrləri, Azərbaycanda vətəndaş cəmiyyətinə, Qərblə əməkdaşlıq edən QHT-lərə qarşı repressiyaların baş verdiyi dövrə təsadüf edir. SMDT rəhbəri Anar Məmmədlinin, təşkilatın icraçı direktoru Bəşir Süleymanlının həbsi, L eyla Yunusun başına gətirilənlər, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın ölkədən didərgin salınması və digər faktlar göstərir ki, hakimiyyət bu məsələdə Rusiya ilə həmfikirdir.
Ümumiyyətlə, Azərbaycanda qanunlara edilən mürtəce dəyişikliklər, əksər vaxtlar Rusiyadan ilham alır. Hər iki ölkədə avtoritar rejim hakimiyyət başındadır və hər iki ölkədə xalqın iradəsi zorlanır.
Bortnikovun Qərblə əməkdaşlıq edən QHT-lərlə bağlı səsləndirdiyi fikirlərin, Azərbaycanda yerinə yetirilməsi onu göstərir ki, ölkədə baş verənlər Rusiyanın tövsiyəsi və sifarişi ilə həyata keçirilir.
Leyla Yunus: «Şimali Koreya yolu ilə gedən ölkələrin taleyi Rusiyada həll olunur»
Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, Azərbaycan hakimiyyəti Şimali Koreyanın yolu ilə gedir: “Gürcüstan, Moldova və Ukrayna Baltikyanı ölkələrin yolu ilə gedir və Qərbə inteqrsiyanı prioritet seçiblər. Belarus, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və digərləri isə, Şimali Koreya yolu ilə gedirlər. Şimali Koreya yolu ilə gedən ölkələrin taleyi Rusiyada həll olunur. Rusiyada bir neçə il öncə QHT-lərlə bağlı qanun qəbul olunub və Qərblə əməkdaşlıq edən təşkilatlara mütəmadi təzyiqlər edilir. Azərbaycanda da eyni situasiyadır və proses güclənərək davam edir. Azərbaycan Qərblə yalnız neft, qaz məsələsində əməkdaşlığa meyllidir. Ictimai-siyasi məsələlərdə isə, Rusiyanın təsirindədir. Ancaq, bir məqamı qeyd etmək lazımdır ki, Rusiyada vətəndaş cəmiyyətinin vəziyyəti, Azərbaycandan xeyli yaxşıdır. Rusiyada müəyyən təzyiqlər var, Azərbaycanda isə həbs edirlər”.
Mirvari Qəhrəmanlı: «Təəssüflər olsun ki, vətənini, millətini sevən insanlar, kimlərinsə diktəsilə təzyiqə məruz qalır»
NHMT Ictimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı hesab edir ki, Bortnikovun fikirləri absurddur və Azərbaycan hakimiyyətinin bundan ilhamlanması yanlışdır: “Ölkəsini, millətini sevən insanların təzyiqlərə məruz qalması bizi çox narahat edir və bu reallıq olduqca ağrılıdır. Mən bu ölkədə xeyli QHT-lər tanıyıram ki, onların fəaliyyəti dövlətin maraqları, ölkənin rifahına xidmət edir. Yəni, bu insanları Qərbpərəst, ruspərəst adlandırılması da düz deyil. Əgər, dövlətimə qarşı qərbdən hər hansı təhlükə olarsa, qərbi də tənqid edərəm və buna qarşı mübarizə apararam. Yəni, ölkəmin sərvətini mənimsəyən, ölkəmə hörmət qoymayan kim olursa olsun, buna münasibət bildirməyi borc bilirəm. Ancaq, bu faktdır ki, Rusiyada da insan haqlarına hörmət qoyulmur, vətəndaş cəmiyyəti sıxışdırılır. Azərbaycanda da eyni proses gedir. Hakimiyyət unutmamalıdır ki, güclü vətəndaş cəmiyyəti dövlətin təhlükəsizliyinin qarantıdır. Yaxşı olar ki, Bortnikov ölkəsindəki vəziyyəti müzakirəyə çıxarsın və Rusiyanın işğalçı siyasətini təhlil etsin. Ümumiyyətlə, ölkədəki QHT-lərin həyata keçirdikləri layihələrin qərbə, şərqə nə aidiyyatı var? Hakimiyyət də bilməlidir ki,belə siyasət heç vaxt uğur qazana bilməz”.
Akif


