Oqtay Əsədov oliqarxlardan qorxur, yoxsa bacarmır?

Millət vəkili rəhbərliyin Rəqabət Məcəlləsini müzakirəyə çıxara bilməməsindən danışdı

Nemət Əliyev: «Ilham Əliyev istəmədiyi üçün, Rəqabət Məcəlləsi haqqında qanun qəbul olunmur»

Ölkədə böyük inhisarçılığın, korrupsiyanın olduğu heç kimə sirr deyil və uzun illərdi bütün bunları sübuta yetirmək üçün kifayət qədər faktlar ortaya çıxıb.   Milli Məclisin sosial siyasət komissiyasının üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov “Reytinq” qəzetinə müsahibə verib və bu istiqamətdə diqqətçəkən məqamlara toxunub.

Millət vəkili bildirib ki, bugün ölkədə inhisar var və bunu gizlətmək lazım deyil. Uzun illərdi Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması dalana dirənib. Vahid Əhmədov da etiraf edir ki, Rəqabət Məcəlləsini qəbul edə bilmirik: “Rəqabət  Məcəlləsi gündəliyə salınıb, amma MM-in rəhbərliyi tərəfindən müzakirəyə çıxarılmır ki, onu qəbul edək.  Rəqabət Məcəlləsi Azərbaycan üçün çox vacib sənəddir. Deyə bilmərəm ki, MM-in rəhbərliyi ölkədə inhisarçılığın qalmasına maraqlıdır. Amma fakt odur ki, 7-8 il vaxt ötsə də qanun qəbul olunmur” – deyə Vahid Əhmədov bildirib.

Bazar iqtisadiyyatının əsas prinsiplərindən biri ölkədə rəqabət qabiliyyətli istehsalın, iqtisadi sistemin formalaşdırılmasıdır. Rəqabət Məcəlləsi haqqında qanunun qəbulu  sahibkarlıq subyektlərinin fəaliyyətinə süni şəkildə maneələri aradan qaldıra bilər. Bu isə, inhisarçı oliqarxların maraqları ilə ziddiyyət təşkil edir. Vahid Əhmədov da müsahibədə bildirir ki, əsas problemi iri inhisarçılar yaradır: “Hamı yaxşı bilir ki, xırda sahibkarların inhisarçılıqla məşğul olması mümkün deyil. Yalnız iri inhisarçılar hər yeri əhatə ediblər. Onlar istəmirlər ki, bu qanun qəbul olunsun. Çünki, qanunun qəbul olunması, bazarda azad rəqabətin olması üçün şərait yaradacaq”- deyə Vahid Əhmədov bildirib.

Millət vəkili iri inhisarçıların kimliyi haqda konkret adlar çəkməyib və Azərbaycan reallığında bu başa düşüləndir. 

Ancaq, heç kimə sirr deyil ki, ölkədə inhisarçılıq ilk növbədə hakim ailədən başlanır. Jurnalist araşdırmaları sübut etdi ki, Azərsun holdinqdən tutmuş, bank sektoruna qədər bütün sahələrə hakim ailə rəhbərlik edir. Yaxud, idxal monopoliyasının Kəmaləddin Heydərovun nəzarətində olması da heç kimə sirr deyil. Digər nazirlərin də nəzarət etdiyi sahələrlə bağlı kifayət qədər faktlar var. Yəni, Rəqabət Məcəlləsinin qəbuluna əngəl törədən, məhz yüksək vəzifə tutmuş şəxslərdi. Millət vəkili də etiraf edir ki, hətta Oqtay Əsədov da qanunu müzakirəyə çıxara bilmir. Çünki, azad sahibkarlığın qarşısına sədd çəkən hansısa sıradan şəxslər deyil ki, onlara qarşı mübarizə aparılsın. 

Bu faktlar sübut edir ki, sahibkarlığın inkişafı, azad ticarətin şaxələnməsi, bir neçə iri məmurun marqlarına qurban verilib. 

Iqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, “Rəqabət haqqında” qanunun qəbul olunması çox vacibdir. Çünki bazar iqtisadiyyatının əsas prinsiplərindən biri rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılmasıdır. Eyni zamanda bu hüquqi mexanizmin yaradılması baxımından əhəmiyyətlidir. “Istehsalla məşğul olan müəssisələr, xidmət sahələri rəqabət qabiliyyətli olmalıdır. Bunu ona görə etmək lazımdır ki, həm inkişaf etmiş ölkələrin iqtisadi sisteminə rahatlıqla inteqrasiya etmək imkanları yaransın, həm də xarici bazarlarda rəqabətə tab gətirə biləcək mallar istehsal edək və ya xidmətlər təşkil edə bilək. Rəqabət qabiliyyətimiz olmasa xarici bazar mövqelərimizi möhkəmləndirə bilmərik, dayanıqlığımızı itirə bilərik”.

Ekspert hesab edir ki, bugün rəqabət haqqında qanunun qəbul olunması birinci şəxsin iradəsinə bağlıdır: “Bəs rəqabət qabiliyyətimiz yoxsa, iqtisadi müstəqilliyimizi hansı yolla qoruyub saxlamalıyıq? Bu yol tutulmasa Azərbaycan əmtəə nişanlarını necə tanıda bilərik? Ona görə də rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq başlıca hədəflərimizdən biri olmalıdır. Bu yolda da ”rəqabət haqqında” qanunun qəbul edilməsi başlıca şərtlərdən biridir. Bu qanun qəbul edilməsi ilə, heç olmasa, hüquqi baxımdan, təbii, yaxud da qeyri-təbii monopolistlərin, sahibkarların əl-qolunu bağlayan əməllərinin qarşısını almaq olar. Əlbəttə, rəqabət qanununun qəbulu ilə hər şey yoluna düşmür. Çünki, bu ölkədə qanunlar işləmir, məmur özbaşınalığı var, vahid siyasi iradə yoxdur, vəzifə səlahiyyətlərindən sui-istifadə olunur, məhkəmələr asılı durumdadırlar. “Antiinhisar siyasəti haqqında” qanunun olmasına rəğmən, sahibkarların hüquqları kəskin şəkildə tapdanır. Normal ölkələrdə olduğu kimi kompleks siyasi, inzibati, iqtisadi, hüquqi mexanizmlər işlənib hazırlanmalıdır ki, sahibkarlar rəqabət qabiliyyətli istehsal qura bilsinlər. Konkret desək, Ilham Əliyev istəmədiyi üçün, Rəqabət Məcəlləsi haqqında qanun qəbul olunmur”.

Akif