Fikrət Qoca: «Daş yuxular» deyil, «oğraş yuxular»dır…»
Əkrəm Əylisli: «Onun kimi 25 il bir vəzifədə sırtılmış, özünü lider hesab edən bir adama mən nə deyə bilərəm?»
Şair Fikrət Qoca yenə yazıçı Əkrəm Əylislini tənqid edib. O, 1937.az-a müsahibəsində bunları deyib: “Biz çox yaxın idik Əkrəmlə… Bilirsən, insanlar müxtəlif olurlar. Mənim üçün dostluqdan müqəddəs şey yoxdur. Bizim aramızdakı dostluğun pozulması məndən asılı olan səbəbdən deyil. Bunu onun özü də çox yaxşı bilir. Instituta bir yerdə getmişik, bir yerdə bitirmişik. Ac olduğumuz vaxtlar da olub, tox olduğumuz vaxtlar da. Indi yadıma dumanlı şəkildə gəlir, amma çox maraqlı günlər yaşamışıq. Amma o biri köhnə dostlarım mənə hələ də əzizdir.
Dünyada ən müqəddəs şey varsa, bu, ailə sevgisidir, bəlkə, bundan da üstün olan dostluqdur. Mənim atam həkim idi. O, həmişə mənə deyirdi ki, oğul, biri ilə dostluq eləmək istəsən, ondan soruş gör, heç olmasa, onun uzun müddət dostluq etdiyi biri varmı? Əgər bir adam dostluq eləyə bilmirsə, demək, onun psixoloji cəhətdən bir əmması var. Insan dostluqda daimi və qətiyyətli olmalıdır. Qətiyyətsiz adamı gec deyilkən tərk et ki, sonra itirəndə ağlamayasan. Hər şeyin yaxşısı da var, pisi də. Elə ədəbiyyatın da”.
Jurnalistin “Bəs ”Daş yuxular” necə əsərdir” sualına Fikrət Qoca belə cavab verib: “Çox pis! Mən hətta deyərdim ki, bu ”Daş yuxular” deyil, “oğraş yuxular”dır. Əkrəm Əylisli nadanlıq etdi. Heydər Əliyev ona “Istiqlal” ordeninə kimi hər şey vermişdi. 60 yaşında “Şöhrət” ordeni verdi. O, bütün Azərbaycan xalqına qarşı nadanlıq etdi. Bu əsər kişi fikirləşən şeylər deyil, kişiliyə sığmır bunlar. Əkrəm ona çörək verən bir hakimiyyətə, xalqa xəyanət etdi. Ömrünün bu çağında, bu ağsaqqal vaxtında gərək belə bir addım atmayaydı. Qocalıq onsuz da məğlubiyyətdir”.
Əkrəm Əylisli Fikrət Qocanın səsləndirdiyi fikirlərə münasibət bildirib.
Yazıçı “Qafqazinfo”ya açıqlamasında deyib ki, F.Qocanın söylədiklərinə cavab vermək nə onun şəxsiyyətinə, nə də xarakterinə uyğundur: “Bəzi adamların əlinə köhnə qisaslarını almaq üçün fürsət düşüb. Nə Allaha, nə də peyğəmbərə baxırlar. Onun kimi 25 il bir vəzifədə sırtılmış, özünü lider hesab edən bir adama mən nə deyə bilərəm? Onun üçün nə bizim dostluğumuz, nə bir yerdə keçirdiyimiz zamanlar önəmlidir. O çalışır elə bir söz desin ki, kreslosunda daha çox otursun. Fikrət Qoca üçün bu dünyada müqəddəs bir şey qalıbmı ki? Ona münasibət bildirmək mənə əksiklik gətirər. ”Daş yuxular” əsərimi isə artıq il yarımdır ki, müzakirə edib qurtara bilmirlər. Görün bu əsər bunlara nə boyda yer edib. Əgər bədii cəhətdən belə zəif əsər idisə, niyə bu qədər danışırsız?”.


