Banklardan milyonlar niyə çıxarılır?

Samir Əliyev: «Bank sektorundakı mövcud vəziyyət insanlarda etibarı sarsıdıb»

Mərkəzi Bankın 2014-cü ilin ilk 4 ayının (yanvar-aprel) yekunu üzrə hesabatı açıqlanıb. Yerli valyuta ilə əhalinin əmanətləri bütün əmanətlərin 61,9 faizini (4 milyard 67 milyon manat, ilin əvvəli ilə müqayisədə 4,6 faiz çox), xarici valyuta ilə əmanətlər isə 38,1 faizini (2 milyard 502,9 milyon manat, ilin əvvəli ilə müqayisədə 0,2 faiz az) təşkil edir.

Mayın 1-nə qədər rezidentlərin bank əmanətinin həcmi 5 milyard 961,2 milyon manat olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 6,1 faiz artıb. Qeyri-rezidentlərin (xarici vətəndaşların) əmanətləri 608,7 milyon manat olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 21,5 faiz azalıb. Belə çıxır ki, ilin 4 ayında əcnəbi əmanətçilər Azərbaycan banklarına qoyduğu 167 milyon manat əmanəti geri götürüb. Bu, Azərbaycanın bank sektoruna inamsızlıq meyllərinin güclənməsindən xəbər verir. («Yeni Müsavat»)

Xarici əmanətçilər iflasa uğrayan “Royal Bank”ın sığortasız əmanətləri ilə bağlı qalmaqaldan sonra əmanətlərini çıxarmağa başlayıb. “Royal Bank” məsələsində İran vətəndaşları 100 milyon manat ziyana düşüb. Bankın lisenziyası ləğv edildikdən sonra oradakı əmanətlərin 71 faizinin batması əmanətçilərdə əsaslı narahatlıq yaratmışdı və artıq real nəticələr göz önündədir.

Bundan başqa Mərkəzi Bankın bəyanatına görə, bu ilin sonuna qədər tədiyə balansı 50 milyondan az olan bankların lisensiyazı ləğv ediləcək. Bu isə bank sektoruna təsirsiz ötüşməyəcək.

İqtisadçı Samir Əliyev bildirdi ki, Mərkəzi Bankın ilin əvvəlində qəbul etdiyi qərar bankların kredit verilməsi imkanlarını daraltdı. Çünki banklar kredit verdikləri şəxslərdən iş yerindən arayış tələb etməyə başladı. Ardınca isə banklar avtomobil kreditlərini dayandırdılar. S.Əliyevin sözlərinə görə, banklar yenidən iki ay sonra avtomobil kreditlərini bərpa etsələr də, şərtlər sərtləşdirilmişdi: «Yeni avtomobillər üçün 40-50, köhnə avtomobillər üçün isə banklar 80 faiz ilkin ödəniş istədilər. Bu isə təzadlı qərar idi. Çünki avtomobilin 80 faizi miqdarında vəsaiti olan şəxs 20 faizə görə bankdan kredit götürməz. Atılan bu addımlar banklardakı problemləri üzə çıxardı. Çünki Azərbaycanda bir sıra banklar var ki, onlar yalnız ya istehlak, ya da maşın kreditləri üzrə ixtisaslaşıblar.  Proqnozlaşdırılırdı ki, bu addımlar bankların fəaliyyətinə ciddi zərər vuracaq. Nəticədə əgər 2013-cü ilin sonuna Azərbaycanda 4 bank ziyanla işləyirdisə, son məlumata görə zərərlə işləyən bankların sayı 11-ə qalxdı. Bu o deməkdir ki, Azərbaycandakı hər dördüncü bank zərərlə işləyir».

S.Əliyev vurğuladı ki, əmanətlərin sığortalanma faizinin aşağı salınması da banklara olan etibarı sarsıdıb. S.Əliyevin fikrincə, eyni zamanda bankların tədiyə balansının 10 milyondan 50 milyona qaldırılması da bankların fəaliyyətinə təsir edəcək. Hazırda 15-ə qədər bank onlar qarşısında qoyulan tələdi yerinə yetirə bilməyib: «Deəmli bir tərəfdən bankların əmanətlərin faizi aşağı salınır. Nəticədə insanlar üçün banklara əmanət qoyuluşu maraqsız olur. Elə insanlar var ki, banka iri kapital qoymaqla oradan gələn faizlər hesabına yaşayır. Bu addımlar insanları gözləmə mövqeyinə keçməyə vadar edib. Nəticədə aprel ayı ilə müqayisədə əmanət qoyuluşu azaldı. Bu azalma təkcə 104 milyon manat Bakı şəhərində müşahidə olundu. Bank sektorundakı mövcud vəziyyət insanlarda etibarı sarsıdaraq, onları ehtiyatlı davranmağa vadar etdi. Ona görə qarşıdakı aylarda həm əmanətlərin azalması, həm də banklardan əmanətlərin çıxarılması  müşahidə olunacaq».

Xəyal