Əlövsət niyə öldü?

Fikrət Süleymanoğlu

Tanınmış təhsil mütəxəssisi, dostum Əlövsət Osmanlı yaşasaydı bu gün 58 yaşı olacaqdı. Amma indi onun ölümündən doqquz ay keçir. Bu doqquz ayda bəlkə də hər gün eyni sualla üzləşmişəm: “Əlövsət niyə öldü?” Hər dəfə də bu ürək ağrıdan mövzudan uzaq olmaq üçün: “Görünür, Allahın tərcihi belə imiş!..” – deyib keçmişəm. Amma onu da anlayıram ki, bu ölümü Allahın ayağına yazmaqdan böyük Allahsızlıq ola bilməz! 

Allahın Əlösətlə nə işi ola bilərdi ki, ona iti zəka, yaxşı yaddaş, sağlam məntiq və yorulmadan faydalı çalışmaq qabiliyyəti vermişdi. O da Yaradanın verdiyi bu bacarıqları sevdiyi Vətənin gələcəyi üçün sərf edirdi. Millətin balaları üçün dərslik və dərs vəsaitləri yazırdı, onların bir hissəsini öz vəsaiti hesabına çap etdirib Gürcüstan və Dağıstanda yaşayan soydaşlarımızın övladlarına göndərirdi. Balakən-Qax bölgəsində tədris gürcü dilində aparılan məktəblərimizin şagirdləri üçün dərslikləri öz vəsaiti hesabına gürcü dilində çap etdirib onlara hədiyyə edirdi ki, Gürcüstan yox, Azərbaycan vətəndaşı olduqlarını unutmasınlar. Yazdıqlarını çap etməyə imkanı olmayan alim və yazıçıların kitablarını çap etdirir, ehtiyacı olanlara heç bir təmənna güdmədən kömək göstərirdi ki, hər şeyin “bazarlıq” olmadığına, insanlığın hələ yaşadığına ümidlərini itirməsinlər…    

Bəli, o namaz qılmırdı, oruc tutmurdu, amma dərslik yazmağı, xeyirxahlıq etməyi ibadət hesab edirdi və imanlı dostlarına: “Bu da mənim ibadətimdir!” – deyirdi…   

Allahın Əlövsətlə nə işi ola bilərdi ki, onu insan kimi yaranıb şeytana çevrilmiş məxluqat öldürdü. Özü də göz görə-görə!..

Əlövsət kim idi?

Əlövsət mübaliğəsiz olaraq ölkədə ibtidai təhsil pilləsi riyaziyyatının nəzəriyyə və təcrübəsini ən yaxşı bilən şəxs idi. Demək olar ki, bu sahə ilə bağlı az qala dünyanın hər yerindən məlumatlar alır, bunun üçün böyük miqdarda vəsait xərcləməkdən çəkinmirdi. Çünki həmin informasiyalara sahib olmadan yeni bir şey yaratmanın mümkünsüzlüyünü yaxşı bilirdi. Amma iş o dərəcəyə çatmışdı ki, məxluqat hətta onun savadını, şəxsiyyətini, yazdıqlarını da şübhə altına almağa başlamışdı. Heç bir utanc hissi keçirmədən onun bu sahədə təsadüfi adam olduğunu yazanlar da vardı. 

O, riyaziyyatçı ailəsində doğulmuşdu. Atası Cəlal müəllim Borçalının ən yaxşı riyaziyyat müəllimlərindən biri idi. Hələ məktəb illərində Əlövsətin Moskvada nəşr olunan məktəb jurnallarında, Bakıda nəşr olunan qəzetlərdə yazıları dərc olunurdu. Orta məktəbi əla qiymətlərlə bitirmişdi. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini başa vurduqdan sonra AMEA-nın Mexanika-Riyaziyyat Institutunda namizədlik dissertasiyası müdafiə etmişdi. Onun həyat yoldaşı, uşaqları, qardaşları da riyaziyyatçı idi. Yəni bir ziyalı olaraq riyaziyyatla nəfəs alır, riyaziyyatla yaşayırdı.

Onu ali riyaziyyatdan orta məktəb, daha doğrusu ibtidai sinif riyaziyyatına uşaqlarının riyaziyyat dərsliklərində gördüyü naqisliklər gətirmişdi. 

O, əvvəllər bu naqisliklərin anatomiyasını açıb göstərməyə çalışır, onların düzəldilməsini tələb edirdi. Yəqin bir çoxlarının yadından çıxmayıb, 90-cı illərin ortalarında mətbuatda Əlövsətin bu durumla bağlı silsilə yazıları dərc olunurdu. Sonra onların əsasında hazırladığı “Kiçik riyaziyyatın böyük bəlaları” adlı kitabını çap etdirmiş, vəziyyətdən çıxış yollarını göstərmişdi. Lakin yüksək rütbəli bir təhsil məmurunun dediyi: “Belə qoçaqsan, otur özün dərslik yaz!” tənəsi onun həyatının istiqamətini tamamilə dəyişdi. Uğurla inkişaf etdirməyə başladığı biznes işini atıb sonu hələ də aydın olmayan dərslik yaradıcılığı işinə başladı. Yalnız dərslik yazmadı, həm də dərslik nəşri işinin hüquqi bazasının yaradılmasında, tədris proqramlarının (kurikulumların) hazırlanmasında fəal iştirak elədi… 

Əlövsət nə istəyirdi?

O, Azərbaycan təhsilinin problemlərini və bu problemlərin nədən qaynaqlandığını gözəl bilir, düzgün qiymətləndirirdi. Çünki həmin problemləri heç kəsdən və heç nədən asılı olmadan öyrənirdi. Hesab edirdi ki, təhsilimizi düşdüyü vəziyyətdən çıxarmaq üçün görüləcək birinci iş dərsliklərin düzəldilməsidir. Onun arqumentləri də əsaslı idi. Nə idi bu arqumentlər?

Əgər təhsilin səviyyəsini qiymətləndirən beynəlxalq monitorinq qurumlarının dərc etdirdiyi nəticələrə diqqət yetirilsə, həmişə Uzaq Şərq və Skandinaviya ölkələrinin öndə olduğunu görərik. Hazırda dünya təhsilində iki sistemin – Sinqapur və Finlandiya sistemlərinin daha uğurlu olduğunu görməmək olmur. Finlandiyada bu nailiyyətin əldə olunması üçün müəllim faktoru, Sinqapurda isə dərslik faktoru önə çəkilmişdi. Finlandiyada bu işə müəllim hazırlığından, Sinqapurda isə yeni dərsliklərin yaradılmasından başlamışdılar. Bizdə nə müəllim hazırlığı sisteminin, nə də fəaliyyətdə olan müəllimlərin əksəriyyətinin çağdaş tələblərə cavab vermədiyini hamı bilir. Ona görə də bu sahədə qısa müddətdə nəyəsə nail olmaq heç bir cəhətdən real deyil. Amma dərslik komplektlərinin keyfiyyətinin yüksəldilməsi yolu ilə bu işdə böyük dönüş yaratmaq olar. O belə hesab edirdi ki, yaxşı dərslik komplekti (dərslik, müəllim üçün vəsait və iş dəftəri) yalnız şagirdləri deyil, həm də müəllimləri və valideynləri də öyrətmə gücündədir. Məhz hazırkı Azərbaycan reallığında təhsili canlandırmaq üçün seçə biləcəyimiz ən univerisal alətin dərslik olduğunu bildiyindən onun uğrunda assimetrik mübarizə aparırdı.

Əlövsət istədiyinə nail oldumu? Desək ki, olmadı, əlbəttə, bu doğru olmayacaq. Axı o ən azı cəmiyyətin bütün təbəqələrini dərslik işi sahəsində baş verən biabırçılıqlara və dərsliklərdəki naqisliklərə inandıra bildi. Yəni TQDK-da dərsliklərin monitorinqinin aparılması işinin təşkilində doğrudanmı onun heç bir rolu olmayıb? Amma o nəinki dərsliklərin məzmun və tərtibatının dəyişdirilməsinə, heç özünün yaxın beş-altı ildə rəqibi olmayacaq “Riyaziyyat-1″ komplektinin alternativ dərslik komlekti kimi təsdiqinə belə nail ola bilmədi. 400 səhifəyə yaxın həcmi olan həmin komplektin qarşısını beş-altı cümləlik gülməli rəylə kəsənlər Azərbaycan təhsilinə vurduqları zərbəni yəqin ki, bir gün anlamağa məcbur olacaqlar…  

O, inadkar idi…

Əlövsət inadkar adam idi. Inandığı, doğruluğuna şübhə etmədiyi bir işin sonuna çıxmasa, “yaxa”sını buraxmazdı. Akdemiyada təzə işlədiyi dövrdə kiçik qardaşı texnikumlardan birinə imtahan vermişdi. Çoxbilmiş texnikum işbazları onun yazı işinə müxtəlif “düzəliş”lər etməklə, “1″ yazıb qəbul olmasının qarşısını almağa çalışmışdılar. Əlövsət bu rəzilliyi biləndə sözün əsl mənasında aləmi bir-birinə qatdı. ”Kirpi” jurnalında dərc etdirdiyi yazı müxtəlif dövlət orqanlarını hərəkətə keçirdi. Aparılan yoxlamalar həmin texnikumda belə əməllərin ənənəvi iş üsuluna çevrildiyini üzə çıxardı. Işbazların başının üstünü qanun qılıncı kəsəndə, Əlösətə “Get əlindən gələni beş qaba çək!” deyənlər onun ayağına düşüb yalvarmağa başladılar: “Qələt eləmişik! Qardaşını texnikuma qəbul edirik. Sənə də təzə bir ”06″ veririk, şikayətlərini geri götür. Hamı ilə razılaşmışıq…” 

Amma Əlövsəti heç nə ilə yola gətirmək mümkün olmadı. Işbazlar naəlac qalıb rəhmətlik Cəlal müəllimi Gürcüstandan oğluna minnətə gətirdilər. Cəlal müəllimin: “Ay bala, qələt elədiklərini boyunlarına aldılar, uşağın işini düzəldirlər, burax bu məsələnin başını, sonra sənə xətər-ətərləri dəyər…” məsləhəti də kar eləmədi. Onun: “Baba, xasiyyətimi bilirsən, indi sözündən çıxmayıb ”hə” deyəcəm, amma sən gedəndən sonra yenə bildiyimi edəcəm. Bunlar nə qədər uşağın evini yıxıblar. Yaxalarını buraxsam, sabah gedib yenə ev yıxacaqlar. Qoy ilişmişkən cəzalarını çəksinlər!” – cavabı işbazların taleyini həll etdi. Onlar cəzalarını çəkməyə məcbur oldular.

Sonralar həmin texnikumun cəzasını çəkdikdən sonra məktəb direktoru olmuş(?!) rəhbərlərindən biri ilə Əlövsətin səmimi söhbətini görən tələbə yoldaşlarından birinin: “Səni anlamıram, adamı cəzalandırdın, indi də şirin-şirin söhbət edirsən” sualına o belə bir cavab vermişdi: “Adam pis iş tutub, cəzasını alıb. Təzədən onunla kin-küdurət saxlamalıyam?!”

O, doğrudan da kin-küdurət saxlamırdı, əgər qarşısındakı şəxs öz səhvini səmimi şəkildə etiraf edirdisə, məsələ elə oradaca qapanırdı, hər şeyi yaddan çıxarırdı. Öz səhvlərinə görə üzr istəməkdən də diskomfort keçirmirdi..  

Adamları tanımırdı…

Əlövsətin ən zəif tərəfi onun adam tanımamağı idi. Özü yalan danışmadığına görə elə bilirdi qarşısındakı da danışmaz. Amma danışırdılar, aldadırdılar, bağışlayırdı, bir də gəlirdilər… Bəziləri də onun bu damarını yaxşı tuturdu. 2008-ci ilin sonları olardı. Təhsil Nazirliyi ilə münasibətlərinin gərginləşən vaxtlarında axşamüstü Bulvarda gəzərkən rayon təhsil şöbəsi müdiri olan “dost”larından biri zəng elədi. Vəziyyətinin ağır olduğunu, hansısa komissiyanın haqqında mənfi arayış hazırladığını bildirdi və kömək istədi. Əlövsət ona ürək-dirək verib bir-iki saat səbr etməyi məsləhət gördü. Elə Bulvarda gəzə-gəzə müxtəlif şəxslərlə, həmin komissiyanın rəhbəri ilə danışıb məsələni, demək olar, yoluna qoydu. Təzədən həmin adama zəng edib dedi: “Məsələn həll olundu, sənin görməli olduğun iş gecə rahat yatmaq və Bakıya gələn kimi həmin adamları yığıb ”Şuşa” restoranına gətirməkdir. Orada sizə sazlı, aşıqlı bir böyük qonaqlıq verəcəm”.

Amma bu əhvalatın üstündən heç üç gün keçməmiş həmin “dost”unun Ələvsət haqqında qəzetdə təhqirlərlə dolu bir yazısı çıxdı. O, bu rəzillikdən dəhşətə gəlmişdi. Əli-ayağı əsirdi. Amma ona qarşı ləyaqətsizlik edən təkcə həmin təhsil şöbəsinin müdiri deyildi ki. Bir vaxtlar özünə “dost”, “yoldaş”, “qardaş” bildiyi insanlar onun haqqında nələr yazmadılar, nələr danışmadılar. Yaxınlarını işdən çıxardılar…

Bilmirəm, bəlkə də indi “Əlövsət niyə öldü” sualını verənlər üçün həmin yazıları toplayıb təzədən çap etdirmək lazımdır…

Bir vaxt Əlövsətin telefonu susmaq bilmirdi. O, hətta mobil telofanla ən çox danışan şəxslərdən biri kimi “Azərsel”dən xüsusi hədiyyə də almışdı. Çünki bir qayda olaraq ona gələn zəngi qapadıb təzədən həmin nömrəni yığırdı ki, öz hesabına rahat danışa bilsin. Amma nazirliklə münasibətləri pozulduqdan sonra telefonu təsadüfi hallarda zəng çalırdı. “Dost”, “yoldaş”, “qardaş” bildikləri adamların çoxunun başı şeytanlığa qarışmışdı…

Sözünün qulu idi… 

Əgər ağzından bir söz çıxırdısa, onu mütləq yerinə yetirməli idi. Belə hallarda bir çoxları kimi heç vaxt “Inşallah!” deməzdi, prinsipial olaraq “Sağlıq olsun!” deyərdi. Bununla sanki qarşısındakına çatdırmaq istəyirdi ki, verdiyi sözün qarşısını ancaq ölüm kəsə bilər.

Bir dəfə Iranda olarkən yanındakı tanışlarından biri Əlövsəti yaxından tanıyan Tehranlı bir şəxsdən borc pul istəmişdi. Həmin adam demişdi: “Əgər Əlövsət müəllim etibarlı adam olduğunuza zəmanət versə, sizə pul verə bilərəm”. Əlövsət də tanışının xahiş-minnətini yerə salmamış, ürəyiyumşaqlıq eləmişdi: “Hacı, mən bu adamın etibarlılığına zəmanət verə bilmərəm. Çünki sınamamışam, amma sənin puluna zəmanət verirəm. Əgər bu adam pulunu qaytarmasa, onda onu mən qaytaracam. Ver, gedib işini düzəltsin…” 

Bu əhvalatdan xeyli vaxt keçəndən sonra məlum oldu ki, “tanış adam” nəinki Iranlının pulunu qaytarmayıb, hətta Rusiyada izini belə itirib. Xəbəri eşidəndə Əlövsət əməlli-başlı təşvişə düşmüşdü. Iş onda idi ki, Hacının telefonunu da itirmişdi. Onunla əlaqə yaratmaq üçün hər yola əl atırdı, amma bir şey hasil olmurdu. Bircə o qalırdı özü Tehrana getsin. Bir dəfə axşamüstü Bulvarda gəzərkən qarşımıza saqqalı bir nəfər çıxdı. Əlövsət: “Allah özü yetirdi!” – deyib həmin adama tərəf qaçdı. Məlum oldu ki, bu şəxs Hacının qaynıdır, nə məqsədləsə Bakıya gəlib. Əlövsət ondan Hacının telefonunu alıb tez Tehrana zəng elədi, “tanış”ının əməlinə görə üzr istədi, əgər etibar edirsə, borcu bu saat qaynına qaytaracağını bildirdi. Amma Hacı da ləyaqətli şəxs idi. Iki ayağını bir başmağa dirədi ki, biz ikilikdə səhv etmişik, həmin məbləği qardaş kimi yarıya bölməliyik. Qaynına da tapşırdı ki, Əlövsət müəllimdən həmin məbləğin yarısından artıq bircə qəpik də götürməsin. Mən, Iranlının başını söhbətə qatdım, bu müddətdə o, pulu gətirib təhvil verdi. Uzun illər ərzində onu heç belə xoşbəxt görməmişdim. Bəlkə də bir ay təkrar elədi: “Of, Hacının xəcalətindən necə qurtardım!..”

P.S.Öldürülmüş şəxsləri bu yaxınlara qədər öz əcəli ilə ölənlərlə bir qəbiristanlığa dəfn etmirdilər. Onlar üçün ayrıca qəbiristanlıq olurdu. Bəlkə də bu, ölüm məsələsinə ən doğru yanaşma idi. Çünki belə olan halda adamların öldürdüklərini Allahın adına yazıb qatilləri təmizə çıxarmaq mümkün olmurdu. Amma indi bütün ölənləri istisnasız olaraq Allahın adına yazmaqla məşğuluq. Ona görə də öldürənlər heç nə olmamış kimi, utanıb qızarmadan öldürdüklərinin ehsan süfrəsinin başında otururlar…