Cəmil Həsənlinin fikirləri təhrif olunub

“Mən həmin müsahibədə demişəm ki, sənət adamının vətəndaş mövqeyi bildirməsi üçün imkanları başqalarından daha çoxdur”

Milli Şuranın sədri Cəmil Həsənlinin aktual.az saytına verdiyi açıqlamada onun adından belə bir fikir verilib: “Söz, sənət, ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil”. Bu fikir Cəmil Həsənlini hədəfə gətirib. Sosial şəbəkələrdə Milli Şura sədri tənqid atəşinə tutulub. Lakin sonradan bəlli olub ki, Cəmil Həsənli belə fikir səsləndirməyib. Bu barədə “Azadlıq”ın köşə yazarı Şahvələd Çobanoğlu facebook səhifəsində yazıb. Onun yazdığını olduğu kimi təqdim edirik: “Cəmil Həsənliyə zəng etdim. Bildirdim: “Söz, sənət, ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil” fikrinə görə kim məni qınayıbsa, onları gözəl başa düşürəm. Hamısına salamlarımı çatdırıram. Əslində, belə fikrə mən də etiraz edərdim. Mənə telefonla zəng etmişdi bir jurnalist və fikirlərimi səhv salıb. Necə olduğunu, niyə olduğunu bilmirəm. Mən elə bir sözü necə deyə bilərəm? Mən demişəm ki, bu gündə olan ölkənin ziyalısı kəfən geyməlidir. Bunu hamınız eşitmisiniz. Mən həmin müsahibədə demişəm ki, sənət adamının vətəndaş mövqeyi bildirməsi üçün imkanları başqalarından daha çoxdur. Vətəndaş necə vətəndaş mövqeyi bildirməyə bilər? Sənət adamı da vətəndaşdır. Üstəlik, bir daha deyirəm, bu işi görməkdə sənət adamının imkanı daha çoxdur və hətta məsuliyyəti də çoxdur. Hər cür tənqidinizə açığam, amma məcbur oldum izah verim ki, mənim gerçək fikrim necədir…”