Ay qız, keçmə bizim mərkəzdən…

Bu yazını oxuyan hər kəslə ciddi söhbətim var. “Mən Azərbaycan telekanallarına baxmıram” deməklə və doğrudan baxmamaqla səhv edirsiniz. “Azadlıq”ın oxucusu olan hər kəs Azərbaycan televiziyalarına mütləq baxmalıdır. Çünki o televiziyalar bu hakimiyyətin özüdür. Hakimiyyətdə kimlər, nələr varsa televiziyalarda da elə onlardır.

Hakimiyyətdə kimlər özlərini necə aparırlarsa televiziyalarda da elə aparırlar. Hakimiyyəti kimlər daha çox qarmalayıblarsa, televiziyaları da elə onlar ələ keçiriblər. Televiziyalar hakimiyyətdəkiləri qədərindən qat-qat böyük göstərməyə çalışdıqca, yerdən-yerə endirirlər. Yüksəltmək istədikcə alçaldırlar. Televiziyalar Azərbaycan insanını yaltaqlaqlığa məcbur etdikcə ləyaqətsizləşdirirlər. Televiziyalar cəmiyyətin “yaralarına” – gileyli qaynanalara, ləçər gəlinlərə, naxələf övladlara, paxıl qohumlara, qonşulara, dələduzlara qucaq açdıqca efir qeybət küncünə, qisasçılıq alanına, intiqam fürsətinə, dava meydanına çevrilir. Atasını-anasını tanımayanlardan teleulduz düzəldirlər. Bu insanlar yerdən çıxmayıb, göydən düşməyiblər. Lenin, Stalin, Brejnev, Qorbaçov yetişdirməyib, onlar bu hakimiyyətin qurduğu cəmiyyətin insanlarıdır. Onları efirə çıxarmaq bu hakimiyyətin göstərişidir, göstərisidir. Millət millətindən utansın, qınasın deyə. Baş qarışsın, ara qızışsın, ötür-ötürü, gətir-gətiri, götür-götürü görən olmasın deyədir bu oyunlar. Məsləhətdir, xəbərdən AzTV-nin, ITV-nin informasiya proqramlarından xəbərdar olun. ANS-in, ATV-nin, Spacenin “bazar söhbətləri”nə baxın-yuxarıda yazdıqlarımızın hamısı ordadır. Baxın, Liderin xəbər törəmələrindəki “Meymun baxar güzgüyə, adını qoyar özgəyə” məsəlinə uyğun insanları tanıyın. Görün bu hakimiyyətin nazirləri telekanalları öz aralarında necə bölüşdürüblər. AzTV hökuməti necə barmağına dolayır, məmurların cibini necə silib süpürür. Bilin, dövlətin büdcəsinə əli yetənlər Heydər, Ilham, Mehriban Əliyevlərin adının arxasında gizlənib həm büdcəni, həm də vətəndaşları necə çapıb talayırlar. Arada-bərədə H.Əliyevin heykəli onünə gül dəstəsi qoyduğu sağ əlləri ilə nələrə imza atırlar. Televiziyalar Əliyevlər ailəsinin təbliğinə bir balaca ara versələr məmurlar çaşıb qalarlar. AzTV-nin, ITV-nin efiri boşalar. Əslində bu iki telekanalın apardığı təbliğat yox, əks təbliğatdır. Hakimiyyətin ziyanına, müxalifətin xeyrinə işləyir. Məsələn, ITV olmasaydı şəxsən mən insanlarımız üçün çox “önəmli” yenilikdən xəbərsiz qalardım. Xəbərim olmadığına görə də onu oxucularla bölüşə bilməzdim. Sən demə Azərbaycanın rayon mərkəzlərində məcburi qaydada tikilən Heydər Əliyev mərkəzləri əslində nikah evləri kimi nəzərdə tutulubmuş. Yəni açılışdan azacıq ötcəyin onlardan nikah evi kimi istifadə ediləcəkmiş. Yeni ənənənin başlanğıcı Hacıqabulda və Şabranda qoyulub. Burdakı H.Əliyev mərkəzlərində yeni evlənənlərin nikahı kəsilir. Hacıqabulda  gənclərdən Telman Babayevlə Nahidə Şıxəliyevanın, Şabranda isə Taleh Kazımovla Nərgiz Məmmədəliyevanın nikahı məhz Heydər Əliyev mərkəzlərində kəsilib. Azərbaycanda pulsuz nikah kəsilmir. Nikahın qiyməti 100-150 manat və daha çoxdur. H.Əliyev mərkəzində kəsilən nikah daha baha başa gəlmiş olar. Olsun, əvəzində bu cütlüklər daha xoşbəxt olacaqlar. Övladlarına bizim birliyimizə Heydər Əliyevin ruhu xeyir-dua verib deyəcəklər. “ZAQS” müdirlərinin kefidir; kim çox pul versə onun nikahını mərkəzdə kəsəcəklər. Üstəlik H.Əliyev mərkəzinin rəhbərinə də şirnilik çatmalıdır. Icra başçıları xüsusi sifarişlə nikah mərasimlərini çəkdirib AzTV və ITV-nin xəbər proqramlarında  göstərtməklə kreslolarını möhkəmlətdiklərini düşünəcəklər. Televizora baxan adamlarsa baxıb güləcəklər. Eynən mənim kimi. Bir də, məntiqə qalsa rayonda H.Əliyev mərkəzində nikah kəsilirsə, Bakıdakı mərkəzdə “Toy olsun” gərək.

Sənubər