Sülhəddin Əkbər: «KTMT-nın Avrasiya Ittifaqının hərbi blokuna çevrilməsi, mahiyyət etibarilə heç nəyi dəyişmir»
Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaxın gələcəkdə Avrasiya Iqtisadi Ittifaqının (AII) hərbi qurumuna çevriləcəyini gözləyir.
Məlumata görə, Belarus prezidenti iyunun 5-də bildirib ki, qarşıda Avrasiya Iqtisadi Ittifaqını ciddi inteqrasiya gözləyir. Lukaşenkonun sözlərinə görə, bir halda ki, Avrasiya Ittifaqının əsasında iqtisadiyyat durur, o zaman bu iqtisadi maraqların müdafiəsi də təşkil olunmalıdır: “Fikrimcə, biz tezliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Avrasiya Ittifaqının tərkib hissəsi olması barədə qərar verəcəyik. Bu bizim hərbi təşkilatımız olacaq”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Rusiyanın təşəbbüsü ilə imzalanıb. Müqaviləni Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan imzalayıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişə imza atıb. Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan KTMT-də daha beş il qalmaqdan imtina edib və sazişi imzalamayıb. 2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.
Bəzi ekspertlər hesab edir ki, Avrasiya Ittifaqının hərbi quruma çevriləcəyi ilə bağlı səslənən fikirlər, təbliğat xarakterlidir və bu ittifaqa qoşulmaqdan imtina edən ölkələrə əzələ nümayişdir. Başqa bir ehtimala görə isə, Rusiya həqiqətən də hərbi gücünü artırmaq və Qərbə qarşı alternativ yaratmaq istəyir.
Siyasi ekspert Sülhəddin Əkbər bildirdi ki, belə bir hərbi blok yaratmağın heç bir perspektivi yoxdur: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələr, demək olar ki, Avrasiya Ittfaqının üzvüdür. Ona görə də mahiyyət etibarilə heç nə dəyişmir və yeni qüvvə yoxdur. Sadəcə olaraq Rusiya bu ölkələrin iqtisadi, siyasi və hərbi baxımdan təmərküzləşməsini istəyir. Postsovet məkanında vahid gücün yaranması və bu prosesin başında Rusiyanın dayanması siyasəti aparılır. Bu yenidənqurmanın hansısa dəyişikliyə nail olacağı və böyüyəcəyi real deyil”.
Akif


