Ukrayna azərbaycalıları Krım tatarları ilə birləşir

İcma nümayəndələri Mustafa Cəmilovla görüşüb birgə fəaliyyət imkanlarını müzakirə etdilər

Dünən Kiyevdə azərbaycanlı icmasının fəalları Krım tatarlarının liderləri ilə görüşüblər. Görüşdə Mustafa Cəmilov, Krım Tatarları Məclisinin başqanı Rufat Çubarov, Azərbaycan icmasının liderlərindən Yalçın Qəhrəmanoğlu və başqaları iştirak ediblər. Görüş azərbaycanlıların təşəbbüsü ilə baş tutub. «Azadlıq»  görüşün təfərrüatları ilə bağlı Yalçın Qəhrəmanoğlundan məlumat alıb. «Əlbəttə, biz eyni soydan olduğumuz Krım tatarlarının indiki gərgin durumu ilə bağlı narahatıq və bu görüş də əslində, birinci deyil. Bu dəfəki görüşdə səsləndirilən təkliflər onu nəzərdə tutur ki, Ukraynada Krım tatarlarının və Azərbaycanlıların fəaliyyət imkanlarının birləşdirilməsi üçün hansı konkret addımları mümkündür. Əslində, bu müstəvidə çox ciddi ənənələr də var ki, biz bunu müzakirələr zamanı da səsləndirdik. Axı, 20-ci əsrin əvvəllərində başlayan maarifçilik və müstəqillik hərəkat zamanı azərbaycan ziyalıları ilə tatarların ziyalı elitası eyni mərkəzdə birləşiblər və onlar bu xalqların taleyinə eyni prizmadan yanaşıblar. Hətta sonrakı mərhələlərdə, kütləvi repressiyalar zamanında da bu xalqlara düşmən olan bolşevizm onları bir-birindən ayırmayıb. Görüş zamanı qərara gəldik ki, bu müzakirələri davam etdirək və birgə fəaliyyət üçün gərəkən hər şeyi edək. Təbiii ki, fürsətdən istifadə edib biz Mustafa Cəmilovu bu günlərdə layiq görüldüyü ali mükafat münasibəti ilə təbrik etdik və bildirdik ki, bu beynəlxalq etimad Krım tatarlarının azadlıq mübarizəsinə olduqca böyük töhfədir». 

azadliq.info