Təşkilata şəhərin mərkəzində yeni ofis verildi
Bir müddət əvvəl Içərişəhərdəki binadan çıxarılan hakimiyyətyönlü “Irəli” Ictimai Birliyi yeni ofisə köçüb. Bu barədə təşkilatın sədri Rauf Mərdiyev facebook səhifəsində yazıb. Bəlli olub ki, “Irəli”nin yeni ofisi Fəvvarələr meydanı yaxınlığında yerləşir. Qeyd edək ki, hakimiyyət daxilində başlanan “nurçu savaşı”nda “Irəli” Ictimai Birliyi də hədəfə gəlmişdi. Təşkilatın təsisçilərindən olan deputat Ceyhun Osmanlının da nurçularla əlaqəli olması barədə iddialar “Irəli”nin də hücumlara məruz qoymuşdu. Bundan başqa “Irəli” “nurçu savaşı”nda əsas hədəfdə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun patronajlığı altında fəaliyyət göstərirdi. Bu təşkilat Elnur Aslanovun komandası hesab edilirdi. Ona görə də “nurçu savaşı”nda hücumda olan tərəflər “Irəli”ni sıradan çıxarmaq, ən pis halda Elnur Aslanovun bu təşkilata təsir imkanlarını azaltmağa çalışırdı. Elnur Aslanov məğlubiyyətə uğradılandan az sonra “Irəli”nin Içərişəhərdəki ofisi boşaldıldı. Həmin vaxt məlumat yayıldı ki, “Irəli”nin artıq fəaliyyətinə son verilir və bu baxımdan ofisindən çıxarılır.
“Irəli”nin yeni ofisə köçməsi isə artıq “nurçu savaşı”na son verildiyini, yaxud da təşkilatın əks qrupun nəzarəti altına keçdiyi barədə mülahizələrə səbəb olub. Hər bir halda “Irəli”nin yeni ofisə köçməsi özfəaliyyət ola bilməz.
Yeri gəlmişkən, Elnur Aslanov da vəzifədən çıxarılandan sonra ilk dəfə olaraq 28 May Respublika günündə yazdığı təbriklə diqqətə gəlib. Elnur Aslanovun təbriki bir cümlədən ibarət olub: “Respublika gününüz mübarək”. Lakin bəzi iddialara görə, Elnur Aslanovun bu təbrikinin sətiraltı mənası var. Iddia olunur ki, Aslanov bu təbriklə komandasına artıq savaşın arxada qaldığını və hər şeyin yaxşı olacağı mesajını verib.
Azad


