Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib. Nazirliyin məlumatında deyilir:
“Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim “yerli kənd sakinlərinə” və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.
Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır”.
Müdafiə Nazirliyi Naxçıvanda atəşkəsin pozulması xəbərini Ermənistanın marağına uyğun adlandırıb təkzib etsə də, Milli Məclisin Naxçıvandan olan deputatı Eldar İbrahimovun açıqlaması xəbərin uydurma olmadığını deməyə əsas verir.
Eldar İbrahimov “modern.az” saytına deyib ki, Ermənistan bilərəkdən Naxçıvanda atəşkəsi pozur: “Rusiyanın Azərbaycana yaxınlaşması, prezidentlərin görüşləri, Avrasiya İttifaqının yaranması ilə Ermənistan bilərəkdən Naxçıvanla sərhəddə atəşkəsi pozur.
Ermənilərin Naxçıvanda atəşkəsi pozması siyasi məsələləri yenidən gündəmə gətirmə ilə əlaqədardır. Onların Naxçıvan iddiası çoxdanın xam xəyalıdır. Qarabağdan sonra hədəf Muxtar Respublikadır”.
***
Ötən gün cəbhənin Naxçıvan istiqamətində atəşkəs pozulub. Bu barədə “Azərbaycan saatı” teleproqramı özünün Facebook səhifəsində məlumat yayıb. Adı açıqlanmayan mənbəyə istinadla yayılan məlumatda deyilir ki, Kəngərli rayonu Qıvraq qəsəbəsi yaxınlığındakı mövqedə səngərdə təmir işləri aparan əsgərimiz qəfil atılan düşmən gülləsi ilə dünyasını dəyişib. Cavab atəşi ilə iki erməni silahlısının öldürüldüyü bildirlir.
azadliq.info


