Yaxud «intellekt»dən uzaq nəqliyyatı necə «fransızlaşdırmaq» olar?
Bu gün Bakı o qədər inkişaf edib ki, indi də sakinlərinə “Fransa səviyyəli nəqliyyat xidməti” göstəriləcək… Xatırlayırsınızsa, bunu Azərbaycan prezidenti fransalı həmkarı Fransua Ollandın ölkəmizə səfəri zamanı demişdi. Prezident Ilham Əliyev onu da demişdi ki, hər bir şəhər çalışıb Parisin səviyyəsinə çatmalıdır: “Çünki Paris şəhərlər arasında ən gözəl şəhərdir, dünyanın ən gözəl şəhəridir”.
Azərbaycan prezidenti Fransa və fransalılara o qədər valeh imiş ki, bu ölkənin və sakinlərinin digərlərindən öz yüksək zövqü ilə fərqləndiklərini də vurğulamışdı. Onun sözlərinə görə, dizayn, zövq – bu, tarixdən gələn bir istedaddır; bu gün Parisdə və Fransanın digər şəhərlərində yaşayan insanlar bu gözəlliyi görərək yeni əsərlər yaradırlar…
Həmişə belə olur: özünə və özününkünə dəyər verməyənlər özgənin arxasınca düşər, özgəni tərif edərlər… Mənim üçün isə dünyanın ən gözəl şəhəri Bakıdır; sadəcə, dəyər verən, onun və sakinlərinin qədrini bilən gərək. Lakin bu gün Bakıya onu duymayan, sevməyən, tanımayan şəxs və ya şəxslər rəhbərlik edirsə, onda hansı gözəllikdən danışasan?! O şəhərdə ki, “tarixdən gələn istedad” boğula, orada yeni nə yaradılar?! Şəhəri şəhərlidən alıb əyalətçiyə verirsənsə, o şəhəri hansı səviyyəyə çatdıra bilərsən?!
Bakının əslən naxçıvanlı olub, Türkmənistanın Krasnovodsk şəhərində doğulan meri Hacıbala Abutalıbov hələ paytaxtımıza rəhbər təyin edildiyi ilk aylardaca əyalətçiliyini göstərmişdi: parklardakı skamyaları üçrəngli bayrağımız kimi boyamış, səki daşlarını mazutla qaralamış, “kitayski” fontanlar tikdirmişdi… Hətta Bakının ən qədim və elitar parkı olan Qubernator bağında (indi Filarmoniya bağı) “yenidənqurma” aparıb, burada Naxçıvandakı Möminəxatun türbəsi şəklində bulaq tikdirmiş, ətrafına da su kranları və kranlara zəncirlənmiş su qabları qoydurmuşdu… Bakı mühiti, şəhərin tarixi mərkəzi və… Naxçıvan abidəsi?! Həm də türbə – qəbir üzərində tikili?!
Belə bir mədəniyyət daşıyıcısı Bakıda, ya da Krasnovodskda mer olsun, fərq etməz. Onun üçün məkan və zaman anlayışı yoxdur, o elə öz ampluasında qalacaq. Parisə də mer qoysan inkişaf etməz. Çünki elə onu vəzifədə saxlayan prezidentin dediyi kimi, bu, tarixdən gələn bir “istedaddır”?!
Ancaq H.Abutalıbovun özfəaliyyətinə elə indiki prezident son qoydu… Son on ildə Bakıda yenidən qurulan təmtəraqlı parklar bəyəm şəhər rəhbərinin istedadıdır?! Yox! Indi şəhərdə hər şey prezident və onun ailəsinin zövqü ilə qurulur! Ancaq bu da mahiyyət etibarilə inkişaf deyil…
Əgər H.Abutalıbovun parklardakı səliqə-səhmanı sovet xəstəxanasının həyətindəki təmizliyi xatırladırdısa, Ailənin diktəsilə dizayn edilən parklar isə başdan ayağa “ütülənmiş” oldu. Üstəlik, hər bir park dəbə mindirildikdən sonra elə “od tutub yandı” ki, burada adi içməli suya da pul verməyə əlin gəlmədi… Elə bil, bu parklar məmurların hesabına abadlaşdırılır ki, istifadəyə veriləndən sonra da “qoyduqları pulu” götürməyə tələsirlər?!
…Bakı necə Paris olsun ki, onun meri, mətbuatın yazdığı kimi, şəhərin dodağı boyalı qarılarını, şlyapalı qocalarını həzm edə bilmir?! Hələ şəhərin köhnə və əsl elitasından yan gəzməyini demirik… Indi belə bir adam Bakıya gətiriləcək “fransuzki” avtobusların müasirliyindən, komfortundan, gözəlliyindən şirin-şirin söhbət açır… Sanki bu avtobusları istismara verməklə Bakı “Parisin səviyyəsinə” çatacaq?!
Axı, bunadək Bakı sakinlərinə “intellektual nəqliyyatın” xidmət göstərəcəyi vəd edilmişdi. Bu işə dövlət büdcəsindən milyardlarla manat sərf edildi, ancaq Bakının nəqliyyatı intellektuallaşmadı… Əvvəla, nəqliyyata rəhbərlik edənlərin özləri intellektdirmi ki, xidmətləri də müasir və mədəni olsun… Indi “intellektdən” uzaq bir nəqliyyatı “fransuzki” etmək absurd deyilmi?!
Bəs, Fransa prezidenti niyə dönə-dönə təkrar edirdi ki, “biz istəyirik, Bakı davamlı inkişaf baxımından nümunəvi olsun”?! Bunun sətiraltı mənasını əyalətçi məmurlarımız anlaya bildimi?
Yoldaşlar! Avropa əhli “qara camaat” deyil ki, onları da “Inkişaf” adlı nağıllarınıza inandırasınız… Inkişaf dəbdəbəli layihələrə ətək-ətək pul xərcləmək deyil; insan inkişafı yoxdursa, iqtisadi inkişaf da zahiridir, keçicidir, davamlı deyil!
Elə isə cavab verin: Bakıya bəh-bəhlə gətirəcəyiniz “fransuzki” avtobusların işini kim təşkil edəcək, onları kimlər idarə edəcək? Hər avtobusdan “haqq” yığan alverçi nəqliyyat müfəttişləri, yoxsa yollarda interval davasına çıxıb bir-birinə “cındır” deyən mərifətsiz sürücülər?! Yollarında xaos, özbaşınalıq, intizamsızlıq, səkilərində-dayanacaqlarında “moyka”lar və dükan-bazarlar açılan bir şəhərdə “fransuzki” avtobusları nə gözləyir, görəcəyik?!
Heyf!.. Sərf olunacaq o pullara yox, “fransuzki” avtobusların gözəlliyinə heyf… Onları da Bakıda elə “Paris dayanacaqları”nın, “Paris köşkləri”nin aqibəti gözləyir… Necə gəldi yerləşdirilən, pinti günə düşən dayanacaqlar və köşklər… Bakının dayanacağı, köşkü, avtobusu yox, onu idarə edən məmurları “fransuzki” olsun.
Bir də heyf!
Şövkət Məmməd


