“Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması regional təhlükəsizliyə təhlükə yaradır”
ABŞ növbəti dəfə Azərbaycan hökumətini birləşmək və toplaşmaq, fikri ifadə etmək və vicdan azadlıqları sahəsində beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırıb.
“Turan”ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu barədə ABŞ-ın ATƏT-də siyasi müşaviri Kristofer Robinsonun iyunun 5-də Vyanada ATƏT Daimi Şurasında səsləndirdiyi “Azərbaycanda insan hüquqlarının davam edən pozuntuları” adlı bəyanatda bildirilir.
“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin vergi ödənişindən yayınma və qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi şübhəli ittihamlarla 5 il yarım müddətinə həbs edilməsi haqqında 26 may tarixli qərar Vaşinqtonu çox narahat edir.
Hakimiyyət həmçinin təşkilatın ictimai direktorunu və tərəfdaş QHT-nin rəhbərini də şübhəli ittihamlarla mühakimə edib. Bu əməllər, o cümlədən digər son tədbirlər Azərbaycanın dostlarını hökumətin səmimiliyi, demokratik inkişafa sadiqliyi haqqında düşünməyə vadar edir.
Biz həmçinin hakimiyyətin SDİ direktoru Leyla Yunusun və onun həyat yoldaşının saxlanılmasından, pasportlarının əllərindən alınmasından, onlara qarşı sonrakı təzyiqlərdən narahatıq. Bu, onların Börndə hüquq müdafiə konfransında iştirakına mane olub.
Leyla Yunus regionda xalq diplomatiyası üzrə səylərin möhkəm əqidəli tərəfdarı idi. Onun və jurnalist Rauf Mirqədirovun barəsində istintaq Azərbaycan vətəndaş cəmiyyətinə, xüsusən Qarabağ münaqişəsinin dinc yolla həllinə yardım etmək istəyənlərə mənfi təsir göstərir.
Bu gün biz Azərbaycandakı dostlarımızı ölkənin insan hüquqları və əsas azadlıqlar sahəsində aparıcı rolunu geri qaytarmağa çağırırıq.
Azərbaycan və ABŞ enerji tədarükü yollarının müxtəlifləşdirilməsinə və regional təhlükəsizliyə yardıma sadiqdir. Biz Azərbaycanın Əfqanıstanda Beynəlxalq Koalisiyanın işinə töhfəsini yüksək qiymətləndiririk. Biz Azərbaycanı açıq bazar iqtisadiyyatında və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışında dəstəkləyirik.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi beynəlxalq ictimaiyyətdə böyük məsuliyyət nəzərdə tutur və ABŞ demokratiyanın, insan hüquqlarının və əsas azadlıqların inkişaf etdirilməsinə kömək etməyə hazırdır.
Təəssüf ki, vətəndaş cəmiyyətinin Azərbaycanda işləyə biləcəyi məkan əvvəlki kimi hakimiyyət tərəfindən daraldılır və bu meyl getdikcə güclənir ki, bu da regionda hərtərəfli təhlükəsizliyi təhlükəyə atır.
Azərbaycan ölkədə demokratik inkişaf və uzunmüddətli sabitlik üçün həlledici əhəmiyyət daşıyan daha açıq cəmiyyət yaradaraq, sabitliyi və çiçəklənməni ən yaxşı şəkildə təmin edə bilər.
Biz Azərbaycan hökumətini siyasi plüralizm üçün şərtlərin möhkəmləndirilməsi üzrə işə başlamağa və müstəqil KİV və vətəndaş cəmiyyəti üçün məkanı genişləndirməyə çağırırıq”, deyə bəyanatda qeyd olunur.
Azərbaycanda siyasi məhbuslarla bağlı problem iyunun 11-də ABŞ Senatının Helsinki Komissiyasında da müzakirəyə çıxarılacaq. Ekspertlərin fikrincə, hakimiyyətin yürütdüyü repressiv siyasətin müzakirələr zamanı sərt tənqid olunacağı gözlənilir.
Fuad Qəhrəmanlı: «ABŞ diplomatının dilə gətirdiyi narahatlıq həm də onu göstərir ki, Azərbaycandakı demokratiya problemi geosiyasi məsələyə çevrilib»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri, ictimaiyyətin təpkisini nəzərə almadan insan haqlarını, demokratik prinsipləri kobud şəkildə pozur. Siyasi repressiyaların hər ötən gün daha geniş vüsət almasının beynəlxalq aləmdə ciddi narahatlıq doğurduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, ona görə dünyada Azərbaycan hakimiyyətinin repressiv imici formalaşıb: «Son zamanlar Azərbaycan hakimiyyətinə yönələn demokratik çağrışların intensivləşməsi situasiyaya adekvat reaksiyadır. Bu prosesdə narahatlığını daha açıq formada ifadə edən ABŞ-dır. ABŞ-ın da bu narahatlığı üçün kifayət qədər əsasları var. Azərbaycanla ABŞ arasında strateji əlaqələrin olmasını nəzərə alsaq, bu repressiyaların, avtoritarizmdən diktaturaya keçidin baş verməsi, ABŞ-ın Cənubi Qafqazda demokratiya ilə bağlı siyasətini tənənzülə uğradır. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət ABŞ-ın demokratiya ilə bağlı çağrışlarının dəyərini aşağı salır. Ona görə də ABŞ hakimiyyətin yürütdüyü siyasətdən ciddi narahatlıq ifadə edir».
Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasətlə digər ölkələr üçün pis nümunəyə çevrildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycan bir tərəfdən Avropanın enerji tərəfdaşı kimi çıxış edir, Avropa Şurasının Nazirlər Komitəsinə sədirliyi reallaşdırır. Amma digər tərəfdən də avtoritar siyasətini daha da gücləndirir: «Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət Qərb dəyərlərinə hörmət edilməməsi, onların qiymətdən salınması təəssüratı yaradır. Azərbaycan hakimiyyətinin son zamanlar regionda geosiyasi durumu dəyişmək istiqamətində atdığı addımlar, Rusiyaya yönəlik addımlar təbii ki, Azərbaycana münasibətdə bu narahatlıqların daha açıq formada ifadə olunmasına zəmin yaradır».
F.Qəhrəmanlı hesab edir ki, ABŞ diplomatının dilə gətirdiyi narahatlıq həm də onu göstərir ki, Azərbaycandakı demokratiya problemi geosiyasi məsələyə çevrilib. F.Qəhrəmanlının sözlərinə görə, artıq Qərbdə o fikri qəbul edirlər, Azərbaycanda avtoritarizm, Əliyev hakimiyyəti qaldıqca ölkənin Avropaya inteqrasiyası mümkün deyil: «Bu bəyanatlar onu deməyə əsas verir ki, əgər Azərbaycanda demokratik proseslər genişlənərsə, bu ölkənin xarici siyasət kursunun formalaşması, sabit şəkildə Qərbə inteqrasiya kursunu götürülməsi deməkdir. Çünki aydın görünür ki, İlham Əliyev hakimiyyəti ilə Qərbə nə iqtisadi, nə siyasi, nə də təhlükəsizlik sahəsində inteqrasiya alınmır. Demokratik prseslərə münasibət təkcə dəyərlərə yanaşma deyil, həm də siyasi, təhlükəsizlik maraqları ilə bağlıdır».
Xəyal



