Elxan Şahinoğlu: «Bu sammitdə məqsəd türkdilli ölkələr arasında siyasi, iqtisadi əməkdaşlığı gücləndirməkdir»
Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işə başlayıb. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan liderləri bir araya gələrək gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Türkdilli Dövlətlərin zirvə toplantısının, Rusiyanın yaratdığı “Avrasiya Ittifaqı”nın təsis olunmasından bir neçə gün sonraya təsadüf etməsi, bəzi ehtimalların səslənməsinə səbəb olub. Maraqlı məqam ondan ibarətdir ki, bu zirvə topantısında “Avrasiya Ittifaqı”na üzv olan və yaxın günlərdə üzv olacaq ölkələr də qatılıb. Ekspertlər hesab edir ki, “Türkiyə Ittifaqı”nın fəallaşması Rusiyanı narahat etməyə başlayıb. Başqa bir ehtimala görə, indiki şəraitdə Türkdilli ölkələrin toplanması, “Avrasiya Ittifaqı”nı neytrallaşdırmaq məqsədi güdür.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə-Gürcüstan-Azərbaycan arasında üçtərəfli görüş keçirildi. Daha sonra Türkiyə-Türkmənistan-Azərbaycan formatında müzakirələr aparıldı. Indiki mərhələdə isə, əməkdaşlığın daha böyük formasından söhbət açılır.
Bodrum sammitində türkdilli ölkələr arasında əməkdaşlığı dərinləşdirməyə yönələn bir sıra mühüm anlaşmalar, məsələn, ortaq türk televiziyasının və diaspor mərkəzlərinin yaradılmasına dair sənədlər müzakirəyə çıxarılıb.
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, Türkdilli Ölkələrin sammiti “Avrasiya Ittifaqı”na qarşı yönəlməyib və türk dünyasının birliyinə xidmət edir: “Qeyd etmək lazımdır ki, bu sammitdə iştirak edən dövlətlərin ayrılıqda Rusiya ilə sıx münasibətləri var. Ona görə də ”Türk Ittifaqı”nın Rusiyaya qarşı yönəlməsini real hesab etmirəm. Əgər bu Rusiyanın əleyhinə yönəlsəydi, indi Rusiya həyəcan təbili çalıb, bütün mexanizmlərdən istifadəyə start verərdi. Rusiya bu qurumu özü üçün təhlükə hesab etmir. Digər tərəfdən “Türk Ittifaqı”, “Avrasiya Ittifaqı”na rəqib deyil. Çünki Qazaxıstan, Qırğızıstan “Avrasiya Ittifaqı”na üzv olacaq. Necə ola bilər ki, bu dövlətlər Rusiyanın yanında ola-ola, Rusiyanın əleyhinə çıxsın? Ancaq mümkündür ki, təkbətək görüşlərdə müxtəlif məsələlər müzakirə olunsun. Türkiyənin bu toplantıda məqsədi, türkdilli dövlətlər arasında iqtisadi, siyasi əməkdaşlığı gücləndirməkdir. Bu birliyin başqa uzağa gedən hədəfləri yoxdur”.
Akif


