Məmur övladları yaşlı kişini döydülər FOTO

Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxsin övladları yaşlı kişini vəhşicəsinə döyüblər. Hadisə iyunun 1-də Şəmkirdə baş verib. Məlumatı döyülən şəxsin oğlu Raul Kazımov verib. Onun sözlərinə görə, 01.06.2014-cü il tarixində Şəmkirdə onun azyaşlı övladlarının gözü önündə valideyinlərinə qarşı vəhşicəsinə hücum təşkil olunub: “Hücum edənlər Nəsirov Saleh Teyyub oğlu, Nəsirov İnsaf Teyyub oğlu, Nəsirova Məryam Teyyub qızı və Nəsirova Səbinədir. Bunlar Nazirlər Kabinetində işləyən Teyyub Nəsirovun övladlarıdır. Onlar barəsində artıq cinayət işi açılıb”.

Raul Kazımov hadisənin baş vermə səbəbləri barədə heç bir məlumat verməyib.

Araşdırma zamanı məlum olub ki, Teyyub Nəsirov Nazirlər Kabnetində beynəlxalq əlaqələr şöbəsinin müdir müavinidir.

Şəmkir rayon Polis idarəsinin təhqiqat bölməsinin rəisi Vaqif Heydərov faktı faktı təsdiqləyib: “Hər iki tərəf Gəncə sakinləridir. İndi iş bizdədir, təhqiqat aparılır. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən adam döymə) maddəsi ilə cinayət işi açılacaq” (aznews.az).

Şəmkir Rayon Polis Şöbəsindən “Publika.az-a” verilən məlumata görə, Raul Kazımov  atasının döyülməsi ilə bağlı şöbəyə ərizə ilə müraciət edib. Müraciət əsasında istintaq aparılır.

Polis İdarəsinin təhqiqat bölməsinin rəisi Vaqif Heydərovun sözlərinə görə, iyunun 1-də Raul Kazımov atasının Saleh Nəsirov, İnsaf Nəsirov və Məryəm Nəsirova tərəfindən  döyülməsi ilə bağlı müraciət edib. Bir neçə gün sonra qarşı tərəf R.Kazımov tərəfindən döyüldüyünü iddia edərək ərizə ilə müraciət edib. Lakin onların hadisədən bir neçə gün sonra müraciət etmələri işi bir az çətinləşdirir: “Hər iki müraciət ekspertizaya təqdim edilib, bu barədə araşdırma aparılır. Ekspertizanın nəticəsi bəlli olandan sonra istintaq idarəsinə məlumat veriləcək. Sonrakı araşdırma isə onların nəzarətində olacaq”.

V.Heydərov bildirib ki, tərəflər arasında əvvəldən də məhkəmə iddiası var : “Məryəm Nəsirova  ilə Raul Kazımov ailəli olublar. Ötən ilin noyabr ayında ayrılıblar. Onların üç övladı olub. Ayrıldıqdan sonra uşaqlar ataları ilə birlikdə yaşayıblar. Lakin sonradan Məryəm övladlarını geri almaq istəyib. İyunun 1-də Məryəm və qardaşları yolda Raulun atası ilə qarşılaşıb, azyaşlı uşağı almaq istəyib, o isə razı olmayıb. Nəticədə, Məryəm və qardaşları onu döyüblər. Məryəm və qardaşları isə Raulun onları döydüyünü, uşaqları onlara vermədiyini iddia edir. Bu məsələ ilə bağlı məhkəmədə iş aparılır. Məryəm azyaşlı uşağın zorla alındığını bildirir, qarşı tərəf isə bu iddianı qəbul etmir. Uşaqlar azyaşlı olduğuna görə, məsələnin məhkəmə yolu ilə  həll edilməsi ən yaxşı üsuldur”.

Nazirlər Kabinetinin mətbuat xidmətindən isə Teyyub Nəsirovun həmin qurumda işləyib-işləməməsi ilə bağlı suala cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar Nazirlər Kabinetinə rəsmi müraciət edilməlidir. Yalnız bundan sonra məsələ araşdırılacaq və məlumat veriləcək.