Həbsdəki blogger əfv ərizəsi yazmaqdan imtina edib

Bakı Ağır Cinayətlər Məhkəməsində 19 yaşlı blogger, “Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini olmuş Ömər Məmmədovun məhkəmə prosesi keçirilib.

Məhkəmə iclasında hakim Eldar Mikayılov təqsirləndirilən şəxsin təhsili, harada oxuduğu və ali məktəbə qəbul olunduğu tarix haqda anket məlumatlarını dəqiqləşdirib. Məlum olub ki, Ömər Kiprdə universitetin ikinci kurs tələbəsi olub.

Daha sonra vəkil Xalid Bağırov müdafiə etdiyi şəxsin məhz facebook-dakı fəaliyyətinə görə narkotiklə şərlənərək həbs edildiyini vurğulayaraq, bununla bağlı sübutların məhkəmə tərəfindən araşdırılmasını istəyib. O bildirib ki, “Facebook” sosial şəbəkəsində “AzTV-dən seçmələr” səhifəsi ilə bağlı Ömərin atasının idarəyə çağırılması və təzyiq edilməsi barədə Ömərlə anası arasında oktyabr və dekabr aylarında “Skype” proqramı vasitəsilə yazışmalar olub: “Ömər Məmmədov məhz bu səhifənin idarəçiliyi ilə bağlı Bakıya gəldikdən bir gün sonra polis bölməsinə aparılıb. Bütün bunları sübut etmək üçün Ö.Məmmədovun anasının profili ilə Skype proqramına daxil olub, bu yazışmaları araşdırmağınızı xahiş edirəm”.

Prokuror vəsatətin əleyhinə çıxdı. Elə məhkəmənin də vəsatətlə bağlı qərarı prokurorun qərarına uyğun oldu.

Növbəti məhkəmə iclası iyinun 13-nə təyin olunub. Növbəti iclasda prokurorun çıxış edərək, Ömər Məmmədova cəza istəyəcəyi gözlənilir.

Yeri gəlmişkən, məhkəmə iclası başlamamışdan əvvəl Ömər Məmmədov prosesi izləməyə gələnlərə məlumat verib ki, ona da əfv ərizəsi yazmaq təklif olunub, lakin o, imtina edib.