Bayılda sürüşmə prosesi aktivləşəcək

Ərazinin sürüşmə zonasında qalxıb-enmə prosesi gedir

Fövqəladə Hallar Nazirliyi Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli istiqamətində iş aparıldığını bəyan edib. Qurumun mətbuat xidmətindən “trend”ə verilən məlumata görə, Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli məqsədilə yerli mütəxəssislərdən ibarət işçi qrup yaradılıb və bu məsələ üzrə Yaponiyanın “Şinyei Kaişa Korporeyşn” ilə Hollandiyanın “Vitteven Bos” şirkətlərinin ekspertlərini işə cəlb edib.

Yerli mütəxəssislər və xarici ekspertlərin 800 hektar ərazidə topogeodeziya işləri apararaq 101 geoloji və hidroloci quyu qazdığı, həmçinin monitorinq şəbəkəsi yaradıb 3 mərhələdən ibarət ardıcıl tədbirlər həyata keçirdiyi bildirilib: “Ilk olaraq, əks ağırlıq yaratmaq üçün sürüşmə sahəsinin dil hissəsində istinad divarına paralel olaraq hər birinin hündürlüyü 5 metr olan 4 terras yaradılıb. Bunun üçün əraziyə 155 min kubmetr torpaq verilib. Yeraltı suların səviyyəsinin 3 metr aşağı düşməsi üçün sürüşmə sahəsində drenac quyusu qazılıb, nəticədə son 8 ay müddətində yeraltı suların səviyyəsi 95 sm enib.

Nəhayət, dayanıqlıq faktorunu artırmaq üçün T.Bağırov küçəsinin şərqində 112 metr uzunluğunda svaylardan ibarət istinad divarı yaradılıb. Hazırda 55 svay vurulub, 55-i isə vurulacaq”.

Qurumdan bu tədbirlərdən sonra Bayıl sürüşmə ərazisində stabilləşmənin təmin olunacağı da bildirilib.

Ekoloq Telman Zeynalov problemə diqqəti çəkərək deyir ki, hazırda Bayılda qalxma-enmə prosesi gedir. Ərazinin dağlıq hissəsində qalxmanın müşahidə edildiyini söyləyən ekoloq,  nəticədə sürüşmə prosesinin aktivləşəcəyini bildirir: “Fövqəladə Hallar Nazirliyi orada işlər həyata keçirirsə, sürüşmənin qarşısı bəlkə də alınar. Amma ərazidəki qalxmanı nəzərə almasalar və prosesi davam etdirsələr, sürüşmənin qarşısını almaq mümkün olmayacaq. Orada dağın qalxması prosesini mütləq nəzərdə saxlamaq lazımdır”.

T.Zeynalov xatırladır ki, Böyük Qafqaz və Kiçik Qafqaz ərazisində dağ əmələgəlmə prosesi tam formalaşmayıb. Ona görə də bu proses hələ də davam edir. Həmin müddətdə dənizin də səviyyəsinin 70 sm artacağını deyən ekoloq, yamacdakı qalxmanın birbaşa suyun səviyyəsinin də artmasına gətirib çıxaracağını düşünür: “Belə bir proses varsa, reallığı qəbul edib başqa tədbirlər həyata keçirmək lazımdır”.

Nigar