AXCP-nin qərargahı ilə bağlı məhkəmə niyə uzadılır?

Nərimanov Rayon Icra Hakimiyyətinə qarşı 3 milyon 500 min manatlıq iddia qaldırılıb

AXCP-nin icarəyə götürdüyü və martın 3-də partladılaraq, ertəsi gün sökülən mülkün sahibi Azər Əsgərovun iddiası üzrə 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində dünənə təyin olunan məhkəmə iclası baş tutmayıb. Hakim məhkəmə prosesinin təxirə salınmasının səbəbini açıqlamayıb. Azər Əsgərov mülkünün qanunsuz sökülməsində Nərimanov Rayon Icra Hakimiyyətini günahkar sayaraq, məhkəməyə müraciət edib. Iddiaçı ona dəymiş ziyana görə 3 milyon 500 min manat təzminat ödənilməsini tələb edir.

Azər Əsgərovun nümayəndəsi, tanınmış hüquqşünas Namizəd Səfərov “mediaforum”a deyib ki, məhkəmə iclası iyunun 18-nə təyin edilib: “Müddəti uzatmağın məqsədi məhkəmənin də çıxılmaz vəziyyətdə qalmasından irəli gəlir. Nərimanov Rayon Icra Hakimiyyətindən gələn nümayəndə bildirib ki, burada bizə aid heç nə yoxdur, kompensasiya ödəməyi Fövqəladə Hallar Nazirliyi boynuna götürüb. Məhkəmə qərar qəbul etməlidir, ancaq yeganə çıxış yolunu vaxtı uzatmaqda görür”.

Azər Əsgərov isə deyir ki, əmlakını ondan icazəsiz, razılığı olmadan söküblər: “Həmin vaxtdan 3 ay keçib, amma mənə nə kompensasiya, nə də əşyalarımın pulunu ödəyirlər. Mənzil qanunvericiliyinin 28-ci maddəsinə əsasən, hər hansı ev partlayış, yanğın kimi hallardan yararsız hala düşübsə, ev sahibi həmin yeri verilən vaxt ərzində təmir etməli, edə bilmirsə, bazar qiymətilə satışa çıxarmalıdır. Əgər mülk satılmasa, icra hakimiyyəti həmin yeri ala bilər. Mülküm məhkəmə qərarı olmadan söküldüyü üçün Nərimanov Rayon Icra Hakimiyyətini məhkəməyə vermişəm, maddi-mənəvi təzminat istəyirəm. Tələbimiz odur ki, mənə 2 milyon manat mülkümün dəyəri, 500 min manat içərisindəki avadanlığın pulu, 1 milyon manat da mənəvi təzminat ödənilsin. Həyətdəki üç qonşuya ev veriləcəyi haqda sənəd təqdim edilib. Hamısına aylıq kirayə haqqı da ödənilir. Mən də kirayədə qalıram, bu vaxta qədər mənə heç nə verilməyib. Mülkü AXCP-yə qərargah kimi verdiyim, onlardan geri almaq haqda ”yuxarıların” sifarişini yerinə yetirmədiyim üçün sanki mənimlə şəxsi-qərəzlik edirlər”.