
«Azərbaycan qadını qara geyimdə» hərəkatı necə yarandı
1999-cu ildə ATƏT-in Istanbul sammitində Qarabağın ermənilərə verilməsini rəsmiləşdirən sənədə etiraz olaraq hüquq müdafiəçisi Leyla Yunus, “Azərbaycan qadını qara geyimdə” hərəkatını yaratmışdı.
Qeyd edək ki, dünya üzrə bu hərəkat ilk dəfə Israil qadınları tərəfindən yaradılıb. Sonradan “qara geyimli qadın” hərəkatı ABŞ, Yuqoslaviya və Ispaniyada geniş vüsət alıb.
Leyla Yunus da həmin dövrdə bu hərəkatı yaradaraq, Azərbaycan qadınlarının bu aksiyaya qoşulmasını təklif etmişdi. Bu barədə həmin dövrün mətbuat səhifələrində geniş yazılıb. Leyla Yunus həmin dövrdə çıxış edərək söyləyir ki, türk dünyasının alnına damğa vurulmasına imkan verməyək.
Bu tarixi məqamları xatırlamağa ona görə ehtiyac duyduq ki, bugün Azərbaycan hakimiyyəti Leyla Yunusa “ermənipərəst” damğası vurur və Azərbaycana qarşı xəyanətdə ittiham edir.
Həmin dövrdə də Leyla Yunus hakimiyyətin ona qarşı təzyiqlər göstərdiyini, təqiblərə məruz qaldığını bildirirdi. Başına qara yaylıq bağlayıb, erməni işğalına etiraz edən qadını, başı korrupsiyaya qarışanlar ittiham edir.
15 il bundan əvvəl baş verənlər və bugün də davam edənlər onu göstərir ki, Leyla Yunus bütün fəaliyyəti dövründə öz prinsiplərinə sadiq qalmış və ədalətsizliyi ifşa etməyə çalışmışdı.
Onu da qeyd edək ki, Leyla Yunus “haqq” yoluna qayıdıb, həqiqətən də “ermənipərəst” olsaydı, indi “Şərəf” və “Şöhrət” ordeni daşıyardı.
Və bir daha aydın olur ki, ölkədəki haqsızlığı dünyaya çatdıranların, Qarabağın işğalına etiraz edənlərin, hakimiyyətin ünvanına tərif yağdırmayanların, hər an potensial “ermənipərəst”ə çevrilmək ehtimalı var.
Indi Qarabağsızlığa qara yaylıqda etiraz edən qadına, Qarabağı “Lazım”ın ümidinə buraxan kişilər etiraz edir.
Akif




