Hakimiyyət “nurçu”larla üzülüşmək istəmir

Elxan Şahinoğlu: «Hakimiyyət çətin vəziyyətə düşüb və Gülənçilərlə körpüləri yandırmaq istəmir»

Bir müddət öncə ölkədə “nurçu əməliyyatı”na start verildi və bu şəbəkə ilə bağlılığı olan bir neçə adamlar həbs olundu, vəzifədən çıxarıldı. Məlum olduğu kimi “nurçu”ların hədəf alınması prosesi Ərdoğanın Bakı səfərindən sonra daha da canlandı. Hətta rəsmi mətbuat da Ərdoğanın Ilham Əliyevə “nurçu siyahısı” təqdim etdiyini təkzib etmədi. 

Ancaq bir müddət sonra “nurçu”larla bağlı məsələdə tormozlanma müşahidə olundu və müxtəlif ehtimallar səsləndi. Daha çox belə bir ehtimal səslənirdi ki, hakimiyyətin Fətullah Gülən camaatı ilə ortaq maraqları var və Ərdoğana görə bu əlaqələri tamamilə məhv etmək hakimiyyətə sərf etmir.

Bugünlərdə Britaniyalı jurnalistin yazdığı məqalə, səslənən fikirlərə daha da aydınlıq gətirdi. Belə ki, Britaniyalı jurnalist Rosi Qrey məşhur “BuzzFeed” saytında dərc olunmuş son məqaləsində yazır ki, Azərbaycan özünün neft sərvətini siyasi dəstəyə çevirmək məqsədilə ABŞ millət vəkillərinin qəlbini və beynini ələ almaq üçün sürgündəki Türkiyə vaizi və Texas qubernatoru Rik Perrinin bacısı ilə birlikdə geniş kampaniyaya başlayıb.

Məqalədə deyilir ki, 2013-cü ildən bəri ABŞ-ın 17 ştatındakı yerli millət vəkilləri Azərbaycana aid müxtəlif qətnamə və memorandumlar qəbul ediblər. Qətnamələrin ümumi cəhəti bundan ibarətdir ki, onların layihələrini yerli qanunvericilik orqanlarına təqdim edən millət vəkilləri bir qayda olaraq, “Turquoise Council for Americans and Eurasians” adlı qeyri-hökumət təşkilatının 2013-cü ilin mayında Bakıda keçirdiyi konfransda iştirak ediblər. Məqalədə qeyd olunur ki, Hyustonda qeydiyyatdan keçmiş bu təşkilat ABŞ-da mühacirətdə olan və hazırda Türkiyə hökumətilə qarşıdurmaya çıxmış Fətullah Gülənin Hizmet hərəkatı ilə bağlıdır. Rosi Qrey yazır ki, həmin millət vəkilləri Azərbaycan hakimiyyətinin lobbiçiliyini həyata keçirir və müxtəlif ştatlarda bu istiqamətdə təbliğat həyata keçirirlər.

Siyasi şərhçi Elxan Şahinoğlu bildirdi ki, hakimiyyət hər zaman “nurçu”larla isti münasibətdə olub: “Əgər yaxın keçmişə nəzər salsaq görərik ki, Türkiyədən ölkəyə gələnlər içərisində məhz Gülən camaatına yaxın olan şəxsləri tanımışıq. Həmin dövrdə Azərbaycan üçün də maraqlı idi ki, bu adamlar vasitəsilə Türkiyəyə çıxış əldə etsinlər və Fətullah Gülənin dünyadakı təmaslarından yararlana bilsinlər. Əslində, bu normal haldı və bu şəxlərə Türkiyədən gələn qardaşlarımız kimi yanaşılırdı. Fətullah Gülənin Türkiyədə də böyük nüfuzu var idi. Sonradan isə, Ərdoğan başa düşdü ki, bu şəbəkə getdikcə böyüyür və bəzən öz maraqlarını dövlət maraqlarından üstün sayır. Ona görə getdikcə Gülən cammatına qarşı Ərdoğan hakimiyyətinin mübarizəsi gücləndi”.

Ekspert onu da əlavə etdi ki, Azərbaycan hakimiyyətinin bu gün də Gülən şəbəkəsindən istifadə etməsi realdır:  “Fətullah Gülənin ABŞ-da, Ingiltərədə güclü əlaqələri varsa, Azərbaycan hakimiyyətinin bu əlaqələr vasitəsilə öz təbliğatını aparması real görünür. Yaxud, ola bilər ki, həmin adamlar hakimiyyətə öz xidmətlərini təklif ediblər. Digər məqam ondan ibarətdir ki, Türkiyədə Fətullah Gülənə qarşı mübarizənin başlanması Azərbaycan hakimiyyətini də çətin vəziyyətə salıb. Bir tərəfdən Ərdoğan tələb edir ki, Azərbaycan hakimiyyəti Gülən camaatı ilə əlaqələrə son qoysun, digər tərəfdən də Azərbaycan hakimiyyəti Gülən cammatı ilə körpüləri yandırmaq istəmir. Ona görə də ”nurçu”lara qarşı mübarizə bugünə qədər kosmetik xarakter daşıyıb. Hazırda hakimiyyət çətin seçim qarşısındadır”.

Akif