
Brüsseldə Azərbaycanın və Türkiyənin Avropadakı bir sıra diaspor təşkilatları ilə Azərbaycan Diasporla Iş üzrə Dövlət Komitəsi arasında görüş keçirilib.Görüşdə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, “Belkad” Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Abbas Uçar, “Dayak” Azərbaycan-Türkiyə-Belçika Dostluq Cəmiyyətinin sədri Asəf Bağırov və Avropalı Türk Demokratlar Birliyinin təmsilçisi Ethem Kışlalı iştirak edib.
Görüşdə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb. O, Benilüks ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının türk icmaları ilə əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
“Belkad” Qarabağ Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Abbas Uçar isə bildirib ki, hazırda Belçikanın Fransa ilə sərhədində yerləşən Hensies şəhərində Xocalı soyqırımı abidəsinin ucaldılmasına dair yerli bələdiyyə ilə danışıqlar aparılır. O, rəhbərlik etdiyi təşkilatın sırf siyasi istiqamətdə fəaliyyət göstərdiyini və digər türk təşkilatları, həmçinin diaspor fəalları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.


