1 milyon manatlıq oğurluqla bağlı yeni təfərrüatlar

Ramil Imaməliyev oğurladığı pulun 450 min manatını onu hədələyən polislərə verib

Aprelin 11-də Xırdalanda yerləşən “Karmen” şirkətinin ofisindən 1 milyon manat oğurlayan şəxslə bağlı daha bir maraqlı məqam üzə çıxıb.

Lent.az-ın məlumatına görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə “Karat” MMC-dən oğurluq etdiyinə görə tutulmuş 28 yaşlı Ramil Imaməliyev bu il mayın 1-də özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirov tərəfindən aldadılıb. Həmin şəxslər özlərini polis kimi təqdim ediblər və Ramil Imaməliyevi “KIA” markalı avtomobilə oturdub Xırdalan şəhərinin ərazisinə aparıblar. Burada 1 milyon manat oğurlamış şəxsə hədə-qorxu gələrək, oğurlanmış puldan 450 min manatını alıblar.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulub.

Faktla əlaqədar daha bir cinayət işi başlanıb.

Qeyd edək ki, Səməd Vurğun küçəsi 41-də yaşayan R.Imaməliyev artıq 2 dəfə oğurluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. “Karmen”də törətdiyi talan isə onun üçüncü oxşar əməlidir.

R.Imaməliyev istintaqa ifadəsində deyib ki, aprelin 11-nə keçən gecə ofisin damından keçərək seyfdəki 1 milyon manat pulu hissə-hissə çıxarıb. Daha sonra o, pulu bir neçə yerə ayırıb və 200 min manatı Qobu qəsəbəsinin qəbiristanlığına gətirərək babasının baş daşının altına qoyub. 28 yaşlı oğlan yerdə qalan pula özünə son model “Infiniti” markalı avtomobil alıb. Həmçinin “Mercedes” markalı başqa avtomobil də alaraq qardaşına hədiyyə edib.