Türkmənistandakı qasırğa Bakıda tozanağa səbəb oldu

Telman Zeynalov: «Tozanaq Qazaxıstandan gəlsəydi, ərazilərimizdə yenidən duzlaşma baş verərdi»

Bakıda və Abşeron yarımadasında bir neçə gündür müşahidə olunan tozlu hava şəraiti Türkmənistandan gələn hava kütlələri ilə bağlıdır. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, 2-3 gündür şərq axınlarının üstünlüyü müşahidə olunur: “Artıq bir neçə gündür, şərq istiqamətli külək əsir. Türkmənistandan sahilyanı ərazilərə nisbətən tozlu hava kütlələri daxil olur. Bu, özünü daha çox Abşeron yarımadasında göstərir. Zəif külək müşahidə olunduğundan həmin toz kütlələrinin səpələnərək dağılması hələlik mümkün olmur”.

Ekoloq Telman Zeynalov da “Azadlıq”a açıqlamasında bildirib ki, bir neçə gün öncə Türkmənistanda güclü qasırğa olub. Bakıda müşahidə olunan hava da qasırğanın səhralardan gətirdiyi tozanaqdır. Ekoloqun sözlərinə görə, şimal-şərq və cənub-şərq küləyi əsməklə tozanağı qaldırıb və Azərbaycana gətirib: “Yaxşı ki, bu hava kütləsi Qazaxıstandan, Özbəkistanla Qazaxıstan arasındakı Aral dənizindən  gəlməyib. Çünki külək oradakı duzlaqları da özüylə Azərbaycana gətirərdi. Bu da bizim ərazilərdəki torpaqların ciddi şəkildə şoranlaşmasıyla nəticələnə bilərdi. Bu da kənd təsərrüfatına çox böyük ziyan vura bilər”.

Ekoloq əlavə edir ki, ötən gün paytaxtda şimal-şərq və şərq küləyi əsdiyi üçün qasırğanın fəsadlarını da özü ilə gətirib. Türkmənistanda baş verən güclü qasırğanın bu fəsadlarının nə qədər davam edəcəyi hələlik bilinmir.

Nigar