İdarə rəisi olmaq üçün 100 min rüşvət

Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluq edilib. Səbail rayon Polis Idarəsinden APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Isaxan Teymur oğlu Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ilin may ayında Nəsimi rayonu ərazisində Ağdur adlı şəxsə (soyadı bilinmir) 100 min manat pul verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin sonuncu pulu alaraq vədinə əməl etməyib.
Isaxan Babayev 2011-ci ildə vəzifəyə təyinat alıb. Lakin Misir Mərdanov təhsil naziri vəzifəsinden getdikdən sonra Isaxan Babayev də işdən çıxarılıb.
Misir Mərdanov məsələyə münasibət bildirib. O, publika.az-a açıqlamasında deyib: “Mən bu məsələ ilə bağlı maraqlanıb öyrəndim. Deməli, o adamı mən təhsil naziri vəzifəsindən gedəndən sonra işdən çıxardıblar. O, yerinə qayıtmaq üçün kiməsə 100 min pul verib. Bu hadisə də məndən sonra baş verib. Isaxan Babayevi isə elə yaxşı tanımıram. Çünki onunla az işləmişəm. O, Təhsil Nazirliyinin Tikinti Idarəsinin rəisi olub”.