Bayden Poroşenkonun inaqurasiyasında iştirak edəcək

ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynanın yeni prezidenti seçilmiş Petr Poroşenkonun inaqurasiyasında iştirak etmək üçün yenidən Kiyevə səfər edəcək.

Ağ Evin verdiyi açıqlamada Baydenin şənbə günü Kiyevdə inaqurasiya mərasimində iştirak edəcəyi bildirilir.

ABŞ-ın vitse-prezidentinin Ukraynanın digər liderləri ilə də görüşü planlaşdırılıb.

Co Bayden Ukraynaya ölkənin şərqində hökumət qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında toqquşmaların baş verdiyi bir zaman səfər edir. Bundan əvvəlki səfəri zamanı vitse-prezident Bayden Kiyev hökumətinə dəstəyin artırılmasına çağırmışdı. Co Bayden NATO müttəfiqlərini ABŞ-ın öz təəhhüdlərinə sadiq qaldığına əmin edərək, rəsmi Vaşinqtonun Ukraynada böhrana cavab addımlarının reallaşmasında yaxından iştirak edib.