Rauf Vəliyev kimin yaxın qohumudur?

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nin rəhbəri barədə yeni məlumat

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyevin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevə yaxın şəxs olduğu barədə yazılıb. Qeyd edək ki, dövlət başçısı Ilham Əliyevin 

22 oktyabr sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyi Idarəsi və ARDNŞ-in Xəzər Dəniz Neft Donanması ləğv edilərək, onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Nəticədə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov işdən çıxarılıb. Yeni quruma isə Rauf Vəliyev təyin edilib. Rauf Vəliyev bu təyinatadək ARDNŞ-in Nəqliyyat Idarəsinin rəisi vəzifəsində çalışıb. Elə bu baxımdan da onun Rövnəq Abdullayevə yaxın şəxs olduğu iddia edilir. Həmçinin bildirilir ki, Ilham Əliyevin bu təyinatı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Rövnəq Abdullayevin nəzarətinə keçib. Hətta bu məsələyə görə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Rövnəq Abdullayevin arasında münasibətlərin kəskinləşdiyi barədə məlumatlar yayılıb. Qeyd edək ki, Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin keçmiş rəisi Aydın Bəşirov Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən şəxs olub.

Dünən əldə etdiyimiz məlumata görə, Rauf Vəliyev Azərbaycan hakimiyyətində təmsil olunan səlahiyyətli şəxslərdən birinin qohumudur. Məlumatda bildirilir ki, o, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun kürəkənidir. Onun bu posta gəlməsində bu amilin də rol oynadığı bildirilir. Yeri gəlmişkən, Valeh Ələsgərov da əvvəllər ARDNŞ-də idarə rəisi vəzifəsində çalışıb.